Parlamentdə tıxac və “Tik-Tok” müzakirəsi – Problemlərdən çıxış yolu axtarıldı

Cəmiyyət

30.12.2022 - 18:04

Fazil Mustafa: “İnsanların bundan zülm çəkdiyi, dövlət qurumlarının isə problem qarşısında aciz qaldığı ortadadır”

Elşad Mirbəşir: “Qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan edilməlidir”

Milli Məclisin bu gün keçirilən iclasında paytaxt Bakıdakı tıxac problemi və sosial şəbəkələrlə bağlı məsələlər müzakirə olunub. Deputat Fazil Mustafa çıxış edərək bildirib ki, Bakıda insanlar tıxacdan əziyyət çəkirlər: “Faktiki olaraq tıxaclar insanlara zülm verir. İnsanların bundan zülm çəkdiyi, dövlət qurumlarının isə problem qarşısında aciz qaldığı ortadadır. Məsələ burasındadır ki, yol infrastrukuru düzgün çəkilmədiyi üçün tıxaclar yaranır. Təsəvvür edin ki, insanlar 1-2 saat yollarda qalmalı olurlar, tərpənmək mümkün deyil”.

“Təklif edirəm ki, şəffaf tenfder keçirilsin, Malaziya, Monqolustan və ya başqa bir ölkənin şirkəti bu məsələnin həllini üzərinə götürsün, təkliflər hazırlayaraq versinlər. Bu gün metro və avtobusda getmək mümkün deyil. İnsanlar fotolar paylaşır, şəkillərdən görünür ki, metroda qatarların içərisində hərəkət etmək mümkünsüzdür. Bunun yolunu tapmalıyıq”, - deputat vurğulayıb.

“Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir”

Deputat Elşad Mirbəşir “Tik-Tok” sosial şəbəkəsi ilə bağlı danışaraq deyib ki, bir çox ölkələrdə “Tik-Tok” haqqında müsbət fikirlər səsləndirmək mümkündür: “Amma təəssüflər olsun ki, “Tik-Tok”un Azərbaycan seqmenti ilə bağlı belə fikirlər demək olmur. Hesab edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan edilməlidir. Bu sahədə praktiki addımlar atılması vacibdir”.

“Son dövlər “Tik-Tok”da kontent formalaşmaqdadır və bu, bizim milli-mədəni ənənələrimizlə ziddiyyət təşkil edir. Hazırda dünyada “Tik-Tok” istifadəçiləri arasında 16-24 yaş arası yeniyetmələr çoxluq təşkil edir. Azərbaycana gəldikdə isə daha çox azyaşlılar istifadə edir. Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir”, - millət vəkili vurğulayıb.

E.Mirbəşir qeyd edib ki, bir sıra ölkələr hətta “Tik-Tok”un fəaliyyətini məhdudlaşdırıb: “Nümunə kimi qeyd edim ki, Çin, Hindistan və ABŞ-da məhkəmə qərarları ilə “Tik-Tok”un fəaliyyəti məhdudlaşdırılıb”.

Spiker: “Həmin ərazilər vətəndaş üçün təhlükəlidir”

Deputat Ceyhun Məmmədov işğaldan azad olunan ərazilərin sakinlərinin müraciətindən danışıb. Millət vəkili deyib ki, bu gün işğaldan azad olunmuş ərazilərdən olan insanların müraciətlərinin böyük bir hissəsi dünyasını dəyişmiş insanların həmin ərazilərdə dəfninə şərait yaradılması ilə bağlıdır: “Amma bilirik ki, bölgədə hələ də mina təhlükəsi var. Düşünürəm ki, növbəti ildən işğaldan azad olunmuş ərazilərdən olan insanların həmin bölgələrə gediş-gəlişinin asanlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Spiker Sahibə Qafarova isə deputata cavabında bildirib ki, həmin ərazilər minaya görə vətəndaşlar üçün təhlükəlidir.

Müəllif: Anar Bayramoğlu