Putinin dənizdə batan milyardları – Bu dəfə təcavüzkara güzəşt yoxdur

Dünya

26.02.2022 - 19:49

Kremlin imperiya ambisiyaları ölkəni iqtisadi və sosial fəlakətə sürükləyir

“Şimal axını 2” artıq Baltik dənizinin dibinə gömülmüş sayıla bilər. Putin çoxmilyardlıq layihəni qaranlıq ambisiyalarına qurban verdi. Bu, əsasən enerji ixracına yönəlmiş Rusiya iqtisadiyyatı üçün çox böyük zərbə deyilmi?

“Şimal axını 2” qaz kəmərinin (NS-2) istismara verilməsi dondurulacaq. DW nəşri xəbər verir ki, bu barədə fevralın 22-də Berlində keçirilən mətbuat konfransında Almaniya kansleri Olaf Şolts açıqlama verib.

Almaniya hökumətinin başçısı qeyd edib ki, o, İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyindən Bonnda Federal Şəbəkə Agentliyi (Bundesnetzagentur, BNetzA) tərəfindən hazırlanmış mövcud təchizat təhlükəsizliyi təhlili hesabatını geri götürməyi xahiş edib: “Texniki səslənir, lakin bu, inzibati qanunvericiliyə uyğun olaraq zəruri addımdır ki, qaz kəmərinin sertifikatlaşdırılması bunsuz gedə bilməz. Bu sertifikat olmadan “Şimal axını 2” istismara verilə bilməz”.

“Almaniya İqtisadiyyat Nazirliyinin müvafiq şöbəsi son bir neçə gündə baş verən dəyişiklikləri nəzərə alaraq, tədarükün təhlükəsizliyinə yeni qiymət verəcək. İndiki mərhələdə ilkin sanksiyalardan əlavə (Rusiya Federasiyasına qarşı - red.) eskalasiyanın və bununla da növbəti fəlakətin qarşısını almaq mühümdür. Bizim bütün diplomatik səylərimiz buna yönəlib. BMT Təhlükəsizlik Şurasında biz və digər dövlətlər artıq açıq şəkildə bildirdik ki, Rusiyanın hərəkətləri dünyada zərrə qədər də dəstəklənmir”, - deyə kansler bildirib.

NS-2 qaz kəmərinin tikintisi sentyabr ayında tamamlandı, onun sertifikatlaşdırılması üçün müraciət Federal Şəbəkə Agentliyi tərəfindən nəzərdən keçirildi. Departament xəbərdarlıq edib ki, “Şimal axını 2”-nin tezliklə qəbulu mümkün deyil. Ukrayna və bir sıra Şərqi Avropa ölkələri bu qaz kəmərinin Rusiyanın siyasi təsir aləti olduğunu bəyan edərək onun istifadəyə verilməsinə fəal şəkildə qarşı çıxdı. ABŞ NS-2-nin Avropanın Rusiya qazından asılılığını artıracağına inanırdı.

Amma indi tam olaraq, obrazlı desək, borunun gələcəyi yoxdur. Amma plana görə, bu qaz kəməri Rusiya Federasiyasının büdcəsinə hər il milyardlarla xarici valyuta gətirəcəkdi. İndi də Putin Rusiyanı bu imkandan məhrum edib. O, necə belə qurbanlar verə bilər? Bunlar ümumiyyətlə, onun rejiminə, böyük ümidlər bəslədiyi ordusuna zərərlidirmi?

AYNA mövzunu tanınmış əcnəbi politoloqlarla müzakirə edib.

Ukraynalı enerji infrastrukturu üzrə ekspert, “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, “Qara dəniz təhlükəsizliyi” jurnalının baş redaktoru Mixail Qonçar:

““Şimal axını 2” layihəsi qaz biznesi ilə bağlı deyil, enerji silahı və korrupsiya ilə bağlıdır. Bu layihədə heç bir iqtisadi məqsədəuyğunluq yoxdur və heç vaxt da olmayıb - Qara dənizdən keçən “Türk axını”nda olduğu kimi. Çünki məqsəd minimum xərclə Avropaya qaz ixracından maksimum gəlir əldə etmək olsaydı, o zaman mövcud sərbəst boru kəməri imkanlarından istifadə olunardı. Onlar isə Ukraynanın qaz nəqli sistemi vasitəsilə “Şimal axını 2” və “Türk axını”nın birgə imkanlarını üstələyir. Ona görə də Rusiya bu axınlar olmadan da qaz ixracından milyardlarla valyuta qazana bilərdi.

Lakin Putinin kleptokratiyasına və onun yaxın çevrəsinə daxil olan oliqarxlara - Rotenberq qardaşlarına və Gennadi Timçenkoya yaxşı yem mənbəyi lazım idi. Və bu, “strateji qaz kəmərləri” üçün çoxmilyardlıq tikinti müqavilələri vasitəsilə təmin edilib. Bu meqalayihələrin “otkat” kəməri adlandırılması əbəs yerə deyildi. Axı, “Şimal axını 2” təkcə Baltik dənizinin dibi boyunca 1234 km-dən ibarət deyil. Bu, Rusiya ərazisi ilə Yamaldan Baltikyanıya qədər 3000 km-dən çoxdur. Bunu nəzərə alsaq, layihənin ümumi dəyəri 40 milyard avrodan artıqdır.

“Qazprom”un minimum 22%-lik geri ödəmə (otkat) dərəcəsinə əsasən, 8 milyard avrodan çox vəsait Putinin “ümumi fonduna” - cüdoçu dostlarının pul vəsaitləri hesabına daxil olub. İşin keyfiyyətsiz olması səbəbindən (pul oğurlandığı üçün) hər iki Şimal axınını qidalandıran boru kəmərləri dənizin dibindən Yamaldakı Baydaratskaya körfəzinin səthinə çıxdı.

Putinin axınlarının məqsədi Ukrayna və Polşadan yan keçmək, birbaşa Avropa İttifaqı (Aİ) bazarına çıxmaqdır. Amma Avropa İttifaqının “Şimal axını 2”-yə ​​ehtiyacı yoxdur. Nə Avropa Komissiyası, nə də Avropa Parlamenti bu layihəni nə vaxtsa dəstəkləyib. İndi isə onların skeptizmi Rusiyanın Aİ-nin qaz bazarındakı dominant mövqeyindən sui-istifadə etməsi ilə tamamlanır, Brüssel bunu son altı ayda - “Qazprom” Avropa qaz bazarını “qurutmağa” başlayanda və spot qiymətlər yüksəldəndə gördü. O zaman qiymət görünməmiş yüksəkliyə - 1000 kubmetr üçün 2200 ABŞ dollarına qalxdı. Təbii ki, Berlin bu layihəni dəstəklədi, çünki iki alman şirkəti “Qazprom”un tərəfdaşıdır. Amma! Almaniya onsuz da Ukrayna və Polşadan keçən mövcud qaz kəmərləri ilə lazımi həcmdə qaz alıb və almaqda davam edə bilər.

Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv hərəkətləri Almaniyada mənfi reaksiyaya səbəb olub. Layihənin sertifikatlaşdırılması əvvəllər operatorun Almaniya qanunvericiliyinə əməl etməməsi səbəbindən dayandırılıb. Onların fikrincə, “Qazprom” Almaniyada əməliyyat şirkəti yaratmaqla hər şeyi qaydasına salıb. Amma indi Almaniya hökuməti sertifikatlaşdırmanı tamamilə dayandırıb. Kansler Şolts bildirib ki, Rusiyanın son addımları həddi aşdı və belə bir vəziyyətdə layihə təsdiqlənə bilməz.

Sertifikatlaşdırmanın dayandırılması bütövlükdə layihənin dayandırılması demək deyil ki, Ukrayna və Polşa buna can atır. Beləliklə, bu layihəni tamamilə məhv etmək üçün hələ bir az da səy göstərilməlidir. Polşanın Baş naziri Mateuş Moravetski hətta “Şimal axını 1”-in dayandırılmasından da danışdı, çünki Rusiya qaz ixracından əldə etdiyi gəlirləri qonşularına qarşı müharibə aparmaq üçün istifadə edir.

Putin və onun ətrafı Arktikada, Sibirdə, Baltikdə və ya Qara dənizdə nə qədər çox pul basdırsa (indi onlar yeni yem mənbəyi – “Sibir gücü 2”-ni Çinə hazırlamağa başlayırlar), Ukraynaya qarşı, eləcə də Avropada, Cənubi Qafqazda, Yaxın Şərqdə və ya Afrikada hərbi macəralara bir o qədər az xərcləyəcəklər. Və cinayətkar rejimin sonu bir o qədər tez gələcək”.

Rusiyalı politoloq, Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, sosioloq Vladislav İnozemtsev:

“Bəli, deyəsən, NS-2-nin taleyi indi xeyli problemli olub. Təkcə onu deyərdim ki, indi bu prosesə son qoyulduğunu iddia etmək olmaz, çünki Almaniya tənzimləyicisi yalnız sertifikatlaşdırmanı dayandırıb. Qarşıda hələ çox illər var, yenidən başlaya bilərlər. Odur ki, indi deməyək ki, bu layihə nəhayət bağlanıb.

Amma hər halda, mən bunları deyərdim - Rusiya üçün bu, ilk növbədə, Ukrayna ərazisindən tranzitin dayandırılması baxımından siyasi əhəmiyyət kəsb edirdi. İndi bu, mümkün deyil. Amma bu, o demək deyil ki, Rusiya qazı Avropaya daha az çatdırılacaq. O, hələ də tədarük olunacaq - Ukrayna dəhlizi boyunca. Bu baxımdan Rusiya ciddi itki verməyəcək.

Söhbət ancaq ondan gedir ki, suyun altından borular çəkilib və bu, təxminən 12 milyard avroya başa gəlib. Bu, əlbəttə ki, böyük məbləğdir, lakin iki halı nəzərə almaq lazımdır. Bir tərəfdən bunlar artıq keçmiş xərclərdir, yəni artıq həyata keçirilib. Və çox güman ki, onlara xərclənmiş pulu da silməli olacaqlar.

Digər tərəfdən, “Qazprom”un bu əməliyyatda podratçıları əsasən Kremlə yaxın şirkətlər və şəxslər idi, ona görə də mən hesab edirəm ki, NS-2 ilk növbədə nəhəng çirkli pulların yuyulması layihəsi kimi vacib idi, bu layihədə Putinin bütün dostları artıq mümkün olan və olmayan hər şeyi qazanmışdılar. Buna görə də bu layihənin bağlanması sonda bu vəsaitlərin geri qaytarılmasından narahat olmadan silinməsinə imkan verəcək.

Ümumiyyətlə, hesab edirəm ki, Rusiya bu layihəni çox asanlıqla unuda bilər və buna görə heç bir fəlakət baş verməyəcək. Və bu layihənin itirilməsinin Putin rejimi üçün zərərli olub-olmaması sualı ümumiyyətlə gülüncdür, çünki məsələn, keçən il Rusiya büdcəsinin gözlənilməz, əlavə neft və qaz gəlirləri təxminən 4 trilyon rubl təşkil edib ki, bu da təxminən 55 milyard dollar təşkil edir.

Yəni faktiki olaraq bir kvartalda büdcə gözlənilmədən, yalnız qiymət dəyişkənliyinə görə, 6 il ərzində NS-2-də basdırdığı pulu geri aldı. Ona görə də bununla bağlı heç bir faciə yoxdur, bu məsələdə kritik heç nə yoxdur və heç vaxt olmayıb”.

Müəllif: Rauf Orucov