Baş Prokurorluq: uçuş surəti uçuş təlimatlarına zidd olaraq normadan artıq olub
Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülən və qəza anında qeydə alınan uçuş parametrlərini açıqlayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.





