Rusiya Prezidenti Blinkenin tanqo haqqında dediklərinə cavab verdi: “Amerikalıların özləri rəqs etməyi bilmirlər”
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının mümkünlüyü və münaqişənin həllində ABŞ-ın rolunu müzakirə edərkən tanqodan danışıb. AYNA xəbər verir ki, bu barədə Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçiriləın mətbuat konfransında deyib.
Mümkün sülh danışıqları ilə bağlı sualı və ABŞ dövlət katibi Antoni Blinkenin belə bir dialoq kontekstində “tanqoya iki nəfər lazımdır” bəyanatını cavablandıran Putin cavabında bildirib ki, amerikalılar “rəqs etməyi bilmirlər, amma rəqs etməyə çalışırlar”.
Putin tanqonu gözəl və heyrətamiz musiqi adlandırıb.
“Eyni zamanda, Ukrayna üçün “qopak”ı unutmamaq vacibdir. Əks halda, onlar həmişə başqasının musiqisi və başqasının melodiyasına rəqs edəcəklər”, - deyə Prezident vurğulayıb.
Qeyd edək ki, Blinken Rusiyanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə Kiyevin danışıqlar aparacağını bildirmişdi: “Danışıqlara gəldikdə, tanqoya iki nəfər lazımdır. İndiyədək biz Vladimir Putinin diplomatiya ilə maraqlandığını göstərən heç bir əlamət görməmişik. O istəsə, o zaman düşünürəm ki, danışıqlara ilk olaraq ukraynalılar girəcək”.
Xatırladaq ki, "qopak" Ukraynanın milli rəqsidir.