Qaynar Qazaxıstandan: “Ya çox yaxşı təşkil edilmiş “sui-qəsddir”, ya da...”

Aktual

06.01.2022 - 17:10

"Repressiya yolu bizi Rusiya və Belarusla inteqrasiya edir, lakin o zaman Tokayevin və onun ətrafının heç bir perspektivi yoxdur” - Parız Baytenov

Demək olar ki, bütün dünyanın diqqəti indi Qazaxıstanda baş verənlərə yönəlib və bu, başadüşüləndir – ölkə beynəlxalq bazara enerji resurslarının çox böyük, əhəmiyyətli təchizatçısıdır və çox şey onun daxilindəki vəziyyətdən asılıdır. Etiraz aksiyaları və onların hüquq-mühafizə orqanları tərəfindən yatırılması ilə bağlı vəziyyət hərəkətlidir. Məlumdur ki, Prezident Tokayevin xahişi ilə KTMT ölkələrinin silahlı qüvvələrinin kontingenti artıq Qazaxıstana gəlib. Yalnız ümid edə bilərik ki, bu fakt xalq narazılığının yeni mərhələsi üçün başqa bir səbəb olmayacaq.

Yanvarın 5-dən 6-na keçən gecə (köhnə paytaxtda internetin işə salındığı vaxt) Qazaxıstanda baş verənləri AYNA-ya Almatıdan olan jurnalist Parız Baytenov belə anladıb:

“Mən heç bir şəkildə ekspert icmasına aid deyiləm və bu mənada mülahizələrim kifayət qədər səthi və əlbəttə ki, peşəkar sayıla bilməz. Şərti olaraq, cərəyan edən hadisələrin bəhrəsini kimin, yəni hansı siyasi fiqurların görəcəyi nöqteyi-nəzərindən bunu “çevriliş” adlandırmaq tamamilə mümkündür. Rəsmi rəhbərin son müraciətindən məlum oldu ki, indi bütün hakimiyyət onun əlindədir. Əvvəllər, bildiyiniz kimi, Tokayevi o qədər də saymırdılar və ən xoşagəlməz ləqəblərə layiq görürdülər. Hətta internetin birdən-birə belə işə düşməsi də Akordanın “liberal” siqnal verdiyini göstərə bilər.

Yaxşı, bunu başqa necə qiymətləndirə bilərsiniz? Siz daim dərəcəni artıra bilməzsiniz. Yaxud eyni siyasi islahatlar vədi... Hazırda hər şey elə formalaşır ki, çox güman, etiraz tezliklə səngiyəcək. Mən eskalasiyadan danışıram. Həddindən artıq hərarət hər kəs üçün tamamilə lazımsız və faydasızdır.

Yəqin ki, bu tamaşaların tətikçisi istənilən səbəb ola bilərdi, amma qaz oldu. Neft və qaz keçmiş Prezidentin ailəsinin mülkiyyətidir. Başqa bir şey odur ki, çox az adam, ümumiyyətlə yeni ildən dərhal sonra hakimiyyətə belə bir "hədiyyə" gələcəyini gözləyirdi. Politoloqlar, yeri gəlmişkən, eyni sinoptiklər kimidir - onlar üçün “gün ərzində hər şey mümkündür”. Buna görə də, əlbəttə ki, uzun müddət və hətta çox uzun müddət əvvəl hər hansı bir, ən əhəmiyyətsiz səbəbin bikford şnurunu alovlandıracağını söyləmişdilər.

Sonra da deyirdilər ki, aksiyaya nəzarət edəcək adam olmayacaq və ona görə də indidən bütün cəbhələrdə kəmərləri sıxmağa dəyməz. Sadəcə olaraq, geridə qalan hadisələrə baxanda hamı ağıllıdır - narazılıq üçün kifayət qədər səbəblər var idi, amma yenə də şnur alışmırdı. Xüsusilə onilliklər boyu hər yerdə və hər yerdə elan etdiyimiz “mübarək sabitliyimiz” şəraitində hər zaman gözlənilməzlik elementinin hadisələrə böyük təsiri olur.

Küçələrdə baş verənlər təbii ki, xaosdur, amma mənə elə gəlir ki, bu xaos idarə olunur. Və bu, yaxşıdır. Hərəkətin özündə olmadığın şəraitdə hökm vermək çətindir, lakin əlamətlərə görə, deyə bilərəm ki, hər şey idarə olunur. Hətta Tokayev bəzi “sui-qəsdçilər”dən danışır. Hətta bu gün belə ifadə işlətmək onun özünə də sərf edə bilər, baxmayaraq ki, polis dövlətində hakimiyyətin “sui-qəsdi” görməməsi axmaq səslənir.

Ya bu, hakimiyyətin, təhlükəsizlik qüvvələrinin, ordunun vəziyyətini çox açıq şəkildə xarakterizə edir, ya da çox yaxşı təşkil olunmuş “sui-qəsddir”... Ən sadə nəticə ondan ibarətdir ki, hakimiyyət nəhayət, 30 ildə qazandığının tam olaraq payını alır.

Struktur müxalifətə gəlincə - məncə, hər şey acınacaqlıdır. Şəxsən mən onu görmürəm. Hansı ki, hamısı üzdədir və məlumdur ki, ciddi siyasi bazası yoxdur. Təbii ki, tam anturaj üçün elitadaxili müxalifət hipotezini irəli sürmək olar. O zaman elitadaxili müxalifət keçmiş “millət lideri”nə layiqli “vida” təşkil edə bilərdi, amma onlar ideologiya baxımından müxalifət deyil.

Aşağılardan gələn hansısa ideologiya isə, ümumiyyətlə yoxdur. Etirazçıların “sol” və “sağ” tələblərinin qarışığı - yəni normal fikir formalaşdırmağı, irəli sürməyi və tələb etməyi bacaran insanların tələbləri var. Qalanları isə fit çalan, qışqıran, vurub-qıranlardır ki, o kütlənin də sayı kifayət qədər çoxdur.

Gələcək hadisələrə gəlincə, həqiqətən ümid edirəm ki, hər şey ən yaxşı mənada həll olunacaq. Hesab edirəm ki, Tokayev və komandası həqiqətən də insanlara vəd etdiklərini tez bir zamanda həyata keçirməyə başlasa, radikal tələblər puça çıxacaq. “Yeni hökumətin” taleyi də bundan asılıdır.

Ümumiyyətlə, indi “yuxarıdakı” addımları (kim istefa verəcək, kim yıxılacaq, Nazarbayevin köhnə komandasından kim hara göndəriləcək) diqqətlə izləmək lazımdır. O zaman nə baş verdiyi, niyə və necə baş verdiyi daha aydın olacaq.

Bu hakimiyyət indiki vəziyyətdə böyük qan tökməyə qadirdirmi? Mən şübhə edirəm və ümid edirəm ki, bu şübhələr əsaslıdır. Repressiya yolu, əlbəttə ki, bizi siyasi cəhətdən yaxınlaşdırır, Rusiya və Belarusla “inteqrasiya edir”, lakin o zaman şəxsən “yaxşı” Prezident Tokayevin və onun ətrafının heç bir perspektivi yoxdur. Onun mövqeyi artıq kifayət qədər sarsıntılıdır. Mənə elə gəlir ki, bu günlər insanlar öz iradələrini dəhşətli dərəcədə bezdirici hakim bürokratiyaya diktə edə biləcəklərini hiss ediblər. Burada əsas şey başa düşmək və nə vaxt dayanacağını bilməkdir".

Müəllif: Rauf Orucov