Qarabağda gərginlik və genişçaplı əməliyyat gözləntisi: Bakının yeganə çıxış yolu qalıb

Aktual

26.03.2023 - 10:26

Asif Nərimanlı: “Buna son qoymağın yeganə yolu məhz əməliyyatın keçirilməsi, hərbi müstəvidə addımın atılmasıdır”

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərində gərginlik son günlər artan xətlə davam etməkdədir. Qarabağdakı separatçı ünsürlər mütəmadi olaraq təxribata əl atır, ərazilərimizə qanunsuz silah-sursat daşınmasını həyata keçirirlər. Azərbaycan Müdafiə Nazirliyi qanunsuz silah-sursat daşınması ilə bağlı bir neçə gündür videogörüntülər yayırdı, xəbərdarlıq edirdi. Nazirliyin son açıqlamasında isə qanunsuz hərbi yüklərin daşınmasının qarşısının alınması istəqamərində Laçın ərazisində Azərbaycan Ordusunun lazımi tədbirlər gördüyünü açıqladı.

Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, vəziyyət onu göstərir ki, Azərbaycanın öz suveren ərazisində qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün yeganə yolu əməliyyatların keçirilməsidir:

- Çünki nə Ermənistan razılaşmalara əməl edir, nə də Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirir. Separatçıların güclü şəkildə silahlandığı artıq faktlarla ortaya çıxıb və fikrimcə, ilk öncə onları niyə silahlandığına baxmaq lazımdır. Bilirik ki, Qarabağdakı erməni əhalisi ilə rəsmi Bakı arasında təmasların qurulması məsələsi ön plandadır. ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən bu prosesdə Ermənistan separatçıları “tərəf” kimi təqdim etməyə çalışırdı, Bakı buna qarşı öz oyununu oynadı. Xocalı görüşündə inteqrasiya prosesini irəli sürdü, həm də nümayiş etdirdi ki, təmaslardan yanadır. Separatçılar inteqrasiya prosesindən imtina etdilər, ardınca görüşün Bakıda keçirilməsini təklif edildi, mövzu kimi də yenə inteqrasiya məsələsini önə sürüldü. Bu vəziyyətdə separatçılar Bakıya gəlməyi qəbul etsəydilər, avtomatik inteqrasiya prosesini qəbul etmiş olacaqlardı, gəlməyəcəkləri təqdirdə də, inteqrasiya prosesini pozan tərəfə çevrildilər. Bakı göstərdi ki, Qarabağdakı erməni əhalisi ilə separatçı rejim fərqlidir, bu qondarma rejim inteqrasiya prosesinin önündə maneədir. Belə bir mənzərədə separatçıların “çıxış yolu” eskalasiyaya getmək, həm erməni əhalisinə, həm beynəlxalq ictimaiyyətə birgəyaşayışın mümkün olmadığını göstərməkdir. Onların hazırlığı da bundan qaynaqlanır.

Azərbaycan öz ərazisində baş verənləri anbaan izləyir və xəbərdarlıq edirdi. Rusiya sülhməramlıları isə əksinə, silah daşınmasını müşaiyyət edirlər. O cümlədən, Ermənistan nəinki Qarabağda qalan hərbçilərini çıxarır, əksinə, bölgəyə silahlarla birlikdə yeni qüvvələr cəlb edir. Buna son qoymağın yeganə yolu məhz əməliyyatın keçirilməsi, hərbi müstəvidə addımın atılmasıdır. Təcrübə də təsdiq edir ki, ermənilər güc yolundan anlayırlar.

- Genişmiqyaslı müharibə gözlənilir?

- Sülhməramlıların mövcud olduğu dövrdə Qarabağda genişmiqyaslı müharibə ehtimalı həmişə azdır. Bu baxımdan, atıla biləcək addımların antiterror, yaxud məcburetmə əməliyyatı çərçivəsində olacağını demək mümkündür. Lakin mövcud vəziyyətdə şərtlərin dəyişdiyinə, xüsusilə Bakının tələblərinə də diqqət etmək lazımdır.

Birincisi, Bakı erməni silahlı dəstələrinin çıxarlmasını, Qarabağın silahsızlaşdırılmasını istəyir. İkincisi, Laçın yoluna nəzarət məsələsini aktual olaraq saxlayır.

Əgər bu iki istəyin yerinə yetirilməsi üçün hərbi müstəvidə addım atmaq məcburiyyəti olacaqsa, o zaman, daha genişçaplı əməliyyatın ola biləcəyi ehtimalı ön plana çıxır. Xüsusilə erməni qoşunların çıxarılması, yaxud neytrallaşdırılması əməliyyatı genişmiqyaslı ola bilər. Prezident İlham Əliyev Blinkenlı telefon söhbətində bildirdi ki, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisi hələ də qalır. Prezident ilk dəfə idi erməni silahlı dəstələri ilə bağlı konkret rəqəm açıqlayırdı. Görünür, müəyyən kəşfiyyat işləri aparılır və belə işlər adətən praktiki müstəvidə hərəkətə keçməmişdən öncə edilir. 10 minə yaxın hərbçiyə qarşı keçirilə biləcək mümkün əməliyyatın miqyası kiçik ola bilməz. Bakının kiçikçaplı əməliyyat keçirib rusların “erməni qoşunlarının çıxarılması” vədini dinləmək fikrində olmadığını düşünürəm. Çünki regional şərtlər dəyişir, xüsusilə, Türkiyədə seçkilərin nəticələri regiondakı proseslərə ciddi təsir edə bilər və istisna deyil ki, situasiya dəyişmədən Azərbaycan öz suveren ərazisindəki silahlı dəstələri ləğv etmək niyyətindədir. Bütün bu amillər mümkün əməliyyatın genişçaplı ola biləcəyi ehtimalını gücləndirir.

- Məlumatlara görə, İran Azərbaycanla sərhədə qoşunları cəmləyib. Bununla Tehrandan Bakıya hansı mesaj verilir?

- İran sərhəddə qoşun yığmaqda, Bakıya qarşı təhdidlər səsləndirməkdə bir neçə məqsədi var. Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün yeni eskalasiyada Bakıya təzyiq etmək və özünü Ermənistanın təhlükəsizliyinin “qarantı” kimi göstərməkdir.

İkincisi, Ermənistanın “müdafiəçisi” kimi görünməklə erməni diasporu/lobbisinin, eləcə də İrəvanı müdafiə edən Qərb ölkələrinin dəstəyini əldə etmək niyyəti güdür. Çünki İrana hərbi müdaxilə məsələsi aktualdır və bununla bağlı beynəlxalq koalisiyanın yaradılması gündəmdədir. İran Qərbdə İrəvanı dəstəkləyənlərə göstərir ki, o olmasa, bölgədə Ermənistanı heç kim müdafiə etməyəcək və erməni diasporu/lobbisindən bu mesajın çatdırılmasında yardım gözləyir. Bununla anti-İran koalisiyasının yaradılmasının qarşısını almağa, yaxud belə bir koalisiyaya qarşı onu dəstəkləyənlərin sayını artırmağa çalışır.

Üçüncüsü, Azərbaycanla sərhəddə hərbi qüvvələrin sayını artırmaq və orada saxlamaq üçün əsas yaratmaqdır. Tehranda düşünür və iddia edirlər ki, İrana hərbi müdaxilə üçün Azərbaycanı platforma kimi istifadə edəcəklər. Bu iddianın indiyə qədər heç bir əsası olmasa da, molla rejimi israrında davam edir. Belə bir vəziyyətdə Azərbaycanla sərhəddə hərbi qüvvələrini saxlamaq üçün əsaslar yaradır.

- Hərbi toqquşma şəraitində İranın məsələyə müdaxiləsi nə dərəcədə realdır?

- İran Azərbaycana birbaşa müdaxilədən çəkinir. Tehran daha çox çalışır ki, ilk gülləni atan Azərbaycan olsun. Bütün təhdidlərin, qıcıqlandırıcı addımlarının səbəbi də Bakını buna təhrik etməkdir. Fikrimcə, sərhəddə İranın təxribat xarakterli davranışlarının şahidi ola bilərik.

Lakin Azərbaycan və Ermənistan arasında mümkün eskalasiya zamanı İranın Ermənistan ərazisindən bölgəyə müdaxilə etmək ehtimalı var. İran ordusu Mehriyə daxil ola və bunu İran maşınlarının təhlükəsizliyinin təmin edilməsi adı edə bilər. O cümlədən, eyni bəhanə ilə Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsinə müdaxilə etmələri də mümkündür.

Müəllif: Anar Bayramoğlu