Qəribə format, anlaşılmaz mənzərə - Özüm yoxam, bayrağım ordadır

Siyasət

15.12.2021 - 21:18

Dekor elementinin bayraq və ya kresloda oturan insan olmasının nə fərqi var?

Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) İctimaiyyətlə əlaqələr idarəsi Moskvada baş tutan “3+3” formatında (əslində, Gürcüstan bu formatda iştirakdan imtina etdiyi üçün “3+2”) görüşdə Gürcüstan bayrağının istifadəsini “qəbuledilməz” adlandırıb. Bu barədə “Qruziya Online” məlumat yayıb.

“Dekabrın 10-da Moskvada keçirilən görüşdə masaya Gürcüstan bayrağı da qoyulub ki, bu da bizim üçün təbii olaraq qəbuledilməzdir və müvafiq diplomatik kanallardan istifadə etməklə buna reaksiya vermişik. Gürcüstan tərəfi bir neçə dəfə “3+3” regional formatı ilə bağlı öz dəqiq mövqeyini müəyyən edib – biz Gürcüstanın bu formatda iştirakını məqbul hesab etmirik”, - deyə XİN-in bəyanatında bildirilir.

Dekabrın 10-da Moskvada “3+3” formatında ilk görüş baş tutub. Görüşdə Gürcüstanın nümayəndələri iştirak etməyiblər. Buna baxmayaraq, iclas zalında digər ölkələrin bayraqları ilə yanaşı, Gürcüstanın bayrağı da yerləşdirilib. Bundan əlavə, Rusiya XİN açıqlama verib ki, beş ölkənin nümayəndələri “qapı”nın açıq qaldığını, Gürcüstan platformasının işinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Rusiya XİN-in saytında press-reliz dərc olunub, ona əsasən, görüşün nəticələri barədə Gürcüstan tərəfinə də məlumat verilib.

Maraqlıdır ki, bütün mümkün səviyyələrdə Gürcüstan bu regional təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. Amma nə olursa olsun, Tbilisini inadla bu təşəbbüsə - “Altılıq platforması”na cəlb etməyə çalışırlar. Gürcüstan hökuməti görüşə öz nümayəndələrini belə, göndərməyib, amma orada bayraqlarını asıblar və iclasdan sonra onun nəticələri barədə bildiriş də göndəriblər.

Bir növ qəribə vəiyyət yaranır. Bütün bunlar kimə lazımdır? Axı, hətta axmağa da bəllidir ki, illər boyu torpaqlarınızı işğal altında saxlayan, ən azı ayda bir dəfə vətəndaşlarınızı oğurlayan, təmas xəttindəki tikanlı məftilləri suveren dövlətin ərazisinə çəkməklə, sürünən işğal siyasətini davam etdirən biri ilə masa arxasında oturub işbirliyindən söhbətə başlamaq - özünə qarşı tam hörmətsizlik etmək deməkdir. Bu sadə həqiqətlər hər kəsə aydındır. Yaxşı, bəs məsələ nədədir?

AYNA-nın suallarına qonşu ölkənin tanınmış ekspertləri cavablandırıblar.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti, politoloq Gela Vasadze:

“Bilirsiniz, mən də bu haqda fikirləşdim və belə bir qənaətə gəldim: G7 liderlərinin siyasi təcridinin getdikcə dərinləşdiyi şəraitdə və Pekindən Rusiyaya sadiq dost çıxmayacağını mükəmməl dərk edən Putin at gedişi etdi və Türkiyənin bu bölgədə müəyyən varlığını tanımaq qərarına gəldi. Qeyd edirəm, Cənubi Qafqazda türk maraqları deyəndə, mən vurğulayıram, ki,  biz yalnız Azərbaycandan danışırıq. Çünki, bu maraqlar Rusiya Federasiyasının maraqlarına xələl gətirmədən təmsil olunmalıdır.

Ərdoğan üçün bu, böyük bir irəliləyişdir, çünki o, Moskvaya baxmadan Azərbaycan siyasi elitasının islahatları istiqamətində səylərini artırmağa imkan verəcək. Lakin bu, uzun və çətin prosesdir və bunu hamımız başa düşürük. Bu, and içmiş iki dostun bir növ sağ qalmaq uğrunda oyunudur. Əsas mübarizə meydanı isə Azərbaycandır.

Ermənistanla hər şey az-çox aydındır - burada Ankara Moskvanın təsirini şübhə altına almır, Paris isə rəqib yox, yalnız əlavə rolunda çıxış edir.

Soruşursunuz ki, Gürcüstan və İranın bununla nə əlaqəsi var? Cavab verəcəyəm: ümumiyyətlə, Rusiya və Türkiyə üçün heç bir əhəməiyyəti yoxdur - bunlar zəruri dekorativ elementlərdir. Sadəcə olaraq, İran bu şouda iştirak etməyə razılıq verdi, lakin Tbilisi bunu etmir. Ancaq bayraq qoyuldu, dekor elementi kimi gedər. Dekorun elementinin bayraq və ya kreslodakı adamın olmasının nə fərqi var? Bu görüşdən fotoları görmüsünüz? Bu formatda nə həll edilə bilər ki?”.

Siyasi və hərbi elmlər doktoru, professor Vaxtanq Maisaya:

“Gürcüstan faktiki olaraq bu formata qoşulmağa məcbur edilir, bu isə o deməkdir ki, Türkiyə və Rusiya artıq 1921-ci ildə olduğu kimi Gürcüstana qarşı oyun qurub - belə çıxır. Hesab edirəm ki, bu format bizim milli maraqlarımıza uyğun gəlmir: birincisi, çünki bizim strateji tərəfdaşlarımız orada iştirak etmir, ikincisi, Gürcüstan faktiki olaraq Rusiya Federasiyası ilə, yəni Kreml rejimi ilə üz-üzə qalır. Bunun isə təbii olaraq Gürcüstan üçün fəlakətli nəticələri olacaq.

Tbilisi öz növbəsində daha bir təşəbbüs irəli sürüb, onun öz versiyası “Format 3” (Gürcüstan, Ermənistan, Azərbaycan) daha çox Cənubi Qafqaz ölkələrinin maraqlarına uyğundur. Hesab edirəm ki, üç ölkə 1919-cu ildə olduğu kimi, regional təhlükəsizliklərini birgə yaratmaq üçün ümumi problemlərə və çağırışlara qarşı birləşməlidir. Bu, bizim o vaxtkı dövlətlərin maraqlarına uyğun idi.

Hesab edirəm ki, indi də eyni şey baş verir, vəziyyət dəyişməyib. İndi isə elə bir vaxt yetişib ki, biz birləşməli və bu zaman regional hegemonların deyil, özümüzün maraqlarımızı rəhbər tutmalıyıq”.

Müəllif: Rauf Orucov