“Putin Zelenski üçün tələ hazırlayır” – QONÇAR

Dünya

17.02.2022 - 23:23

Ukraynalı analitik: “Rusiyanın davranışları Minsk razılaşmalarının sonunu gətirəcək”

Rusiya Dövlət Dumasının üzvləri “Donetsk və Luqansk xalq respublikalarının tanınması haqqında” (DXR və LXR) qərar layihəsinə səs veriblər. “RİA Novosti” xəbər verir ki, Duma ən çox səs toplayan variantın seçildiyi reytinq səsverməsi əsasında “DXR və LXR”-in tanınmasının zəruriliyi barədə Prezidentə müraciət edilməsi məsələsinə baxıb. Dumaya Rusiya Federasiyası Kommunist Partiyasının və Vahid Rusiya Partiyasının qərar layihələri təqdim edilmişdi: ikincisi Xarici İşlər Nazirliyi ilə məsləhətləşməni əhatə edirdi, kommunist variantı isə layihənin dərhal Prezidentə göndərilməsini nəzərdə tuturdu.

Kommunistlərin təşəbbüsünün lehinə 351 deputat səs verib, 16 nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb. Vahid Rusiya layihəsi üçün 310 deputat lehinə səs verib. Beləliklə, birinci variant seçilib.

Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, sənəd dərhal dövlət başçısına göndəriləcək: “Deputatlar hesab edirlər ki, DXR və LXR-in tanınması təhlükəsizlik təminatlarının təmin edilməsinə və respublikaların sakinlərinin xarici təhdidlərdən qorunmasına, həmçinin beynəlxalq sülhün və regional sabitliyin möhkəmləndirilməsinə əsas yaradacaq”.

Qeyd edək ki, yanvarın 19-da Rusiya Federasiyası Kommunist Partiyasından olan parlamentarilər Donbass “respublikalarının” müstəqil dövlət kimi tanınması və dövlətlərarası hüquqi bazanın yaradılması üçün onların rəhbərliyi ilə tezliklə danışıqların aparılması ilə bağlı əlaqələrin, əməkdaşlığın və qarşılıqlı yardımın bütün aspektlərini tənzimləyən müraciət layihəsini Rusiya Prezidentinə təqdim ediblər. Fevralın 14-də isə Vahid Rusiyadan olan deputatlar Dövlət Dumasına Rusiya Federasiyası Kommunist Partiyasının qətnamə layihəsi üzrə Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr haqqında qətnamə sənədi təqdim ediblər.

Volodin ABŞ-ı gərginliyi artırmaqda ittiham edib: “Vaşinqton Avropa ölkələri ilə birlikdə Ukraynaya silah verir, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Bütün bunlar Rusiya vətəndaşlarının və DXR və LXR-də yaşayan həmvətənlərinin həyatı üçün təhlükə və risklər yaradır”.

Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Zuqanovun “RİA Novosti”yə verdiyi məlumata görə, Ukraynadakı vəziyyət narahatedicidir və Duma Prezidentə müraciətlə bağlı hər hansı layihənin qəbulu ərəfəsindədir: “LXR və DXR-in tanınması irəliyə doğru bir addım olacaq”.

Yəni bu addımların əvvəlcədən razılaşdırıldığı göz qabağındadır. Rusiya Federasiyasının Kommunist Partiyası, bildiyiniz kimi, heç bir halda müstəqil partiya deyil, o, hakim Vahid Rusiya ilə birgə fəaliyyət göstərir. Bəs, görəsən, Rusiyanın belə bir addımı hansı nəticələrə gətirib çıxara bilər? Axı bu, Moskvanın “müstəqilliyini” tanıdığı və həqiqətən də total təcriddə dəstəklədiyi yeni Abxaziya və Cənubi Osetiya kimi bir şey olacaq. Kimə lazımdır? Bunun Kremlə nə faydası var?

Mövzunu AYNA-ya ukraynalı politoloq, “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, Qara Dəniz Təhlükəsizliyi jurnalının baş redaktoru Mixail Qonçar şərh edib:

“Putin Zelenski üçün tələ vəziyyəti yaradır. Aydındır ki, Rusiya Federasiyası Dövlət Dumasının qərarı Kremlin göstərişi ilə qəbul edilib. Amma son söz Rusiya Prezidentinə məxsusdur. Dövlət Dumasının bu qərarı “LDX” və “DXR”-in rəsmi tanınması təhlükəsinin əlavə proqnozunu yaratdı. Bundan əlavə, son aylarda Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qərargahı bu iki bölgəni hərbi texnika, sursat və yanacaqla intensiv doldurur. Bir qayda olaraq bu faktı hətta ATƏT-in “kor” və “kar” missiyası da qeydə alırdı.

İndi ssenariyə görə, Kreml hamı ilə – təkcə Zelenski deyil, həm də “normandlarla” (Makron və Şolts) üz-üzə gəlib deyir ki, Minsk razılaşmalarını Ukrayna yerinə yetirməlidir! Əks halda, biz “LDX” və “DXR”-i tanıyacağıq, onlarla “müdafiə müqavilələri” imzalayacağıq və onlar “Kiyev xuntası tərəfindən işğal edilmiş Donbass ərazilərini geri qaytarmaq üçün azadlıq kampaniyasına” başlayacaqlar. Axı bu marionet “dövlət birləşmələri” Donetsk və Luqansk vilayətlərinin tam inzibati ərazilərində öz “konstitusiya”larını elan ediblər. Oxucuların nəzərinə çatdırım ki, Rusiya tez-tez deyildiyi kimi, bütün Donbassa yox, Donbass ərazisinin təxminən 1/3 hissəsinə nəzarət edir.

Kremlin məntiqinə görə, belə qaynar ssenari təhlükəsi həm birbaşa, həm də dolayısı ilə Kiyevə təzyiq səviyyəsini yüksəltməyə qadirdir, çünki həm Berlin, həm də Paris Minsk razılaşmalarını həyata keçirmək üçün Ukrayna hakimiyyətinə təzyiq göstərəcək. Düzdür, bu addım London və Vaşinqtonun “normandların” yanaşması ilə üst-üstə düşməyən fərqli baxışa malik olmasını nəzərə almır.

Rusiyanın bu cür hərəkətləri praktiki olaraq Minsk razılaşmalarının sonuna gətirib çıxaracaq. Onlar rəsmi olaraq müddəti bitən 31 dekabr 2015-ci ildən artıq klinik ölüm vəziyyətindədir.

Vaşinqtonun reaksiyası özünü çox gözlətməyib. 35 senator Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar da daxil olmaqla, sanksiyalar paketi haqqında qanun layihəsi təqdim edib. Qanun layihəsinin təşəbbüskarı Cim Riş açıq şəkildə bildirib ki, hərbi işğal hələ baş verməsə də, Rusiyanın Ukraynaya hücum etmək üçün Ukraynaya və ümumilikdə Avropa təhlükəsizliyinə zərər vura biləcək başqa yolları var. NYET adlı qanun layihəsi nəhayət “Şimal axını 2”-nin bağlanması üçün təcili tədbirlər görməyi tələb edir, Rusiyaya əlavə iqtisadi sanksiyalar tətbiq edir və yeni fondlar və alətlər vasitəsilə ABŞ-ın Ukraynaya yardımını artırır.

Beləliklə, biz tezliklə öz kuklalarımızın tanınmaması ilə bağlı hadisələrin gələcək inkişafını görəcəyik”.

Müəllif: Rauf Orucov