Paşinyan öz əli ilə özünə qarşı inqilab hazırlayır

Dünya

20.06.2020 - 23:00

“Ermənistanda baş verənlərdən əks-inqilab qoxusu gəlir”

 

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməyə doğru gedir. Ölkənin müxalifət lideri, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının götürülməsi, ona qarşı cinayət işinin açılması, gərginliyi artırıb.

 

Qeyd edək ki, iyunun 14-də Milli Təhlükəsizlik Xidməti müxalif liderin evində və rəhbərlik etdiyi partiyanın ofislərində axtarış aparıb. Çarukyana 3 maddə ilə - qanunsuz biznes fəaliyyəti ilə məşğul olmaq, qanunsuz olaraq dövlətə məxsus torpaq ərazilərini mənimsəmək və parlament seçkilərində seçiciləri rüşvətlə ələ almaq maddələri ilə cinayət işi açılıb.

 

Həmin gün Çarukyanın tərəfdarları və siyasi fəallar, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatları Yerevan küçələrinə axışdılar. Ölkənin hüquq-mühafizə orqanları aksiya iştirakçılarını zorakı yolla dağıtdı, deputatları və jurnalistləri döydü. Bu zorakılığa qarşı digər siyasi partiyalar etiraz bəyanatları verdi. İyunun 16-da isə Çarukyanın deputat toxunulmazlığı götürüldü və həbsə yolu “açıldı”.

 

Bir çox analitiklər bildirirlər ki, bundan sonrakı proseslər əks-inqilabla nəticələnə bilər. Qaqikin rəhbəri olduğu partiya onun həbsini Baş Nazir Nikol Paşinyanın siyasi sifarişi adlandırır. Bu olaylara son qoyulmayacağı təqdirdə, davamlı aksiyalar keçirəcəklərini bildirirlər. Bəzi analitiklər isə hesab edirlər ki, Çarukyanın həbsi ilə Paşinyan əks-inqilabın qarşısını alır.

Suriyanın Krımla bağlı addımı beynəlxalq aləmdə əhəmiyyət daşımır ...

İlqar Vəlizadə: “Görünür Baş Nazirin niyyəti siyasi meydanı tam nəzarət altına almaqdır”

 

Ermənistandakı prosesləri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Paşinyan iqtidarı pandemiyanın qarşısının alınması istiqamətində təsirli addımlar ata bilməyib. Onun sözlərinə görə, infeksiyanın önlənməsi məsələsində hökumət səriştəsiz davranıb: “Görünən odur ki, COVID-19-la bağlı ağır vəziyyətə hazır olan və daha sərt karantin qaydaları tətbiq edən ölkələr uğur qazana bildilər. Söhbət təkcə səhiyyənin zəif və ya güclü olmasından yox, inzibati tədbirlərin düzgün təşkilindən gedir. Ermənistan isə inzibati baxımdan təsirli müqavimət göstərə bilmədi. Ermənistanda sosial gərginlik və koronavirusla mübarizənin effektsizliyi etirazlara səbəb oldu. Paşinyan 2 ildir hakimiyyətdədir və bu müddət ərzində inzibati strukturları qura bilməyib. Bu da qarışıqlığın yaranmasına səbəb olan amillərdəndir”. “Ümumiyyətlə, Ermənistanın siyasi səhnəsi 2 ildir ki, stabil deyil. Məxməri inqilabla hakimiyyətə gələn Paşinyan ilk gündən siyasi müqavimətlə üzləşirdi. İndi baş verən olaylar müqavimətin daha da artdığını göstərir. Artıq insanlar da başa düşür ki, Paşinyanın populist hökuməti Ermənistanı daha da uçuruma aparır. Hətta erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, Paşinyan hakimiyyəti ölkəni Sarkisyan iqtidarından da pis idarə edir. Əvvəlki hökumət daxildəki siyasi və iqtisadi problemləri pis-yaxşı idarə edə bilirdi. Paşinyan heç bunu da bacara bilmir”, - deyə Vəlizadə vurğulayıb.

 

Şərhçinin qənaətincə, Çarukyan faktiki olaraq Ermənistan siyasətində böyük faktor rolundadır: “O, qatı müxalifətçi deyil, amma iqtidara da yaxınlığı yoxdur. Çarukyan həmişə hansısa proseslərdə yumşaldıcı faktor rolunu oynayıb, proseslərin mürəkkəbləşməsinin qarşısını ala biləcək gücdür. Çarukyanın həbsi o deməkdir ki, Paşinyan 2 ildə qurduğu daxili siyasi sistemdən imtina edir. Görünür Baş Nazirin niyyəti siyasi meydanı tam nəzarət altına almaqdır”.

 

“Çarukyanın həbsi təkcə onun tərəfdarlarını deyil, digər siyasi qüvvələri də hərəkətə gətirir. Ola bilər ki, həmin qüvvələr də ayağa qalxsın. Bu proseslər əks-inqilabla nəticələnsə təəccüblü olmaz. Çünki, faktiki olaraq Ermənistanda baş verənlərdən əks-inqilab qoxusu gəlir. Düşünürəm ki, Paşinyan öz əli ilə özünə qarşı inqilab hazırlayır”, politoloq fikrini yekunlaşdırıb.

Qasım Süleymani niyə öldürüldü?

Şahin Cəfərli: “Paşinyanın sonu nə olacaq, bilmirəm, bəlkə də sabah Rusiya onu devirəcək, çünki çox riskli hərəkətlər edir”

 

Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Nikol Paşinyan inqilabdan bəridir hakimiyyətini revanşistlərdən qorumaq üçün çox düzgün və ardıcıl addımlar atır. Analitikin sözlərinə görə, Paşinyan inqilabdan dərhal sonra parlamenti buraxıb, yeni seçki keçirməyi əsas hədəf kimi qarşıya qoydu: “Çünki anlayırdı ki, geciksə, həm parlamenti buraxmaq çətinləşəcək, həm də bu parlament onu sabotaj edəcək. Ona görə də reytinqinin pik səviyyədə olduğu dönəmdə xalqın təzyiqi ilə hədəfini gerçəkləşdirdi və erkən seçki keçirib, qanunverci orqanı nəzarətə götürdü. “Qarabağ klanı” və onun cinayət ortağı daşnaklar kənarda qaldılar. Sonra məlum oldu ki, Konstitusiya Məhkəməsi başda olmaqla, məhkəmə sistemi yeni hökumətin rahat iş görməsinə imkan verməyəcək və klanın illər boyu yerləşdirdiyi adamları bu sistemdən təmizləmək lazımdır. Bu, elə də asan vəzifə deyil, çünki referendum kimi böyük siyasi kampaniya keçirmək, xalqı dəyişiklikləri dəstəkləməyin zəruriliyinə inandırmaq lazımdır. Əksi olsa, yəni xalq təklif olunan dəyişikliklərə səs verməsə, bu, Paşinyana etimadsızlıq anlamına gələcək. Paşinyan bu riski də gözə alıb, referendum təyin etdi, amma araya koronavirus düşdü və ümumxalq səsverməsi təxirə salındı”.

 

Cəfərli hesab edir ki, bu dönəmdə revanşistlər aktivləşib, pərdə önündə Çarukyan və keçmiş Milli Təhlükəsizlik naziri Artur Vanetsyan görünür: “Arxada isə Rusiyaya bağlı “Qarabağ klanı”nın olduğunu anlamaq çətin deyil. Paşinyan gördü ki, əksinqilabi qüvvələrin təmərküzləşməsi aparılır və bu prosesin sonu onun üçün yaxşı olmayacaq. Ona görə də gecikmədən müdaxilə etməyə qərar verdi. Milli Təhlükəsizlik naziri və Daxili İşlər naziri tərəddüd etdiyindən, dərhal onları dəyişdi. Milli Təhlükəsizlik naziri vəzifəsinə 29 yaşlı gənci gətirdi, çünki belə dövrlərdə siyasi sədaqət təcrübə və peşəkarlıqdan daha önəmlidir. Yeni kadrlar harınlamış oliqarx haqqında lazımi dosyeni çox qısa müddətdə hazırladılar. Zatən adamın bütün həyatı kriminaldır”.

 

“Qeyd etdiyim kimi, Paşinyanın sonu nə olacaq, bilmirəm, bəlkə də sabah Rusiya onu devirəcək, çünki çox riskli hərəkətlər edir. Köçəryanın həbsdən buraxılması barədə Putinin çağırışını rədd etməkdən belə çəkinmədi. Amma bunlar atılması zəruri olan addımlar və alternativsiz qərarlardır. Əks halda, daxildə leqal müxalifət kimi görünən qüvvələr onu yıxacaqlar. İstər-istəməz 27 il əvvəl, məhz iyun ayında, Azərbaycanda baş verənlər, o vaxtkı hakimiyyətin siyasəti yada düşür”, - deyə politoloq əlavə edib.

Müəllif: Anar Bayramoğlu