İlham İsmayıl: “Şərti sərhədin Kəlbəcər-Laçın istiqamətində, Qarabağda təxribatlar davam edəcək”
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribatlarına ara vermirlər. İyunun 27-si saat 20:05-də separatçı silahlılar tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
“Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Erməni separatçılarının təxribatına Azərbaycan Ordusu sərt şəkildə cavab verib. Erməni mediasının yaydığı məlumata görə, qanunsuz erməni silahlı dəstələrinin 5 əsgəri ordumuz tərəfindən məhv edilib.
Rəsmi açıqlama verilməsə də, yerli mediada Azərbaycan Ordusunun bu əməliyyatı şərti olaraq “Qəzəb” adlandırılır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı daha bir məlumatda isə qeyd edilib ki, iyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Xatırladaq ki, baş verən təxribatlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən sülh danışıqları ərəfəsində baş verir. Ekspertlər bu baxımdan, təxribatların təsadüf olmadığı qənaətini bölüşürlər.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya müsahibəsində bildirib ki, təxribatlar dünən də vardı, bu gün də var, sabah da olacaq:
- Ona görə də hesab edirəm ki, bizi bu, təəccübləndirməməlidir. Təxribatlar təkcə Qarabağdakı separatçılar və ya şərti dövlət sərhədində Ermənistan ordusu tərəfindən deyil, eyni zamanda, havadarlar tərəfindən də həyata keçirilir. Nazirlərin Vaşinqton danışıqları zamanı təxribatlar proqnozlaşdırılırdı. Çünki bu, ilk belə hal deyil. Sadəcə kəşfiyyat məlumatlarına əsasən deyil, məntiqi təhlil də bunu deməyə əsas verirdi. 44 günlük müharibə bitəndən bu yana görmüşük ki, həmişə Qərb platformasında hansısa danışıqlar, müəyyən razılaşmalar, tərəflərin yaxınlaşması baş verən kimi, mütləq təxribatlar baş verir. Bu dəfəki təxribat şərti dövlət sərhədində yox, Qarabağda separatçılar tərəfindən həyata keçirildi. Bunun da səbəbi var.
- Hansılardır o səbəblər?
- Vaşinqtonda faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və perspektivləri müzakirə olunur. Danışıqlarda sülh sazişinin imzalanmasına səylər göstərilir. Buna isə Qarabağdakı qondarma rejim, yəni separatçılar və onlara havadarlıq edən Rusiya qarşıdır. Baxın, Vaşinqtonda XİN başçılarının görüşü keçirilir, Qarabağda təxribat törədilir, terrorçular Azərbaycan Ordusu tərəfindən cavablarını alırlar və ardınca “diplomatik” təxribat baş verir. Qondarma qurumun “parlamenti” təcili toplanır və “spiker” Tovmasyan çağırış edir ki, Vaşinqton danışıqları dayandırılsın. Sual olunur: təxribat Azərbaycanın daxilindəki separatçılar tərəfindən törədilibsə, Vaşinqtondakı danışıqlar isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi ətrafında gedirsə, danışıqlar niyə dayandırılmalıdır?! Axı rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir. Azərbaycanın bu qəti mövqeyini separatçılar da, havadarlıq edən Rusiya da bilir. Düzdür, məsələnin kökündə hər zaman Qarabağ dayanıb, amma faktiki olaraq, Vaşinqton görüşünün predmeti Qarabağ deyil. Azərbaycan hər zaman bəyan edib ki, Qarabağ daxili məsələmizdir və bu, beynılxalq müstəviyə çıxarılmayacaq. Demək ki, separatçılara həm hərbi, həm də “diplomatik” təxribat göstərişini verən qüvvə var. Təbii ki, belə təxribatların baş verməsi İrəvanın da marağındadır. Ermənistanın təxribatlarda maraqlı olmadığını demək yanlış olardı.
- Separatçıların təxribatı nəticəsində Azərbaycan əsgəri yaralanır və ardınca ordumuz “Qəzəb” əməliyyatı ilə beş separatçı terrorçunu məhv edir. Ümumiyyətlə, Qarabağdakı separatçılar da, Ermənistan ordusu da hər təxribat törədəndə layiqli cavabını alır. Sual olunur, hər təxribatında məhv edilən ermənilərə bu dərs olmurmu?
- Vətən müharibəsindən keçən müddət ərzində keçirilən əməliyyatlarda – “Qisas”, “Qəzəb” əməliyyatlarında başları əzilsə də, görünür onlara dərs olmur. Çünki təxribat törədilir, ardınca beynəlxalq ictimaiyyətə müraciətlər, yalvarışlar edilir. Bu, ümumilikdə, ermənilərin siyasətidir, təkcə separatçıların deyil. Təxribatlarda hər zaman maraqlı olan çoxlu qüvvələr var. Ermənistandakı Rusiyaya bağlı qruplar, Qarabağdakı separatçılar, xaricdəki erməni diasporu – bütün bunların hər zamankı siyasəti terror-təxribat olub. Bundan biz təəccüblənməməliyik.
- Belə olan halda, Azərbaycan hansı addımı atmalıdır?
- Azərbaycan siyasətini daha da sərtləşdirməlidir. Çünki ermənilər sərt dildən anlayırlar. Təxribatlar istər Qarabağda, istərsə də Qazaxdan tutmuş Zəngilanadək, Naxçıvan istiqamətində, bütövlükdə sərhəd boyu gözləniləndir. Daha çox şərti sərhədin Kəlbəcər-Laçın istiqamətində, Qarabağda təxribatlar davam edəcək. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bütün təxribatların qarşısını qətiyyətlə almağa qadirdir, ayıq-sayıqdır. Düşünürəm ki, istənilən təxribat cəhdinin qarşısı sərt şəkildə alınmalıdır, təxribatlara amansız şəkildə cavab verilməlidir.
Eyni zamanda, Qarabağda qətiyyətli, nəticəyə gətirib çıxaran addımlar atmaqdır. Bu addımlardan biri Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin oradan çıxarılması olmalıdır. O silahlıların ərazimizdə olması sülhə ən böyük təhlükədir. Son təxribatları məhz həmin qeyri-qanuni silahlılar, terrorçu dəstələr törətdilər. Düzdür, onlara qanunsuz silahlılar deyirik, amma onlar məhz Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan silahlılardır. Onların ayağı Qarabağdan kəsilməyincə, təxribatlar da baş verəcək, problem də həll olunmamış qalacaq.