Paşinyan "Ermənistan"ın sənədinə məhəl qoymadı: "Mülki müqavilə" sülh istəyir?

Aktual

23.02.2022 - 21:21

STM sədri: “Ermənistan reallığı qəbul etməli və sülhə doğru iri addımlar atmalıdır”

Politoloq: “Rusiya hər iki tərəfi tələsdirir və prosesi sürətləndirməyə çalışır”

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” Partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib. Müxalifət blokundan olan deputatlar hakim partiyanın bu addımını Ermənistanın Müstəqillik Bəyannaməsinin rədd edilməsi kimi qiymətləndiriblər.

“Ermənistan” blokunun deputatları bildiriblər ki, hakim partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı qəbul etməkdən imtina edərək, Türkiyə və Azərbaycana sülhə hazır olduğu mesajını verib. Onların iddiasına görə, 2022-ci ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, Milli Məclisin deputatı Zahid Oruc AYNA-ya açıqlamasında bildirib ki, Ermənistanda revanşist qüvvələr hər vəchlə danışıqlar prosesini pozmağa və öz aktuallığını qorumağa çalışırlar: “Onların təxribatçı və işğalçı siyasətinin nəticəsi idi ki, Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda qaldı. 30 illik işğalçılıq siyasəti Azərbaycanla yanaşı Ermənistana da böyük ziyanlar vurub və bu ölkənin vətəndaşları kütləvi şəkildə ölkəni tərk ediblər. Köçəryan-Sərkisyan cütlüyünün mənfur siyasətinin nəticəsi ilə erməni xalqı da barışmadı və onları tarixin arxivinə yolladı. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra isə düşündülər ki, növbəti fürsət yetişib. Paşinyana qarşı siyasi hərəkat başlatsalar da, bu dəfə də öz çirkin məqsədlərinə nail olmadılar”.

STM sədrinin sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan savayı yolu yoxdur: “30 il ərzində işğal etdikləri torpaqlarda törətmədikləri vəhşilik, vandallıq qalmadı. Azərbaycanın işğal altında saxladıqları ərazilərini xarabalığa çevirdilər, daşı daş üstündə qoymadılar. Onların məkrli siyasəti ilə Ermənistan xalqı da barışmadı. Artıq anlayırlar ki, siyasi karyeraları bitib və hər vəchlə yenidən aktuallıq qazanmağa çalışırlar. Şuşa Bəyannaməsi əleyhinə bəyanat layihəsi hazırlamaqla yenidən danışıqlar prosesini pozmağa çalışırlar. Bir məqam da var ki, Ermənistan heç zaman müstəqil siyasət yürütməyib. Şübhəsiz ki, belə bir addıma dəstək olan xarici qüvvələr də mövcuddur” – deyə Oruc vurğulayıb.

O qeyd edib ki, Ermənistan reallığı qəbul etməli və sülhə doğru iri addımlar atmalıdır: “Onsuz da alternativ yolları qalmayıb. Onların nicatı Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən, delimitasiya və demarkasiya prosesini sürətləndirməkdən və yekunda sülh sazişi imzalamaqdan keçir. Məhz bu yolla Ermənistan düşdüyü bataqlıqdan xilas ola bilər”- müsahimiz fikrini yekunlaşdırıb.

Politoloq Şahin Cəfərlinin AYNA-ya söylədiyinə görə, Ermənistan müxalifəti Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasında maraqlı olduğunu başa düşür: “44 günlük müharibədən sonra Paşinyan anladı ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırmaqdan başqa yolu yoxdur. Son seçkilərdə Ermənistan ictimaiyyətinin yenidən ona etimad göstərməsi erməni xalqının da sülhdən yana olduğunu ortaya qoydu. Ermənistan müxalifəti əmindir ki, Paşinyan iqtidarı danışıqlar prosesinə mane olan hər hansı layihəyə qoşulmayacaq. Nəzərə almaq lazımdır ki, “Mülki müqavilə” hakim partiyadır və onun mövqeyi Ermənistan iqtidarının mövqeyi kimi qəbul edilir. Bu xüsusda Paşinyan Ermənistan müxalifətinin hazırldadığı Şuşa Bəyannaməsinin əleyhinə olan layihəyə qoşulmamaqla çox düzgün addım atıb”.

Politoq hesab edir ki, hazırda sülh sazişinin imzalanmasından yox, demarkasiya və delimitasiya prosesindən danışmaq olar: “Sülh sazişinin imzalanması üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında dəqiq sərhədlər müəyyən olunmalıdır. Bu isə öz növbəsində kifayət qədər zaman alan bir prosesdir. Təcrübəyə istinad etsək görərik ki, belə çətin məsələləri qısa müddət içərisində həll etmirlər. Lakin bir məsələ də var ki, Rusiyanın prosesə kifayət qədər təsir imkanları mövcuddur və Kreml bu prosesin uzanmasında maraqlı deyil. Moskva hər iki tərəfi tələsdirir və prosesi sürətləndirməyə çalışır. Bunu niyə və hansı məqsədlə  etdiyi isə hər kəsə bəllidir”, – Cəfərli deyib.

Politoloq əlavə edib ki, Rusiya Qarabağ münaqişəsindən daim öz xeyrinə istifadə etməyə çalışacaq: “Moskvada Azərbaycanla Rusiya arasında yeni Bəyannamə imzalandı. Bu sazişin imzalanması əslində gözlənilən idi. Əslində Rusiya sülhməramlı qüvvələrinin 10 noyabr Üçtərəfli Birgə Bəyanatına uyğun olaraq Qarabağa yerləşdiriməsi ilə bu prosesin əsası qoyulub”.

Müəllif: Azər Niftiyev