Qələbə ehtirası və Qafqaza uzanan pəncə - Kreml yeni cəbhə açır

Dünya

27.03.2024 - 10:16

Ukraynada istədiyi nəticəni əldə edə bilməyən Putin daha bir təhlükəli addım atacaqmı?

Qondarma “Cənubi Osetiya Respublikası” (Gürcüstanın Sxinvali bölgəsi) Moskva ilə sıx koordinasiyada Rusiyanın tərkibinə daxil olmaq məsələsini müzakirə edir. Bunu “RİA Novosti”yə bölgənin qondarma “parlament”in sədri Alan Alborov deyib.

“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, - deyə o, bu mövzuda referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Alborovun sözlərinə görə, hər iki tərəf razılaşdırılmış xarici siyasət yürüdür: “Biz Rusiya Federasiyası ilə birlikdə bu fikrə (Rusiyaya qoşulmaq haqqında - red.) gələndə bunu edəcəyik”.

2023-cü ildə Cənubi Osetiya “rəhbəri” Alan Qaqloyev xalqa və “parlament”ə müraciətində “respublika”nın tezliklə Rusiyanın tərkibinə daxil olacağına ümid etdiyini bildirib.

Tsxinvalidə Birlik Dövlətinə qoşulmaq “məqbul kompromis” hesab olunur. 2023-cü il üçün hesabatda “Cənubi Osetiya Respublikasının Xarici İşlər Nazirliyi” bu istiqamətdə irəliləyiş olduğunu qeyd edib. Bildirilir ki, Cənubi Osetiya üçün prioritet sahələrdən biri Rusiya və Belarus İttifaq Dövləti ilə əlaqələrin qurulmasıdır.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti” ilə söhbətində qeyd edib ki, əgər Cənubi Osetiya konkret təkliflər göndərsə, onlara baxılacaq.

Dünyada heç kimin bu addımı birmənalı şəkildə qanuni saymadığını nəzərə alsaq, mövcud vəziyyət, Rusiyanın mövqeyi başqa dövlətin torpaqlarının növbəti ilhaqını həyata keçirməyə uyğundurmu? Əgər bu hadisə baş verərsə, Gürcüstan buna cavab olaraq nə edə bilər?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Rusiyalı politoloq, “After Empire” portalının baş redaktoru Olqa Kurnosova:

“Krımın və Ukraynanın dörd bölgəsinin ilhaqından sonra Putin çətin ki, xarici ərazilərin növbəti ilhaqı ilə bağlı dünyanın rəyindən narahat olsun. Düşünürəm ki, onu yalnız bir şey maraqlandırır - Gürcüstanın Cənubi Osetiya uğrunda silah-sursatla vuruşub-vuruşmayacağı. Yaxud Gürcüstan Ukrayna ilə hərbi ittifaqa girməyə hazırdırmı?

Eyni zamanda, Moskva bu gün Gürcüstanda gedən proseslərə tam nəzarət etdiyinə inanır. Beləliklə, təəssüf ki, Cənubi Osetiyanın ilhaqı ehtimalını istisna etmək olmaz. Onu dayandıra biləcək yeganə şey başqa bir cəbhənin açılmasıdır.

Digər tərəfdən, mən bunu güc nümayiş etdirmək üçün növbəti cəhd kimi qiymətləndirərdim - “Mən heç kimin fikri maraqlandırmır. Mən istədiyimi edirəm”. Bunlar Rusiyanı Qərb tərəfindən inandırmağa başlamaq üçün bir növ çağırışdır. Elə Putin uzun müddətdir çalışır ki, onu danışıqlara dəvət etsinlər, o da şərtlərini desin”.

Rusiyalı ekspert, “Demokratik Seçim” siyasi partiyasının həmsədri, Liberal Missiya Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov:

“Cənubi Osetiyada Rusiyanın tərkibinə daxil olmaq üçün ilk referendum hələ 1992-ci ildə keçirilib, baxmayaraq ki, o zaman təbii ki, vəziyyət tamam başqa idi. O vaxtdan bəri onun rəhbərləri bu barədə öz siyasət və strateji vəzifələri barədə dəfələrlə danışıblar. Amma 2008-ci ildən əvvəl də, hətta ondan sonra da Putin belə radikal addımlar atmağa hazır deyildi.

2014-cü ildən sonra maneə aradan qalxmış kimi görünsə də, başqa bir vəziyyət yarandı - Putinə dost İvanişvili hökumətlərinin yaranması. Putin onlara qarışmaq istəmir. Lakin indi, əvvəlki illərdən fərqli olaraq, payızda Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələri gözlənilməzdir. Belə görünür ki, İvanişvili seçkiləri uduzsa, bu halda Putin ilhaqını elan edə bilər”.

İsrailli araşdırmaçı, Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə mütəxəssis, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) rəhbəri Avraam Şmuleviç:

“Bunun baş verə biləcəyi ehtimalı yüksəkdir. Rusiyanın indi praktiki olaraq heç bir məhdudlaşdırıcı sərhədi yoxdur. Qərb tətbiq edə biləcəyi sanksiyaları edib və böyük ölçüdə onlara əməl edilmir. Biz bilirik ki, Rusiya hətta neft gəlirlərini də artırıb. O, Ukraynanı işğal etməklə, Krımı və ölkənin digər regionlarını ilhaq etməklə o qədər böyük işlər görüb ki, Cənubi Osetiyanın ilhaqı çətin ki, hər hansı sanksiya təzyiqini dəyişsin, ya da hansısa silahlı müdaxiləyə səbəb olsun.

Bundan əlavə, Rusiyanın digər tanınmamış dövlətlərlə münasibətlərinə nəzər salsaq, görərik ki, fəaliyyət başqa istiqamətlərdə başlayıb. Bu, ilk növbədə, Dnestryanı ilə bağlıdır. Bu tanınmamış dövlətin Ali Şurası Moldovanın “soyqırımı” ilə mübarizədə kömək üçün Rusiyaya müraciət etdi. Eyni zamanda, bir neçə il əvvəl həmin qurum Dnestryanı ərazinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi xahişi ilə Moskvaya müraciət etmişdi. Və bu tələb nə rədd edildi, nə də təsdiqləndi.

Beləliklə, deyəsən, Putinin masası üzərində qalıb. Burada da “soyqırımı” ilə bağlı müraciət var. Yəni biz Rusiya hökumətində ən azı özünü elan etmiş dövlətlərin ilhaqı istiqamətində bəzi hərəkətlərin olduğunu görürük. Abxaziya hələ də Moskva üçün çox sərt cəmiyyətdir, orada hələ də ictimai rəy var, Rusiya Federasiyasına daxil olmağı son dərəcə mənfi qarşılayacaq müstəqil hərəkatlar, hətta orada hansısa zorakı hərəkətlər də mümkündür.

Cənubi Osetiyaya gəlincə, o, prinsipcə dövlət kimi mövcud deyil. Yəni başa düşmək lazımdır ki, osetinlərin əhəmiyyətli hissəsi bu ərazini tərk edib və hazırda oradakı əhalinin əksəriyyətini rus hərbçiləri və onların ailə üzvləri təşkil edir. Orada heç bir iqtisadiyyat yoxdur.

Beləliklə, Rusiya Federasiyasına daxil olmaq üçün heç bir müqavimət olmayacaq, xüsusən də Şimali Osetiya əhalisi bu məsələni müsbət qarşılayacaq. Cənubi Osetiya isə Moskvaya Gürcüstan üzərində güclü təsir rıçaqları verir. Biz bilirik ki, Tbilisi ilə Cənubi Osetiyanın “sərhədi” arasında cəmi 80 km məsafə var.

Əvvəlki Prezident Saakaşvilinin “Qazprom”un ən böyük minoritar səhmdarı adlandırdığı hakim rejim və oliqarx İvanişvilinin sayəsində Gürcüstan hələ də böyük ölçüdə Rusiyanın nəzarətindədir. Gürcüstan ərazisinin Cənubi Osetiya tərəfindən sürünən işğalı hələ də davam edir və Tbilisi praktiki olaraq buna etiraz etmir. Əgər Cənubi Osetiya Rusiya tərəfindən ilhaq edilərsə, Gürcüstan istəsə belə, heç nə edə bilməyəcək”.

Özünü respublika elan etmiş qüvvələrin bütün bu qanunsuz hərəkətləri Qərbin heç bir ciddi etirazına səbəb olmayacaq. Nə Gürcüstan, nə də Moldova bu ilhaqla bağlı ciddi müqavimət göstərmək iqtidarındadır. Və bu, Putin rejiminin məntiqinə tam uyğun gəlir – onun müəyyən qələbələrə ehtiyacı var, lakin Ukraynada onlar o qədər də görünmür, müharibə uzanıb. Yəni, bu ssenari tamamilə mümkündür”.

Müəllif: Rauf Orucov