Prezidentdən xəbərdarlıq: “Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil”

Aktual

18.03.2023 - 15:56

İlham Əliyev: “Ermənistanın rahat yaşaması üçün bir şərt var – rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”

“Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın”. AYNA xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

“Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər”, - dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq: “Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.

“Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”, - deyə Prezident vurğulayıb.

“Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi? İşğal dövründə nə üçün bizim işğal edilmiş bütün torpaqları dırnaqarası “Dağlıq Qarabağ respublikası” adı altında birləşdirməyə cəhd göstərmişdilər, kitablar dərc edilirdi. Bu çirkin əməllərə, bu qanunsuz əməllərə göz yuman beynəlxalq təşkilatlar, bəzi ermənipərəst ölkələr nə üçün o vaxt Ermənistana irad tutmurdular? Biz nə qədər ikili standartlarla üzləşməliyik? Biz nə qədər riyakarlıqla üzləşməliyik?” – deyə dövlət başçısı əlavə edib.

Müəllif: Ayna.az