Paşinyan sülh sənədinin tezliklə imzalana biləcəyini açıqladı: “3 əsas prinsip razılaşdırılıb”

Aktual

30.10.2023 - 11:32

“Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsipin razılaşdırıldığını açıqlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Baş nazir deyib ki, tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq.

Paşinyanın parlamentdə 2024-cü ilin büdcə layihəsinin müzakirələri zamanı qeyd edib ki, birinci prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır: “Bakı Ermənistan Respublikasının 29,8 min kvadratkilometr sahəsi olan ərazisini tanıyır. İrəvan isə Azərbaycan ərazisini 86,6 min kvadratkilometr sahədə tanıyır. Demək istəyirəm ki, bu rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur. Dəqiq rəqəmlərə ənənəvi inamsızlıq burada da işə düşür. Siyasi müstəvidə razılaşma əldə olunub və fikir tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarət olub. Eyni zamanda, tərəflər başa düşürlər ki, bu mənbə əsasında sərhədin demarkasiyası və delimitasiyası aparılacaq”, - deyə Baş nazir deyib və əlavə edib ki, rəqəmlər 1977-ci il Sovet ensiklopediyasından götürülüb.

İkinci prinsip, Paşinyanın fikrincə, belədir: tərəflər Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası barədə razılığa gəliblər: “Yəni tərəflər ondan çıxış edirlər ki, sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığını tanımaq lazımdır”.

Paşinyan bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olmasının vacib olduğunu vurğulayıb: “Bu xəritələr mövcuddur. Siyasi iradə olarsa, irəli gedə bilərik”.

Paşinyan üçüncü prinsipi keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olan regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasda açılması olduğunu deyib.

Müəllif: Ayna.az