Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Dünya

06.05.2024 - 15:43

Mayın 7-də Baş nazir mətbuat konfransı keçirəcək, mayın 8-də isə Aİİ-nin sammitində iştirak üçün Moskvaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamentinin spikeri Alen Simonyan məlumat verib.

Paşinyanın Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualı cavablandıran Simonyan “xeyr” deyib.

Onun sözlərinə görə, Baş nazirin mətbuat konfransı mayın 7-nə planlaşdırılıb.

Eyni zamanda, spiker qeyd edib ki, Paşinyan mayın 8-nə planlaşdırılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcək.

“Ermənistan Aİİ-yə sədrlik edir və hesab edirəm ki, iclasda iştirak etmək düzgündür”, - deyə Simonyan vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq. Mart ayında Rusiyada prezident seçkiləri keçirilib və bu seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putin qalib gəlib.

Müəllif: Ayna.az