Qarabağ danışıqlarında yeni format: “Ankara masada olmalıdır”

Siyasət

12.10.2020 - 19:11

“Ya işğalı baş çatdıran sülh, ya da işğalı başa çatdıran hərbi əməliyyatlar – başqa yol yoxdur”

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, son birifinqdə jurnalistlərin “Türkiyə danışıqlar masasına oturacaqmı” sualına “Türkiyə Minsk Qrupunun üzvüdür və artıq masadadır” cavabını verib.

 

“Türkiyə, həmçinin Türkiyə Cənubi Qafqaz coğrafiyasına aid bir ölkədir və Azərbaycan ilə qardaşlıq əlaqələri var. İstənilən halda, Türkiyə və Rusiya formatında bu məsələyə baxılması daha etibarlı ola bilər”, - o bildirib.

 

AYNA mövzu ətrafında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı ilə həmsöhbət olub:

 

- Həm Türkiyənin, həm də Rusiyanın Minsk Qrupunun üzvü olması, bu təşəbbüsü önə çıxara bilər ki, Minsk Qrupunda fərqli format yaransın. Amma bunu Minsk Qrupunda daha çox sülhə töhfə vermək imkanı və niyyəti olan regional güclərin iştirakı kimi xarakterizə etmək olar. Yəni, Türkiyə və Rusiya hal-hazırda elə bir imkana malikdir ki, münaqişəni istəsələr ya hərbi, ya da dinc yolla və daha tez həll edə bilərlər. Yəni, Türkiyə və Rusiyanın münaqişə tərəfi olmayan dövlətlər kimi bunu etmək imkanları var. Ən azından, Türkiyənin bu istiqamətdə ciddi iradəsinin olduğunu görürük. Münaqişənin həlli ilə bağlı Rusiyanın iradəsi isə nisbdir. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn əsas prinspilərinin tam yerinə yetirilməsinin vacib olduğunu hələ vurğulamayıb. Sadəcə olaraq, atəşkəsin pozulmasından narahat olduğunu ifadə edir. Düzdür, Rusiyanın münaqişəyə fəal şəkildə qoşulmaması bəzi hallarda müsbət qiymətləndirilir. Amma mənim Rusiyadan gözləntilərim beynəlxalq hüquqa və beynəlxalq təşkilatların çağırışlarına əməl olunmasını vurğulamasıdır.

Aslanlı: “Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı iqtisadi imkanlar  yaradır”

- Siz hansı formatı daha faydalı hesab edirsiz?

 

- Türkiyə-Rusiya, Azərbaycan-Ermənistan formatında müzakirə aparılması daha faydalı ola bilər, nəinki Minsk Qrupunun həmsədrləri ilə. Yəni, sadəcə Rusiya formatında. Çünki Rusiya formatını biz daha əvvəllər, 1991-ci ildən bu günə qədər bir neçə təşəbbüslə görmüşük ki, o təşəbbüslər ya Azərbaycan ərazilərinin işğalı, ya Azərbaycanın yüksək səviyyəli dövlət rəsmilərinin öldürülməsi, ya da status-kvonun davam etməsi ilə nəticələnib. Minsk Qrupunun həmsədrlərinin təşəbbüsləri də daha çox status-kvonun qorunması və işğalın davam etməsi ilə nəticələnib. Həmçinin, başqa bir vasitəçi - İranın təşəbbüsləri də Azərbayan ərazilərinin işğal olunmasına rəvac verib. Bu baxımdan da Türkiyənin bu məsələdə vacib oyunçu kimi masada olması lazımdır. Hikmət Hacıyevin bunu qeyd etməsi də çox doğrudur.

 

- Danışıqlarda digər ölkələrin, xüsusən də Fransanın iştirakının sual altında olmasını necə dəyərləndirirsiz?

 

- Fransanın sərgilədiyi mövqeyə görə danışıqlarda iştirak etməsi artıq real görünmür. Əgər danışıqlarda vasitəçiyə ehtiyac olacaqsa - ki, mən buna əmin deyiləm - bu vasitəçilərin Rusiya və Türkiyə olması daha mənalı görünür.

 

- Deyək ki, məsələyə Türkiyə-Rusiya formatında baxılması razılaşdırıldı. Bundan sonrakı həll prosesi hansı istiqamətdə gedə bilər?

 

- Təbii ki, Rusiyanın bu məsələdə iştirakı bunu hərbi baxımdan mümkünsüz edir. Yəni, Rusiya və Türkiyə eyni vaxtda məsələnin həllində iştirak edəcəksə, burada söhbət ancaq siyasi həll yolundan gedə bilər. Amma bu həll yolu nəticə yaradacaq xarakterə malik olana qədər Azərbaycan hərbi əməliyyatları dayandırmayacaq. Çünki Azərbaycan üçün artıq atəşkəs deyə bir şey olmamalıdır. Ya işğalı baş çatdıran sülh, ya da işğalı başa çatdıran hərbi əməliyyatlar olmalıdır. Rusiya və Türkiyə burada sülhə töhfə verə bilər, lakin hərbi baxımdan heç kimin töhfəsinə ehtiyac yoxdur. Türkiyənin isə kənar güclərin prosesə müdaxilə etməsinin qarşısını almaq baxımından qardaş dəstəyi çox önəmlidir. Çünki Azərbaycan Ordusu öz ərazilərini azad edəcək imkana malikdir. Rusiya və Türkiyə, sadəcə daha çox qan tökülməsinin qarşısını alıb, Ermənistanı sülhə məcburetmə prosesinə siyasi dəstək verə bilər. Yəni ki, Azərbaycan bu prosesi hərbi şəkildə aparır, Türkiyə və Rusiya siyasi dəstək verir. Bir növ Ermənistanı başa salmaq lazmdır ki, burada başqa bir yol yoxdur. Ermənistan beynəlxalq hüquqa uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz və dərhal icra etməlidir. Söhbəti uzatmaq, yaxud da şərt qoymaq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin mahiyyətinə ziddir və buna qeyd-şərtsiz, dərhal əməl olunamlıdır.

Müəllif: Mərahim Nəsib