“Qarşıdakı aylarda Qarabağda xüsusi əməliyyat keçirilməsi gözlənilmir”

Aktual

12.09.2022 - 14:27

Səxavət Məmməd: “Sərhəddə atəşkəsin pozulması xidmətdən irəli gələn hallar deyil – bunlar bilərəkdən atılan mesaj xarakterli addımlardır”

Sentyabr ayı başlayandan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən hər gün Azərbaycan Ordusunun sərhəddəki mövqeləri atəşə tutulmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumatda o da qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşündən sonra belə xəbərləri hər gün oxuyuruq. Ermənistanın bu təxribatlarının arxasında nəyin dayandığını ekspertlər müxtəlif rakurslardan dəyərləndirirlər.

AYNA-nın mövzu ilə bağlı suallarını cavablandıran hərbi jurnalist Səxavət Məmməd maraqlı mətləblərə toxunub. Onun sözlərinə görə, tərəflər nə vaxt Brüsseldə görüş keçirirsə, ondan dərhal sonra xüsusilə, dövlət sərhədində Ermənistan tərəfindən mövqelərimiz atəşə tutulur:

- Bunun səbəbi aydındır. Təxribatlarda Rusiya və Ermənistan ordusunun daxilindəki “Qarabağ klanı”na sadiq olan qüvvələrin rolu var. Onlar varlıqlarını göstərmək üçün mütləq bu tip və buna bənzər metodlara əl atmalıdırlar. Burda əsas məsələ Azərbaycanın atacağı addımlardır. Qarabağ probleminin həlli və iki ölkə arasındakı münasibətlərin yoluna qoyulması üçün Avropa İttifaqı ilə Rusiya arasında sanki bir yarış gedir. Bəzən bunu bizə yaxşı bir əlamət kimi təqdim edirlər. Ancaq bunun neqativ tərfələri çoxdur. Bu rəqabət hər zaman masa başında olmayacaq. Hesab edirəm ki, bu rəqabətdə Rusiyanın əli bir qədər güclüdür. Çünki Qarabağda sülhməramlı adında qüvvələri və Ermənistan ordusunda və siyasətində tərəfdaşları, necə deyərlər, adamları var. Avropa İttifaqı masada, Rusiya isə sahədə özünü göstərir. Ona görə də, bu cür atəşkəsin pozulmasını xidmətdən irəli gələn hallar kimi hesab etmirəm. Bunlar bilərəkdən, qəsdlə və ən əsası mesaj xarakterlidir.

- Azərbaycan Müdafiə Nazirliyinin bütün məlumatlarında "adekvat tədbir görülür" qeydi əksini tapır. Nazirlik “adekvat tədbir” dedikdə nəyi nəzərdə tutur?

- Müdafiə Nazirliyinin "adekvat tədbir görülür" açıqlaması atəş nöqtələrinin susdurulması ilə bağlıdır. Yəni ki, qarşı tərəf atəşkəsi pozanda Azərbaycan Ordusu əməliyyat keçirmir. Sadəcə atəş nöqtələrinin susdurulması yönündə tədbirlər görülür. Biz bu cür atəşkəsin pozulması hallarını çox görəcəyik, eşidəcəyik. Burda təəccüblü heç nə yoxdur. İki ölkə arasında sülh müqaviləsi bağlanmayana qədər bu, rutin xarakter daşıyacaq. Təbii ki, bu, cəmiyyəti narahat edir, edəcək. Ancaq nəticədə hansısa xüsusi əməliyyata gətirib çıxarmayacaq. Buna səbəb, açıqlamalardan da göründüyü kimi, atəşkəs dövlət sərhədində pozulur. Tərəflərdən hansısa biri əməliyyata qalxsa, bu, müharibə səbəbi olacaq. Ona görə də, hər iki tərəf mövqelərindən bir-birini yoxlayır.

- Əsasən atəşə tutulan Laçın və Kəlbəcərdəki mövqelərdir. Bu ərazilərdəki mövqelər nə qədər möhkəmdir?

- Laçın və Kəlbəcər istiqamətində Azərbaycan Ordusu mövqelərini möhkəmləndirmək üçün maksimum işlər görür. Buna yolların çəkilməsi, qışda təminat çadırılmasının mümkün olmadığı mövqelərə ərzağın və isti geyimin çatdırılmasını aid etmək olar. Bundan əlavə, mühəndis-istehkam işləri də görülür. Bəzi istiqamətlərdə təminat maşınları hərəkət edərkən qarşı tərəf onu müşahidə edə bilir. Bunun aradan qaldırılması üçün də Azərbaycan tərəfi müəyyən addımlar atır. Hər şeyin mükəmməl olduğunu desək, yalan danışımış olarıq. Ancaq məlumatım o yöndədir ki, ciddi əmək sərf edilir. Qarabağın qışı hər birimizə məlumdur. Yay dönəmində Azərbaycan Ordusu üçün çox hərəkətli keçdi. İstər təlimlər, istər xüsusi əməliyyatlar. Təbii ki, hər bir əməliyyata qədər də sərf edilən zaman var. Bu, qışa hazırlığa nə qədər təsir edib, bunu görəcəyik. Ümid edirəm ki, heç bir problem yaşanmayacaq.

- Ermənistan tərəfinin bu təxribatları genişmiqyaslı əməliyyatlara gətirib çıxara bilərmi?

- Bizim cəmiyyətdə hər atəşkəs pozulanda dərhal antiterror əməliyyatları gündəmə gəlir. Hesab edirəm ki, genişmiqyaslı bir əməliyyat baş verməyəcək. Mövqe dəyişiklikləri ola bilər. Bəzi boş mövqelər var ki, tərəflər ora çıxmaq və möhkəmlənmək üçün addımlar atmaq istəyirlər. Ancaq bunun üçün zaman çox azdır. Çünki bir neçə gün sonra artıq Qarabağda yağış mövsümü başlayacaq. Soyuq, yağış və qar orduların hərəkətini maksimum məhdudlaşdıracaq. Ona görə də qarşımızdakı bir neçə ay ərzində hansısa bir xüsusi əməliyyatın keçirilməsini gözləmirəm.

Bundan əlavə, tərəflər daha çox masada məsələni həll etməyə çalışırlar. Yalnız bu, baş verməyəndə silaha əl atılır. Son keçirilən xüsusi əməliyyat da bu cür baş vermişdi. Brüssel görüşü, ardınca Azərbaycanda həbsxanadakı 5 erməni hərbçinin təhvil verilməsi onu deməyə əsas verir ki, siyasilər arasında xüsusi gərginlik yoxdur. Bilirik ki, hərbi gərginlik siyasi gərginliyin məntiqi nəticəsidir. Hazırda hərbi xarakterli hansısa hərəklərin baş verməsini gözləmirəm.

Müəllif: Anar Bayramoğlu