“Mən xalqa bildirməliydim ki, beynəlxalq ictimaiyyət 7 rayonun Azərbaycana qaytarılmasını tələb edir”
"2018 və 2019-cu illərdə mən xalqa bildirməli idim ki, bütün dostlarımız və tərəfdaşlarımız, istər uzaq, istərsə də yaxın dostlarımız, bu və ya digər konfiqurasiyada Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayonu Azərbaycana qaytarmağımızı gözləyirlər. Bizə də təklif olunurdu ki, Dağlıq Qarabağın "statusu" ilə bağlı qoyduğumuz yüksək tələbi aşağı salaq".
AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2021-ci il üçün proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı tərk etmiş Azərbaycan əhalisinin qayıdışının, eləcə də taleyinin müəyyən edilməsi prosesinə hərtərəfli cəlb olunmağı gözləyir.
"Əraziləri təslim edərək minlərlə insanın həyatını xilas edə bilərdim. Bunu etməkdən imtina etməklə, əslində minlərlə insanın ölümündə günahkar oldum”, - Paşinyan əlavə edib.
Baş nazir Qarabağ məsələsində və sərhədlər məsələsində güzəştlərə getməsinin ilk səbəbinin beynəlxalq birliyin bunu israrla tövsiyyə etməsi olduğunu deyib: "Beynəlxalq birlik bizə açıq-aşkar deyir ki, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq həm Ermənistanın, həm də Artsaxın taleyini təhlükə altına atır. Bu gün beynəlxalq birlik bizə deyir ki, “plankanızı aşağı salın və onda biz sizin yanınızda olacağıq. Əks halda, bunu bizdən gözləməyin. Çünki edə bilməyəcəyik"".