Polisdən əməliyyat: narkokuryerlik edən şəxslər yaxalanıblar

Xəbərlər

27.06.2024 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Saatlıda İran vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb

Saatlıda narkokuryerlər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb.

Müəllif: Ayna.az