Problem şortikdə deyil, ay Kamran müəllim – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

22.09.2020 - 10:19

Şotlandlar Azərbaycana gəlsələr, onları da içəri almayacaqsınız?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bütün dünya ictimaiyyətinin qorxu qarışıq diqqətlə, Avropa ölkələrində koronavirusun ikinci dalğasının gəlməsi barədə xəbərləri izlədikləri zaman, biz – azərbaycanlılar, mətbuatın da ocağa yağ tökməsi ilə özümüzə daha maraqlı mövzu tapdıq. Bloger Fərid Pərdəşünas Dövlət Yol Polisinə sürücülük vəsiqəsi almaq üçün imtahan verməyə gedir və onu əynində şortik olduğuna görə imtahana buraxmırlar. Və başlandı.

Is Facebook Making Us Lonely? - The Atlantic

Kimi DYP-nin işində 50 qüsur olduğunu xatırlatdı, digəri “bir saqqal darağımız çatışımırdı” deyə gileyləndi. Bir sözlə, bu şortik məsələsi o qədər şişdi ki, çönüb oldu ümummiilli məsələ. Məsələyə ənənəvi sözdə konservatizm həvəskarları da böyük həvəslə girişdilər və çoxlarının mahiyyətini anlamadığı milli mentalitet bayrağı ilə silahlanıb, müzakirələri qızışdırdılar.

 

İş o yerə çatdı ki, məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev də qarşıdı. Dedi ki, geyimlə bağlı heç bir rəsmi qadağa olmasa da, hətta, müəyyən geyim formaları var ki, adi restoranlara, kommersiya təşkilatlarına belə, onunla insanlar içəri buraxılmır: “Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən düzgün deyil. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın qısa paltar da geyinə bilər, şortik də. Heç kim heç nə deyə bilməz, bu, onun haqqıdır. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinərək gəlməsi uyğun deyil. Bizdə kişilərin o formada geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bəlkə də, hələ o dövr çatmayıb. Buna görə də kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz deyil. Ora gələn digər şəxslərin tələbi ilə əlaqəlidir”.

 

Bu açıqlama şortik həvəskarları və əleyhdarları üçün yeni bir mübahisə predmetinə çevrildi. Və başladılar Kamran müəllimə döşəməyə. Mən hesab edirəm ki, şortik tərəfdarı və ya əleyhdarı olmasından asılı olmayaraq, Kamran Əliyev çox nahaq yerə tənqid atəşinə tutulur. Kişinin dediklərində qeyri-adi heç nə yoxdur və onun dövlət müəssələrinə xüsusi geyimlə buraxılması barədə mülahizələri də həm bizim, həm dünya ictimaiyyəti üçün yeni, dəhşətli bir şey deyil. Odur ki, Kamran müəllimi, imtahana şortiklə gələn birinin içəri buraxılmadığı üçün tənqid etmək düzgün deyil. O, başqa məsələyə görə tənqid olunmalıdır. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Həmişə demişəm ki, Azərbaycanda müəyyən vəzifələrə, xüsusən də əhalinin müxtəlif təbəqələri ilə işləməli olan vəzifələrə adam təyin edərkən, təkcə qohumluq əlaqələri, işgüzarlığını deyil, həmçinin məntiqini və elementar biliklərini yoxlamaq lazımdır ki, sözügedən axmaq situasiya yaranmasın. Kamran Əliyevin dediyi xüsusi geyim qaydası problemi yeni deyil. Məsələn, götürək elə K.Əliyevin Rusiyadan olan kolleqalarını. Həştərxan vilayətinin Yol Polisi İdarəsində içəri daxil olmaq üçün xüsusi dress-kod tətbiq edilir. Polis rəisi deyib ki, kimliyindən asılı olmayaraq, heç kim bu idarəyə istədiyi paltarda gələ bilməz və bunu daxili qaydalara salıb. İş o yerə çatıb ki, yolda maşını vurulan Denis Mixaylov adlı birisi idarəyə ərizə yazmaq üçün gələndə, şortikdə olduğu üçün buraxılmayıb. 

 

Daha buna bənzər bir hadisə Rusiya DİN Baş İdarəsinin Perm vilayəti üzrə İdarəsində baş verib. Qapıda dayanan əməkdaş qadınlı-kişili hamıya normal geyimdə gəlməyi tələb edir və bunun daxili qaydalarla tənzimləndiyini deyir.

 

Özbəkistanın Navoi şəhərində isə şortikdə olan bir biznesmeni heç bankın filialına belə, buraxmayıblar.

 

Yəni, belə hadisələr dünyanın bir çox ölkələrinə baş verir və orada əsas səbəb kimi heç bir mentalitet-filan göstərilmir. Ay Kamran müəllim, Azərbaycan hüquqi bir dövlət olduğunu bəyan edir. Və siz də bu dövlətin əhəmiyyətli bir qurumunun təmsilçisi kimi, başa düşməlisiz ki, dövlət idarəsi mental dəyərlərlə idarə olunmur. Haqqında sözügedən məsələnin problemə çevirilməməsi üçün dediklərinizi qanuna salmalısınız ki, heç bir əlavə sual yaranmasın. Yəni, dress-kodu daxili intizam qaydalarınıza salsanız, heç bir əlavə söz-söhbət də olmaz. Yoxsa başlamısınız ki, milli mentalitet elə gəldi, o biri belə getdi.

 

Bütün bunları etmədən, əslində, mənim fikrimcə, haqlı olan yerdə, gülməli bəhanələr uydurmaqla, özünüzü niyə haqqsız duruma salırsınız? Məsələn, deyirsiniz ki, “bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil”. Yəni, doğrudan hesab edirsiniz ki, imtahana gələn qadınlardan kiminsə şortikli kişi gördüyü üçün sizə şikayət etdiyinə kimsə inanır?

Azərbaycanda dövlət müəssisələrinə "şortik" və qısa ətəklə giriş qadağan  edilir? - AÇIQLAMA

Deməli, şəhəri başına götürən bu şortikli kişilər küçədə qadınları narahat etmir, amma imtahana gələndə narahat edir? Niyə - fikirlərini imtahandan yayındırır? Və siz hesab edirsiniz ki, imtahanda istənilən qısalıqda şortik geyən qadınlar kişiləri narahat etmir, onların fikirlərini imtahandan yayındırmır və bu, onların haqqıdır, amma əksinə olanda, yox? Belə yazı formasının tərəfdarı olmasam da, burada böyük məmnuniyyətlə bir neçə smaylik qoyardım...

 

P.S. Azərbaycanın hüquq-mühafizə orqanları dünyanın bir çox ölkələrindəki kolleqaları ilə əməkdaşlıq edir. Mən böyük məmnuniyyətlə Azərbaycana Şotlandiya polisinin nümayəndələrinin gəlişini gözləyirəm. Onların geyimi, Kamran müəllimin təbirincə desək, milli mentallığı kilt, yəni bizim anladığımız yubka geyinməyi tələb edir. Onları da içəri almayacaqsınız?

Müəllif: Yoldaş Mircəfər