Saxlanılan şəxslər miqrantları qanunsuz olaraq Polşa ərazisinə keçirmək istəyirmişlər
Rusiya, Ukrayna və Tacikistan vətəndaşları Polşa sərhədini qanunsuz keçmək istəyən miqrantlara kömək etdiklərinə görə saxlanılıblar. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşanın Podlaskie polisi “Twitter”də məlumat yayıb.
“Üç Ukrayna, bir Rusiya və bir Tacikistan vətəndaşı sərhədi qanunsuz keçmək istəyənlərə yardım etdikləri üçün saxlanılıb. Onlar 18 nəfər miqrantı qanunsuz olaraq Polşaya keçirməyə cəhd ediblər”, - bildirilib.
Qeyd edək ki, bundan əvvəl Belarus Dövlət Sərhəd Komitəsi Litva təhlükəsizlik qüvvələrinin döyülərək öldürülən qaçqının meyitini çantada çölə atdığını açıqlayıb.
Xatırladaq ki, noyabrın 8-də Yaxın Şərqdən olan bir neçə min miqrant Belarusun Polşa və Litva ilə sərhədinə toplaşıb. Onlar Almaniyaya getmək üçün Polşaya keçmək istəyiblər. Bu zaman sərhəddə incident yaranıb. Qərb iddia edir ki, vəziyyət Belarus hakimiyyəti tərəfindən xüsusi olaraq “hibrid müharibəsi” çərçivəsində təşkil olunub.