Qarabağ zəfərindən ədalət zəfərinə: atalarımızın mirası bizim haqqımızdır

İqtisadiyyat

25.12.2021 - 15:11

Belə bir qərarın qəbul olunması tarixi ədalətin bərpası və dövlətin öz vətəndaşına ikinci qələbə sevinci daddırması olar

Müdrik filosof Jan Jak Russonun təbirincə desək, mülkiyyət hüququnu ifrat dərəcədə mənimsəyən acgöz və getdikcə hərisləşən insanlar böyük çoxluğun ədalətli cəmiyyətdə azad və xoşbəxt yaşamasına qəsd edirlər.

Sovetlər quruluşunun süqutundan bizi 30 illik zaman kəsimi ayırır. 70 il mövcud olmuş bu quruluş mənfi-müsbət tərəfləri ilə artıq tarixə qovuşub. Lakin tarix olsa da, hər bir azərbaycanlının - istər sağıcı olsun, istər müəllim, istər həkim, istərsə də mühəndis - Sovet Azərbaycanın inkişafında xidmətləri var. Və günün birində “Bu sistem dağıldı, yenisinə keçid edirik”, - deyərək insanları Allahın ümidinə buraxmaq olmazdı.

Məhz elə bu səbəbdən mərhum Prezident Heydər Əliyev sosializmdən kapitalizmə keçid edən Azərbaycan üçün iqtisadi yol xəritəsini cızdı: Sovetdən qalma dövlət əmlakları vətəndaşlar arasında bölüşdürülsün!

Heydər Əliyevin 25 mart 1996-cı il tarixli 450 saylı fərmanında qeyd olunurdu ki, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızlar paylanılsın.

Xatirimdədir, bu fərmanın imzalanması Novruz bayramından bir neçə gün sonraya təsadüf edirdi. Biz yeniyetmə dostlarımızla müzakirələr aparır, bu vauçerlərin sayəsində gələcəkdə quracağımız şirkətlərin “xəyal maketini” hazırlayırdıq. Bundan sevincək olan valdeynlər də “A bala, get, dərsini oxu. Hələ sənin üçün belə xəyallar qurmaq tezdir”, - deyərək, bəlkə də vauçerlərin gözlənilən acınacaqlı taleyinin anonsunu bizə ötürməyə çalışırdılar.

Vauçerləri aldılar da, satdılar da, hələ üzərindən “su da içdilər”...

Qeyd edək ki, ümumilikdə belə bir qərarın verilməsi mütərəqqi hadisə olsa da, vətəndaşların vauçerlərlə bağlı informasiyası elə də yüksək deyildi. Ya bilərəkdən, ya da bilməyərəkdən düzgün maarifləndirmə işi aparılmadı. Əvvəlcə bəyan etdilər ki, vətəndaşlara hər biri dörd paydan ibarət əvəzsiz vauçerlər veriləcək və bu çeklər vətəndaşları əsas pay sahiblərinə çevirəcək. Daha sonra mülkiyyətin dəyəri elan olundu. Halbuki, həmin dövr üçün kifayət qədər ciddi rəqəmlər idi. Nəticədə isə bunların heç biri baş vermədi.

Vətəndaşlar bir də onda ayıldılar ki, çeklərin tədavül müddəti artıq başa çatıb. Yəni, “Lələ köçüb, yurdu qalıb”. Bundan istifadə edən isə hər zaman olduğu kimi, maraqlı qüvvələr, daha konkret desək, oliqarx-məmur zümrəsi oldu. Onlar dövlət əmlakını dəyər-dəyməzinə özəlləşdirdilər. Heç hesabat verən də olmadı. Heç kim bilmədi ki, nə baş verib. Adını da qoydular “uğurlu özəlləşdirmə prosesi”.

Vətəndaşların bir qismi əllərində olan çekləri “qara bazarda” dəyər-dəyməzinə satdı, bəziləri əhəmiyyətsiz olduğunu düşünərək başqalarına hədiyyə etdilər. Lakin sona qədər dirəniş göstərən, bu günə qədər özəlləşdirmə çeklərini əllərində saxlayan vətəndaşların da sayı az deyil. İlkin ehtimallara görə, 20 faiz əhalinin çekləri hələ də əllərdədir. Yəni, 2 milyonadək özəlləşdirmə çeki istifadə olunmayıb.

Onlar bu gün də gözləyirlər. Nə zamansa yenidən ümid işığının yanacağını, tədavül müddətinin artırılacağını gözləyirlər. Halbuki, həmin çeklərin üzərində son tarix göstərilməyib və 2011-ci ildə onların tədavül müddətinin dayandırılması anlaşılan deyil. Bu proses qiymətli kağızların tədavüldən çıxarılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilib. Çekləri bu və ya digər yollarla əhalinin əlindən alan məmur-oliqarxiya hər vəchlə tədavül müddətinin yenidən artırılmasına imkan vermir, bu məsələnin gündəmə gəlməsinə mane olur.

Vətəndaşlara kompensasiya ödənilməlidir – Qanun da bunu deyir

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 07.01.1993-cü il tarixli Qanunun 19-cu maddəsində nəzərdə tutulurdu ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərinə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.

Buradan məlum olduğu kimi, hər hansı bir formada istifadə edilə bilməyən özəlləşdirmə payları dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində dividend verilməli idi. 16.05.2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinin tələbində isə deyilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.

Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı Prezident fərmanında qeyd olunur ki, iri müəssisələrin səhmləri, bir qayda olaraq, 15 faizi əmək kollektivinə, 30 faizi pul hərraclarına, 55 faizi isə ixtisaslaşdırılmış çek hərraclarına yönəldilir. Bu, o deməkdir ki, əhali ümumilikdə bu prosesdən 70 faizə qədər gəlir əldə etməli idi. Lakin göründüyü kimi, bu, baş verməyib.

Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyərinin inflyasiyanın təsirindən qorunan əmlak ekvivalenti olması da qanunda öz əksini tapıb. Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Deməli, Dövlət Əmlak Komitəsi 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çeki dəyərini ən azi 500 dollar olaraq müəyyən edib. Və bir özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvalenti ən azı 2000 ABŞ dolları həcmində müəyyənləşdirilib.

İctimai etirazlar, ziyalı çağırışları, həllini gözləyən problem...

Artıq hər kəsin ilkin informasiya mənbəyinə çevrildiyi hazırkı virtual şəraitdə özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlar sosial mediada birgə təbliğat üsullarından istifadə edərək bu məsələni yenidən gündəmə gətirirlər. Cəmiyyətin ayrı-ayrı təbəqələri - ziyalılar, Milli Məclisin deputatları, Xalq artistləri, Xalq yazıçıları, mədəniyyət xadimləri, elm adamları, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları, iqtisadçılar, hüquqşünaslar və s. onların çağırışlarına qoşulub. Ölkənin tanınmış şəxsləri hüquqları pozulmuş vətəndaşlarla birlik nümayiş etdirir, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması ilə bağlı çağırışlar edirlər. Əslində elə belə də olmalıdır.

Bu gün Azərbaycanda institusional islahatlar aparılır. Prezident lham Əliyevin rəhbərliyi altında bu islahatların əsas məqsədi hökumət - vətəndaş münasibətlərini yüksəltmək, müasir dövrün çağırışlarına cavab vermək, optimal və şəffaf idarəetmə sisteminə keçidin təmini, eyni zamanda gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılmasıdır. Artıq bu məqsədlə Azərbaycan İnvestisiya Holdinqi də yaradılıb. Əksər dövlət müəssisələri Holdinqə birləşdirilib. Bütün bunlar cəmiyyətdə özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılacağına, kütləvi şəkildə hüquqları pozulmuş vətəndaşlarımızın haqlarının bərpa olunacağına böyük ümidlər yaradıb.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm zəfər, üzərimizdə olan tarixi ləkənin silinməsi, işğal altında olan torpaqlarımızın azadlığa qovuşması və müharibə dövründə soydaşlarımızın bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşməsi Qarabağ zəfərinin ardınca, 2022-ci ildə Əmlak zəfərini də yaşayacağımıza və nəhayət hüquqları pozulan vətəndaşlarımıza dəymiş ziyanın ödəniləcəyinə böyük inam aşılayır. Nəhayət, 10 il sonra özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması günün tələbi və çağırışdır. Əminik ki, dövlətimiz bu çağırışlara səs verəcək!

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilimiz mübarək! Daim həmrəy olaq! Yeni ilə yeni arzularla!

Müəllif: Azər Niftiyev