Prezident: “Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”

Aktual

20.09.2024 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub”

“Bu günü - Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”. AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb. Dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib: “44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”.

“Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim. Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”, - deyə Əliyev vurğulayıb.

Prezident deyib ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlətimizin başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.

“Bura, Xankəndi bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar”, - Prezident əlavə edib.

“Biz bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var”, - deyə dövlətimizin başçısı qeyd edib.

Müəllif: Ayna.az