Yüz minlərlə vətəndaşın 2022 gözləntisi: ədalət yerini tapacaqmı?

Cəmiyyət

14.12.2021 - 13:51

Deputat: “Bu, insanların sosial rifah halına müsbət təsir göstərməklə yanaşı, həm də onların özəlləşdirmə prosesində iştirakını təmin edə bilər”

Hüquqşünas: “Vauçerlərini satanlar da, bu günə qədər qoruyub saxlayanlar da - hamısı zərərçəkənlərdir”

İqtisadçı: “Konstitusiya Məhkəməsi çərçivəsində məsələyə yenidən baxılmalıdır”

Ötən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak məqsədilə vətəndaşlara özəlləşdirmə çekləri paylandı. Vətəndaşlar bu çekləri həm alıb-sata, həm də pay sahibinə çevrilə bilərdilər. Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı maariflənmə səviyyəsinin aşağı olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb  oldu və 2011-ci ildən etibarən müddətini başa vurdu.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən, 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

2011-ci ildən etibarən tədülü dayandırılsa da, əksər ekspertlər bu addımı qanunazidd hesab edir. Öz növbəsində, çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək, həm də müddətsiz şəkildə. Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, ölkəboyu müşahidə olunan kompleks islahatlar, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar da bu əminliyi artırır. Milli Məclisin deputatları, ziyalılar, iqtisadçılar, ictimai-siyasi xadimlər məsələ ilə bağlı hökumətə çağırışlar ediblər.

2021-ci ili başa vurmağımıza sayılı günlər qalıb. 2022-ci ildə özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, əllərdə qalan vauçerlərin sahiblərinin haqqının bərpası yönündə ədalət öz yerini tapa bilərmi? ə kompensasiya ödənilə bilərmi? AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Milli Məclisin üzvü Azər Badamovun fikrincə, belə bir qərarın verilməsi vətəndaşların rifah halına müsbət təsir edər: “Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi tarixi qərar idi. Çox mütərəqqi sərəncam idi və bütün ölkə vətəndaşları bu vauçerlərdən bəhrələnə bildilər. Yararlana bilməyənlər üçün isə tədavül müddəti bir neçə dəfə uzadıldı. Sözsüz ki, bu gün də vauçerləri əllərdə qalan insanlar var. Əlbəttə ki, tədavül müddətinin yenidən artırılması yaxşı olardı”.

“Bu, insanların sosial rifah halına müsbət təsir göstərməklə yanaşı, həm də onların özəlləşdirmə prosesində iştirakını təmin edə bilər. Bu halda, insanlar əllərindəki özəlləşdirmə çeklərini əmlak özəlləşdirilməsində istifadə edə bilərlər. Bu, həm də insanların aldıqları pay idi və istifadəsiz qalıb. Ona görə də bu barədə düşünmək lazımdır. Lakin yekun qərarı hökumət və müvafiq dairələr verəcək. Bütün hallarda bizim gözləntilərimiz yüksəkdir”, - deyə deputat bildirib.

Tanınmış hüquqşünas Fuad Ağayev də birmənalı hesab edir ki, vətəndaşların mülkiyyət hüquqları bərpa edilməlidir: “Ötən əsrin 90-cı illərinin sonlarında tədavülə buraxılan özələşdirmə çekləri vətəndaşların mülkiyyətinə qarşılıq olan verilən qiymətli kağızlar idi. Çünki Sovet dövlətinin iqtisadiyyatında onların özlərinin, valideynlərinin, ata-babalarının payları var idi. Bu baxımdan hökumətin borcu idi ki, onların bu prosesdə iştirakına şərait yaratsın. Nəzəri baxımdan şərait yaratsalar da, faktiki olaraq ölkə vətəndaşları bu prosesdə iştirak etmədilər. Vauçerlərini satanlar da, bu günə qədər qoruyub saxlayanlar da - hamısı zərərçəkənlərdir. Çünki hökumət bu prosesin şəffaf aparılmasına imkan verməyib”.

Mütəxəssisin sözlərinə görə, gec də olsa tədavül müddətinin uzadılması labüddür: “Bu məsələyə mütləq qayıdılmalıdır. Çünki ölkəboyu böyük bir proses həyata keçirilib. Lakin bu proses şəffaf şəkildə aparılmayıb. Əllərində çekləri qalan vətəndaşlar var. Məhz bu səbəbdən yenidən tədavül müddəti artırılmalıdır. Əslində hüquqi yol məhkəmələrdən keçir. Əllərində vauçerləri qalan vətəndaşlar ya birləşərək, ya da ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidirlər. Çox təəssüf ki, bu gün Azərbaycanda məhkəmələr müstəqil deyil. Mövcud Azərbaycan reallığında adətən bu cür məsələlər siyasi qərarla həll olunur. Siyasi qərarla da olsa, bu məsələ mütləq öz həllini tapmalıdır”.

Öz növbəsində, iqtisadçı ekspert Rəşad Həsənov da o fikirdədir ki, Azərbaycanda özəlləşdirmə prosesi böyük qüsurlarla müşayiət olunub: “O dövrdə belə bir addımın atılması gözlənilən idi. Çünki dövlətimiz bir prosesdən digər prosesə keçid edirdi. Zəruri idi ki, SSRİ-dən qalmış dövlət əmlakının bölüşdürülməsi prosesi vətəndaşların iştirakı ilə baş tutsun. Nəzəri cəhətdən buna getdilər. Lakin faktiki olaraq proses müəyyən qüvvələrin marağına uyğun şəkidə həll edildi. Hansı ki, bu çeklər vasitəsilə vətəndaşlar dövlət əmlakının payçılarına çevrilməli idilər. Göründüyü kimi, bu hal baş vermədi. Nəticədə əksər vətəndaşlar öz çeklərini “qara bazar”da satdılar. Bir neçə dəfə tədavül müddəti uzadılsa da, mahiyyət dəyişmədi”.

“İndiki halda təkcə çekləri əllərində qalan vətəndaşların yox, bütövlükdə ölkə vətəndaşlarının prosesdə iştirakı təmin edilməlidir. Hökumət buna gedəcəkmi, büdcədə buna ayrılacaq vəsait varmı? Bütün hallarda Konstitusiya Məhkəməsi çərçivəsində məsələyə yenidən baxıla bilər. Bu zaman isə bütün vətəndaşların hüquqları məsələsi gündəmə gəlməlidir. Prosesin hüquqi baxımdan düzgün aparılıb-aparılmamadığı, dövlətimizin ana qanununa uyğunluğu araşdırılmalıdır. Yalnız bu yolla məsələyə aydınlıq gələ bilər. Sözsüz ki, digər qurumlar kimi, Konstitusiya Məhkəməsinə təsir imkanlarını əlində saxlayan hökumətimiz buna imkan verərsə”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Müəllif: Aydın Gəray