Paytaxt sakinlərini necə xilas etməli – Yaşıl təhlükə

Cəmiyyət

24.11.2021 - 23:24

Belə hadisələr hələ çox baş verəcək, bu isə o deməkdir ki, yeni qurbanlar ola bilər

Küləklər şəhəri olan Bakıda küləkli hava ilə heç kəsi təəccübləndirə bilməzsiniz. Amma şəhərimizdə hər hansı güclü külək həm əmlak, həm sağlamlıq, həm də həyat üçün risklə müşayiət edilir. Fövqəladə Hallar Nazirliyi belə günlərdə xüsusi ehtiyac olmadan evdən çıxmamağı, binalardan, reklam lövhələrindən və s. aralı dayanmağı tövsiyyə edir.

Amma aydındır ki, bu tövsiyələr həyata keçirilə bilməz, kiminsə işə getməsi, kiminsə oxuması, kiminsə vacib məsələlərlə məşğul olması lazımdır və yalnız bəxtə ümid etmək olar. Güclü küləkdə təhlükələrdən biri də ağaclardır. Noyabrın 10-da əsən sonuncu güclü külək zamanı Bakıda 90-dan çox ağac aşıb, 10 avtomobilə ziyan dəyib.

O da məlum olub ki, həmin gün “PRoMete” təxəllüsü ilə tanınan reper Pərviz İsaqovun anasının üzərinə ağac aşıb və nəticədə qadın ağır xəsarət alıb. O, bu barədə sosial şəbəkələrdə məlumat verib. Hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki evlərin birinin həyətində, qadın qonşularla söhbət edərkən baş verib. Qonşular küləyin başladığını görüb evə getməyə qərar verirlər. Bu zaman əsən küləyin təsirindən ağac qadının üzərinə aşıb. Zədəsi o qədər ciddi olub ki, onun ayağı amputasiya olunub.

“Hadisədən bir neçə saat sonra kəsilmiş ağac həyətdən çıxarılıb. Qeyd edim ki, evimizin sakinləri bu ağacla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, cavab ala bilməyiblər. Yasamal Rayon Prokurorluğuna müraciət etdim. Əminəm ki, bu məsələ araşdırılacaq və günahkarlar cəzalandırılacaq”, - deyə reper bildirib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda hava şəraitindən dolayı belə hadisələr dəfələrlə baş verəcək, bu isə o deməkdir ki, yeni qurbanlar ola bilər. Hər dəfə güclü küləklə çoxlu sayda ağacın aşmasının səbəbi nədir və gələcəkdə onların günahı ucbatından faciələrin baş verməməsi üçün nə etmək lazımdır?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov AYNA-ya açıqlamasında deyib ki, şəhərdə kökü dərinə getməyən ağaclar var və güclü küləkdən ən çox onlar yıxılır: “Problem ondadır ki, Bakıda yanlış ağaclar əkilib. Məsələn, küknarların kökləri dərinə getmir. Abşeron yarımadası kifayət qədər gəncdir və bunu, yəni torpağın tərkibini, sıxlığını nəzərə almaq lazımdır. Çox hündür olmayacaq, eninə daha çox böyüyəcək ağaclar əkmək lazımdır”.

“Bir qayda olaraq, hündür ağaclar yıxılır. Müvafiq qurumlar mütəmadi olaraq və vaxtında ağacların vəziyyətinə nəzarət etməlidir, onların arasında xəstə, çətinliklə ayaqda qalan ağaclar müəyyənləşdirilməli, tədbir görülməlidir. Amma lazımi nəzarət yoxdur”, - deyə ekoloq bildirib.

Paytaxt sakininin ayağının kəsilməsi ilə nəticələnən hadisə onu göstərdi ki, təhlükəli ağaclarla bağlı vətəndaşların müraciətlərinə məsul strukturlar vaxtında reaksiya vermir.

Ekoloji təşkilat olan “Davamlı İnkişaf” İctimai Birliyinin sədri Fikrət Cəfərovun AYNA-ya dediyinə görə, Sovet dövründə Bakıda yaşıllıqların salınmasına qərar veriləndə əkilməsi üçün yanlış ağac növləri seçilib: “Şəhərdə çoxlu qovaqlar var və onlar, birincisi, çox kövrəkdirlər, ikincisi, çürüməyə meyilli və kökləri torpağın dərinliyinə getmir, xüsusən Abşeron şəraitində. Bizim şəraitimizə uyğun olmayan başqa kövrək ağaclar da var. Belə ağacları daha uyğun növlərlə əvəz etmək və ya güclü cavanlaşma aparmaq, yəni maksimum 2-2,5 metrlik qısa gövdə buraxmaq barədə qərar verilməli idi. Bu vəziyyətdə, yeni budaqlar incə olacaq və köhnələr kimi təhlükəli olmayacaq”.

“Hazırda Bakıda aparılan abadlıq işlərində ilk növbədə müasir dekorativ ağaclardan istifadə olunur. Mərkəzi parklarda, məsələn, xiyabanlarda çinar, akasiya, həmişəyaşıl, gözəl görünüşlü ağaclar əkilir. Noyabrın 10-da baş verənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, təhlükə yaradan köhnə, çürümüş ağacları müəyyən etmək üçün şəhərdəki bütün yaşıllıq zolaqlarının inventarlaşdırılması və bu monitorinq əsasında qış mövsümündə onların dəyişdirilməsi və ya cavanlaşdırılmasının həyata keçirilməsi zəruridir”.

Müəllif: Elya Belskaya