Plovsevərlər ölkəsi özünü düyü ilə təmin edə bilmir – Bəlkə sabah...

İqtisadiyyat

30.10.2021 - 20:08

Düyü idxalı artıb: Azərbaycan özünü düyü ilə təmin edə biləcəkmi?

Düyü Azərbaycan mətbəxinin bir çox yeməklərinin əvəzolunmaz tərkib hissəsidir. Satışda siz əsasən Hindistan, Pakistan, Azərbaycan düyülərini tapa bilərsiniz, lakin sonuncusu qalanlarının fonunda görünmür. Ölkəmizdə çəltikçilik, əsasən Lənkəran-Masallı, Şəki-Zaqatala və Quba-Xaçmaz zonalarında inkişaf etdirilir. Yerli sortlardan “Sədri”, “Həsəni”, “Pəhriz”, “Ənbərbu” kimi düyü sortları ən yüksək məhsuldarlığı, dadı və ətri ilə məşhurdur. Bir çox ekspertlər yerli düyünün yüksək keyfiyyətini qeyd edirlər.

Xatırladaq ki, Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı var. Onun məqsədləri əhalinin bu məhsullara olan tələbatını ödəmək, emal müəssisələrinin xammalla təminatını yaxşılaşdırmaq, kənd əhalisinin məşğulluğunu və maddi rifahını yüksəltməkdən ibarətdir. Dövlət Proqramına əsasən, çəltik əkin sahəsinin 10 min hektara, məhsuldarlığın isə hektardan 40 sentnerə çatdırılması nəzərdə tutulur.

Ölkəmizdə düyüyə illik tələbat 40 min tona yaxındır. Bəzi proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycan özünü bu məhsullarla tam təmin edə biləcək. Amma buna qədər hələ bir neçə il var və məsələ ondan ibarətdir ki, biz buna ümumiyyətlə, nail ola bilərikmi?

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il çəltik əkini sahəsi ötən illə müqayisədə 104 hektar artaraq 3105 hektar təşkil edib. Artıq 8 min 839 ton çəltik yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 862 ton çoxdur. Hazırda çəltik məhsuldarlığı hər hektardan 35,2 sentner olub və ötən illə müqayisədə artıb. Ancaq gördüyünüz kimi, məhsul tələb olunan həcmlərdən hələ çox uzaqdır.

Bu arada, ölkəmiz idxalı artıraraq, bu qida məhsulunu almağa davam edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında biz 35,9 min ton düyü idxal etmişik. İdxal edilən düyü 26,3 milyon dollar dəyərində olub. Ötən ilin eyni dövründə Azərbaycan 45,8 milyon dollar dəyərində 31,7 min ton düyü idxal edib.

İqtisadçı ekspert Fuad Əlizadənin AYNA-ya dediyinə görə, bu sahədə əsas liderlər dünya istehsalının 54%-ni təmin edən Çin və Hindistandır: “Dünyada düyü istehsalı artır, ona görə də bu məhsulun bahalaşması üçün heç bir ilkin şərt yoxdur. Amma bəzi istehlakçı ölkələrdə konteyner daşımaları və gəmi yükdaşımalarının qiymətlərinin artması səbəbindən düyü qiymətləri qalxır”.

Yerli çəltikçilikdə vəziyyətə gəlincə, həmsöhbətimizin bildirib ki, bu il Azərbaycan fermerləri çəltikdən yüksək məhsul götürməyi gözləyirlər: “Baxmayaraq ki, hava şəraiti ilə əlaqədar məhsul yığımı planlaşdırılandan geridə qalır. İndi yerli düyü üçün qiymətlər yenicə formalaşır. Düşünürəm ki, zaman keçdikcə ölkəmiz öz istehsalının artması fonunda bu məhsulun idxalından asılılığını xeyli azalda biləcək”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə fərqli fikirdədir. Onun AYNA-ya şərhinə görə, ölkəmiz yaxın gələcəkdə özünü düyü ilə tam təmin edə bilməyəcək: “Bizdə belə əkin sahələri yoxdur. Bundan əlavə, çəltikçilik  çox su tələb edir və ölkəmizdə bu resurs çatışmazlığı var. Dünya düyü bazarı bir neçə dövlət, o cümlədən Hindistan, Pakistan, Vyetnam, İranla təmsil olunur. Azərbaycanda çəltik yetişdirmək üçün ən əlverişli iqlim yalnız Lənkəran və Astaradadır. Amma bu fəaliyyət, bəlkə də, təkcə Lənkəran rayonunda sərfəlidir, lakin oradakı fermerlər buna o qədər də maraq göstərmirlər, daha çox çay yetişdirməyə üstünlük verirlər”.

“Daha bir məqam – bizdə çəltikçilikdə əsasən əl əməyindən istifadə edirlər və ölkədə çəltikyığan kombaynlar çox azdır. Yəni, əslində, avadanlıq yoxdur, bu seqmentdə lazımi mütəxəssislər yoxdur, seleksiya, genetika ilə məşğul deyillər. Yeni nəsil bu kimi məsələlərdən kənardadır və bu istiqamətdə ən azı müəyyən qədər çalışanlar artıq təqaüdə çıxıblar. Amma istehlakçılara bazarımızda az rast gəlinən və kifayət qədər baha olan qara və qəhvəyi düyü də təklif etmək olardı”, - deyə ekspert vurğulayıb.

Müəllif: Elya Belskaya