Qarabağ münaqişəsi həll olundu - Qaldı TƏK MƏSƏLƏ

Aktual

18.10.2023 - 18:05

Mərkəz rəhbəri: “Ruslar da anlayırlar ki, bundan sonra bölgədə qalmaqlarının heç bir mənası yoxdur”

Oktyabrın 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. Həmin gün Azərbaycanın suverenliyinin bütün ərazilərdə bərpa olunduğu gün kimi tarixə düşdü. Beləliklə, Azərbaycan əzəli və əbədi torpağı olan Qarabağda 35 il əvvəl baş qaldıran və davam edən erməni separatizminin kökünü kəsmiş oldu. Ümumilikdə isə 200 ildən artıq müddətdə başlayan problem, son 35 ildə daha da kəskinləşən münaqişə həll olundu.

Münaqişənin həlli ilə bağlı fikirlərini AYNA ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əvvəlcə xalqımızı bu qələbə münasibətilə təbrik edib:

- Tarixi günlərə şahidlik edirik. Nəhayət ki, ən ağrılı və ağır problemimiz olan Qarabağ münaqişəsi həllini tapdı. Uzun illər Azərbaycanla Ermənistan arasında müxtəlif formatlarda görüşlər keçirildi, sülh danışıqları aparıldı. Amma son illər hər kəsə bəlli idi ki, problemin güc yolundan başqa həlli yoxdur. Belə də oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı və 44 gün davam etdi. Vətən müharibəsində həm Birinci Qarabağ müharibəsindəki uğursuzluqlarımızın, məğlubiyyətimizin əvəzini çıxdıq, həm də torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Tanrı şəfa versin.

10 noyabr 2020-ci imzalanan Üçtərəfli Birgə Bəyanatla atəşkəs oldu, amma biz problemin həllini tam başa çatdırmamışdıq. Çünki Xocalı, Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi, Şuşanın bir qism kəndləri, Sərsəng su anbarı hələ də işğalda idi, separatçıların tapdağında idi. Allaha şükürlər olsun ki, artıq o ərazilərimiz də azaddır. Bu gün Xankəndinin mərkəzi meydanında Azərbaycan Dövlət Bayrağı dalğalanır. Vaxt var idi ki, bəziləri Xankəndidə Azərbaycan bayrağının ucaldılacağına inanmırdı. Amma bu arzumuz da gerçək oldu. Azərbaycan 200 illik problemi həll etdi. Ermənilərin “Miatsum” adlı ideyası iflasa uğradı. Böyük uğurdur, böyük qələbədir. Hesab edirəm ki, önə, bundan sonrakı mərhələyə baxmaq lazımdır. İndi sadəcə bir məsələ qalıb ki, onu həll etmək vacibdir.

- Hansı məsələni nəzərdə tutursunuz?

- Qarabağda olan Rusiya sülhməramlı hərbi kontingentinin ərazidən yola salınması məsələsidir. Düşünürəm ki, ona da nail olacağıq. Belə böyük uğurlara nail olduqsa, Xankəndidə bayrağımız ucaldıldısa, rus hərbçilərini də Qarabağdan yola salacağıq. Mən rusların ərazilərimizdə olmasından narahatlıq keçirən vətəndaşları anlayıram. Təbii ki, rus hərbçilərinin Qarabağda olması mənfidir. Amma səbirli olmaq lazımdır və proseslərin gedişini gözləmək vacibdir. Azərbaycan Rusiya ilə qarşıdurmada maraqlı deyil. Ona görə də məsələni sakit şəkildə yoluna qoymaq lazımdır. İndi biz müşahidə edirik ki, rusların özləri Qarabağdakı məntəqələrini ləğv edirlər. Ruslar da anlayırlar ki, bundan sonra bölgədə qalmaqlarının heç bir mənası yoxdur.

Düzdür, məntiqsiz arqument ortaya atırlar ki, guya erməni sakinlər Qarabağa qayıda bilərlər, ona görə də ruslara orada ehtiyac var. Yaxşı, tutaq ki, müəyyən sayda erməni bölgəyə döndü. Əlbəttə, onlar elə-belə qayıtmayacaqlar ki, Azərbaycanın şərtlərini qəbul etdikdən, reinteqrasiya şərtlərinə razılaşıb Qarabağda yaşaya biləcəklər. Əgər qayıdan ermənilər bu şərtləri qəbul edirlərsə, o zaman rusların onları qorumasına nə ehtiyac var?! Azərbaycan niyə öz vətəndaşının taleyini başqa bir ölkənin hərbçilərinin ümidinə buraxmalıdır?! Yəni ki, ortaya “sülhməramlıların qalmasının vacibliyi” haqqında atılan iddialar məntiqsizdir. Ona görə də güman ki, Azərbaycanla Rusiya arasında sülhməramlıların Qarabağdan yola salınması məsələsi müzakirə olunacaq və məsələ sakit şəkildə həllini tapacaq.  

- Bundan sonrakı mərhələdə nələr gözlənilir?

- Azərbaycan ərazilərində suverenliyini bərpa etdi. Bundan sonra tikinti-quruculuq, abadlıq işləri, şəhərlərimizdə dövlət strukturlarının bərpası, dövlət orqanlarının fəaliyyətə başlaması, köçkünlərin öz evlərinə qayıtması mərhələsi başlayacaq. Azərbaycan dövlətinin bu barədə planı var və o plan ardıcıllıqla icra olunacaq. Əsas suverenliyimizin bərpası idi, separatizmin kökünün qazınması idi ki, buna da nail olduq.  

- İndiki məqamda Ermənistanın siyasətində nələri müşahidə edirsiniz?

- Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər etdi, danışıqlar apardı. Rəsmi Paris çalışır ki, Azərbaycana hansısa yolla təzyiqlər etsin. Amma bu, alınmayacaq. Bu gün Fransa meydanda tək qalıb, çünki ABŞ da, Rusiya da Bakıya təzyiq etmirlər. Yəni keçmiş Minsk Qrupunun üç həmsədrindən ikisi bakıya təzyiq niyyətində deyillər. Ona görə də Parisin cəhdləri boşa çıxır.

Rəsmi İrəvana gəlincə, bu gün Paşinyan sevinir ki, “Qarabağ yükü”ndən canını qurtardı. Nikol istəyir ki, Ermənistanın bundan sonrakı inkişafı ilə məşğul olsun. Düzdür, publik çıxışlarında Azərbaycanın əleyhinə müəyyən fikirlər söyləyir, yəqin ki, bundan sonra da nələrsə deyəcək. Ümumilikdə isə rəsmi İrəvanın problemi indi Azərbaycanla yox, Rusiya ilədir. Bu problem daha da dərinləşməkdədir. Qərb yolunu tutan Ermənistan rəhbərliyi indi, Moskva ilə məsələsini necə yoluna qoymaq haqqında düşünməlidir.  

Ermənistanın daxili siyasətinə gəlincə, artıq radikal müxalifət qüvvələri də reallığı qəbul edib. Sentyabrın 19-da, Azərbaycan lokal antiterror əməliyyatı keçirdiyi gündə İrəvanda Paşinyan əleyhinə etirazlar başlamışdı, radikal şüarlar səsləndirilirdi. Amma bu, effekt vermədi və indi erməni cəmiyyəti də sakitləşib. Demək istədiyim odur ki, Ermənistan hakimiyyəti də, müxalifət də, cəmiyyət də reallıqla barışıb. Bundan sonra İrəvanın bir yolu var – Bakının şərtlərini qəbul etmək, sülh sazişini imzalamaq.

Müəllif: Anar Bayramoğlu