Putin qorxur, yoxsa aldadır - Kremldən ikibaşlı sülh bəyanatı

Aktual

28.04.2022 - 19:34

Sabiq deputat: “Ya Putini fiziki cəhətdən aradan götürəcəklər, ya da devirəcəklər”

Politoloq: “Putin ilə Zelenski anlaşmasa, Ukrayna Suriyanın gününə düşəcək”

Rusiya Prezidenti Vladimir Putin BMT Baş katibi Antoniu Quterreşlə Moskvada keçirdiyi görüşdə bəyan edib ki, Ukrayna ilə bağlı danışıqlarda diplomatik razılıq əldə edilməsi gözlənilir. Onun sözlərinə görə, Moskva Kiyevlə danışıqlardan imtina etmir və  Türkiyədəki təmaslarda böyük irəliləyişlər əldə edilib.

Kreml başçısının sülhdən dolayı açıqlamaları fonunda Rusiya ordusunun Ukrayna şəhərlərini bombardıman etməsi, minlərlə günahsız insanı qətlə yetirməsi Putinin səmimi olmadığına dair iddiaların həqiqət yükünü artırır. Analitiklər hesab edirlər ki, Putinin diplomatik yollarla münaqişənin çözülməsinə çalışdıqlarına dair bəyanatları Ukraynada törətdiyi təcavüzə haqq qazandırmaq niyyətindən qaynaqlanır.

Keçmiş deputat, siyasi elmləri doktoru, professor Cümşüd Nuriyev AYNA-ya deyib ki, Putinin son açıqlamaları onun psixoloji vəziyyətinin gərgin durumda olduğunu nümayiş etdirir: “Yalnız psixoloji vəziyyəti yerində olan adamlar adekvat addımlar atırlar. Putinin bir tərəfdən danışıqlara getməyə hazır olduğunu bəyan etməsi, digər tərəfdən Ukraynanı bombalaması xeyli suallar doğurur. Əgər sən müharibənin dayanmasını istəyirsənsə, niyə hər gün daha çox təcavüz edir və daha çox can alırsan? Görünən odur ki, Putinin komandası daxilində çox böyük çaşqınlıq və inamsızlıq hökm sürür. Belə davam etsə, Kremldə mərkəzdənqaçma meylləri güclənəcək. Putin komandasının üzvləri arasında çox ciddi qarşıdurma mövcuddur”.

“Vəziyyət o dərəcədə qeyri-müəyyəndir ki, bütün bunların fonunda Rusiyada dövlət çevrilişi gözlənilir. Bunu iki yolla həyata keçirə bilərlər: ya Putini fiziki cəhətdən aradan götürəcəklər, ya da onun devrilməsinə nail olacaqlar. Məmurların qeyri-müəyyən davranışları, Rusiya müxalifətinin fəallaşması bunun bariz nümunəsidir”, - deyə həmsöhbətimiz bildirib.

O, Rusiyada hərbi və kəşfiyyat dairələri arasında ciddi qarşıdurma hökm sürdüyünü də söyləyib: “Bu, kifayət qədər ciddi mətləblərdən xəbər verir. Çünki hər bir dövlətin idarə olunmasında bu iki qurumun müstəsna əhəmiyyəti var və onlar arasında koordinasiyalı fəaliyyət olmadığı zaman dövlət çevrilişi riski ortaya çıxır. Putinin mövcud şəraitdə yalnız bir yolu qalır - Ukraynanı tərk etdiyini və müharibəni dayandırdığını bəyan edir. Əks halda öz sonunu gətirmiş olacaq – bu, fiziki son da ola bilər, hakimiyyətinin sonu da”.

“Digər ehtimallar istisna olunur və Putinin “nüvə çemodanı” ilə dünyanı təhdid etməsi də məhz bundan qaynaqlanır. Putin anlayır ki, daxildə ciddi narazılıqlar mövcuddur və artıq bunun qarşısını almaqda acizdir. O, həm öz təhlükəsizliyini qoruyur, həm komandanı idarə edir, həm də Ukraynaya qarşı təcavüzə rəhbərlik edir. Hazırda onun psixoloji durumu yerində deyil və son açıqlamaları, bəyanatları zamanı ortaya çıxan ziddiyyətlər belə deməyə əsas yaradır. Putinin sülh çağırışları həm də müharibəni bir müddət dayandırıb, yenidən qüvvə toplamağa hesablanıb. Qərb isə bu imkanı ona tanımayacaq”, - deyə Nuriyev vurğulayıb.

Politoloq Əhəd Məmmədli isə AYNA-ya şərhində Rusiya-Ukrayna anlaşmasını mümkün hesab etdiyini deyib: “Türkiyə bu danışıqlarda ən uğurlu vasitəsçidir. Bunu Rusiya Prezidenti Vladimir Putin də etiraf edir, Ukrayna Prezidenti Volodimir Zelenski də. İstandulda baş tutan danışıqlar bir daha göstərdi ki, Türkiyədən başqa heç bir dövlət münaqişənin həll olunmasında maraqlı deyil. Bu baxımdan Putinlə Zelenskinin Ankarada və ya İstanbulda bir araya gəlməsi, sülh sazişi imzalaması bu qanlı müharibəyə son qoya bilər”.

“ABŞ və Britaniya müharibənin uzanmasında maraqlıdır. Hər iki dövlət çalışır ki, müharibə uzun müddət davam etsin. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bununla bağlı açıqlaması da təsadüfi deyil. Ukraynada günahsız insanların qanının tökülməsində Rusiyanın nə qədər əli varsa, Qərbin, xüsusən ABŞ və Britaniyanın da bir o qədər əli var. Görünür, bu xəmir hələ çox su aparacaq”, - deyə müsahibimiz qeyd edib.

Onun fikrincə, Zelenski Qərbin təzyiqlərinə tab gətirib qəti qərar versə, o zaman regiona sülh gəlmiş olacaq: “Bu, təkcə Zelenskidən yox, həm də Ukrayna rəhbərliyində təmsil olunan digər məmurlardan asılıdır. Onlar bu məsələdə vahid rəyə gəlməli və yekdil qərar verməlidirlər. Kuleba, Arestoviç, Kliçko və digərləri bu qəbildəndir. Onlar hazırda Ukraynanın idarə olunmasında yaxından iştirak edirlər. Zelenski və komandası qəti qərar versə ki, Rusiya ilə danışıqlara gedir və nəticəyə nəticəyə nail olunur, o zaman Rusiyanın Ukraynaya hərbi təcavüzü dayanacaq”.

“Yox, ABŞ və Britaniya buna imkan verməsə, o zaman bu müharibə rutin bir hala çevriləcək. Yəni, hər gün Ukraynadan qanlı xəbərlər almaqda davam edəcəyik. Eynilə Ukraynanı Suriyanın gününə qoyacaqlar. Bu isə öz növbəsində ukraynalıların da maraqlarına cavab vermir. Heç rusların da bunda marağı yoxdur. Burada qeyd etdiyim kimi, əsas maraqlı tərəf Qərbdir. Qərb Moskvadan istyədiyini alan kimi, onsuz da Kiyevi məcbur edəcək ki, Kremlin şərtləri ilə razılaşsın”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev