Prezident Administrasiyasına rəhbər təyin olunan Samir Nuriyev kimdir?

Cəmiyyət

01.11.2019 - 13:44

Həkimlər Klinikalar SEO Xidməti

PA-nın yeni rəhbəri indiyədək bir çox vəzifələrdə çalışıb

 

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilən Samir Rafiq oğlu Nuriyev kimdir. AYNA “Vikipediya” məlumatları əsasında onun barəsindəki məlumatları təqdim edir:

 

Samir Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq, 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

 

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

 

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb. O cümlədən, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində işləyib.

 

2006-cı ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

 

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

 

Evlidir, iki uşaq atasıdır.

Müəllif: Ayna.az