Sorğunun nəticələri Şuşa şəhərində elan edilib
Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan ordusunun əks-hücum əməliyyatı döyüş toqquşması ilə nəticələndi. Azərbaycan ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısı alındı.
Bir müddət əvvəl Azərbaycan Ordusunun “Qisas” əməliyyatının ardından ermənilərin törətdiyi növbəti genişmiqyaslı təxribatlara cavab olaraq ordumuzun humanitar prinsiplər, hərbi əxlaq, şərəf və ləyaqət prinsiplərinə söykənən qətiyyətli və cəmi 7 saat davam edən unikal cavab əməliyyatı nəticəsində bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü.
Azərbaycan ordusunun Ermənistanın təxribatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Laçın və Kəlbəcər istiqamətlərində Ermənistan ordusu xeyli sayda canlı qüvvə itkisi verdi və Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri məhv edildi.
Azərbaycan qalib dövlət statusunun fövqündə beynəlxalq tanınmış sərhədlərini bərpa etməklə və Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimiz öz canlarını düşmənin yeni təcavüz planlarının qarşını almaq üçün qurban verməklə bir daha təhlükəsizliyimizə və suverenliyimizə qarşı istənilən təxribatın qarşısını almaq qüdrətində olduğunu bütün dünyaya göstərdi.
AYNA xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələri Şuşa şəhərində elan edilib.