Paşinyandan sülh açıqlaması: “Müqaviləni istənilən vaxt imzalamaq olar”

Aktual

16.02.2023 - 13:18

"Ermənistan öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib"

Ermənistan öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib. AYNA bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Dünən Ermənistan Azərbaycanla sülhün bərqərar olması və əlaqələrin qurulması layihəsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, sənədin tərtib edilməsində məntiq elədir ki, onu istənilən vaxt imzalamaq olar.

“Bu sənəd Azərbaycan üçün də məqbul ola bilər. Ümid edirik ki, danışıqların üç raundunda qeyd olunan tərəqqiyə əsaslanmaq mümkündür. Bizim baxışımız belədir: sənəddə uzunmüddətli sülh və sabitliyin pozulmasının istənilən ssenarisini istisna edəcək razılaşmaların məntiqi, nəzarət və balans sistemi olmalıdır”, - Paşinyan bildirib.

Ermənistanın Baş naziri bəyan edib ki, o, mümkün qədər tez bir zamanda uzunmüddətli sülh və sabitliyin qarantı olacaq sənədi imzalamağa hazırdır: "Mən belə bir vəzifə götürməyə və belə bir məsuliyyət daşımağa hazıram".

Qeyd edək ki, rəsmi Bakıdan sənədə hələlik münasibət açıqlanmayıb.

Müəllif: Ayna.az