Sergey Javoronkov: “Putin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişəsinin davam etməsində maraqlıdır”
Vardan Arutyunyan: “Qonşularla sərhədlər açılmalı, insanlar sərbəst hərəkət etməli, ünsiyyət qurmalı, müxtəlif işgüzar və şəxsi əlaqələrə malik olmalıdırlar”
Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın bütün sərhədlərinin mühafizəsinin ölkənin sərhəd qoşunlarına verilməsinin zəruriliyini bəyan edib. Amma indi bildiyimiz kimi, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya Sərhəd Qoşunları qoruyur.
“Biz istəyirik ki, Ermənistan Respublikasının bütün sərhədləri istisnasız olaraq, yerli sərhəd qoşunlarının nəzarətinə keçsin, ordu hissələri isə daimi dislokasiya yerlərinə qayıtsın. Bu, Silahlı Qüvvələrin məntiqinin əsasını təşkil edir”, - deyə Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
İzah edib ki, konseptual olaraq Sərhəd Qoşunları, ümumiyyətlə, sülh simvoludur, çünki Sərhəd Qoşunlarının qoruduğu sərhədlər adətən dinc sərhədlər hesab olunur: “Çünki güman edilir ki, bu sərhədlər istiqamətində yerləşən ölkələr və dövlətlərlə dostluq və ya sülh haqqında saziş bağlanıb və bu, çox vacibdir”.
Baş nazir çətinlikləri başa düşdüyünü də dilə gətirib: “Çox deyirlər ki, bəli, bizə sülh lazımdır, amma nəyin bahasına olursa olsun yox. Ümumiyyətlə, heç kimə nəyin bahasına olursa olsun, heç nə lazım deyil, çünki hər şeyin öz qiyməti var və sülhə nəyin bahasına olursa olsun yox, məhz sülhün qiymətinə nail olmaq olar”.
Paşinyanın fikrincə, bu məqsədə çatmaq üçün uzun və çətin bir yol var. "Təəssüflər olsun ki, ölkəmizin üzləşdiyi təhlükəsizlik problemləri nəinki həllini tapmayıb, əksinə narahatlıq yaratmaqda davam edir. Biz hamımız, ilk növbədə, ölkənin siyasi rəhbərliyi ölkəmizin sərhədləri boyunca sülhün və sabitliyin təmin olunmasına çalışmalıyıq".
Hökumət başçısı yeganə missiyası kimi Ermənistan Respublikasının təhlükəsiz, firavan inkişafı və gələcəyini, müstəqilliyini və suverenliyini təmin etməyi çağırıb.
Nikolun bu bəyanatları bir növ mesajdır ki, Türkiyə ilə sərhədlər İrəvan baxımından artıq sülh şəraitinə çevrilir və ermənilərin özləri xarici müttəfiqin köməyi olmadan onların öhdəsindən gələ bilirlər. Yəni əslində o, Moskvaya siqnal göndərir ki, Ermənistan artıq Rusiya Sərhəd Qoşunlarının iştirakı olmadan da öz sərhədlərinin təhlükəsizliyini təmin edə bilər.
Bu, çox böyük iddiadır. Bir də gördün bundan sonra növbə 102-ci bazaya çatdı. Maraqlıdır, Moskva Paşinyanın indiki mesajına necə reaksiya verəcək?
Mövzunu AYNA-ya tanınmış əcnəbi ekspertlər şərh ediblər.
Rusiyanın Demokratik Seçim siyasi partiyasının həmsədri, Qaydar İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:
“Bildiyiniz kimi, Rusiya hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ilə bağlı razılaşma uzaq 2044-cü ilə qədər qüvvədədir. Bununla belə, erməni cəmiyyətini narahat edən əsas sual budur: bu birləşmələr hansı halda müharibəyə qoşulacaq və vuruşacaq? Həqiqətən, müxtəlif kontingentlərin (məsələn, Yuqoslaviyadakı "sülhməramlılar") döyüşlərdə iştirakdan yayındığı, əslində yalnız özlərini qoruduğu bir çox nümunə məlumdur.
Əvvəllər qeyri-rəsmi hesab olunurdu ki, onlar vuruşacaqlar - o cümlədən Qarabağ üçün. Moskvanın rəğbət bəsləmədiyi (avtoritar rejimi devirdiyi üçün rəğbəti olmayan) Paşinyan hakimiyyətə gəldikdən sonra məlum oldu ki, Putin Qarabağı müdafiə etməyə hazır deyil, qalanlarına gəlincə, görəcəyik.
Mənə elə gəlir ki, Putin hər iki tərəfin dəstək üçün müraciət edəcəyi moderator rolunu yerinə yetirmək üçün Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişəsinin davam etməsində maraqlıdır. Məqam düşərsə, Putin Paşinyanı hakimiyyətdən devirməkdən məmnun olardı, amma müharibədəki məğlubiyyətə baxmayaraq, məlum oldu ki, o, kifayət qədər möhkəm oturub, çünki o, özünü əvvəlki qeyri-populyar hakimiyyətdən uzaq saxlayır və müxalifət isə yeni, cəlbedici bir hərəkat yarada bilmədi. “Qarabağ klanı”nın Paşinyanı xəyanətdə ittiham etmək cəhdləri sadə bir sual doğurur: siz Rusiyanın razılığı olmadan hərbi əməliyyatların bərpasını təklif edirsinizmi? Yox? Yaxşı, onda danışmağa bir şey yoxdur”.
Ermənistanlı ictimai xadim, hüquq müdafiəçisi, publisist, sovet dövrünün siyasi məhbusu Vardan Arutyunyan:
“Bilmirəm, Paşinyan Moskvaya hansısa siqnal verir, ya yox, amma dəqiq bilirəm ki, regionumuzda sülh olmalıdır və ölkələrimiz sülh şəraitində yaşamalıdır. Sərhədlərimiz dinc və qonşuların və qeyri-qonşuların keçidi üçün azad olmalıdır.
Mən həmişə bu haqda yazmışam, danışmışam, bu gün də yazıram, danışıram. Yeganə olaraq, təəssüf ki, bizim ölkənin hökumətləri sülhü müharibədən və böyük itkilərdən sonra başa düşürlər. İstərdim ki, sözdən əmələ keçə bilsinlər.
Uşaqlarımız sülh şəraitində yaşamalı, müharibəyə hazırlaşmamalı, gələcək müharibələrdə ölməməlidirlər. Biz öz ziddiyyətlərimizi həll etməliyik ki, uşaqlarımıza qalmasın. Bunun üçün məncə, sərhədlərdən başlamaq olar və lazımdır. Açmalıdırlar. İnsanlar sərbəst hərəkət etməli, ünsiyyət qurmalı, müxtəlif işgüzar və şəxsi əlaqələrə malik olmalıdırlar. Ünsiyyət çox şeyi həll edə bilər”.