Parlamentdə sanksiyalarla bağlı çağırış: “Biz sanksiya tətbiq etsək, onlar çöldə qalarlar”

Aktual

01.02.2024 - 13:53

Milli Məclisin yaz sessiyasının ilk iclası keçirildi: Avropaya iradlar səsləndi, qanunların dilinə və bələdiyyələrin sayına etiraz edildi

Bu gün Milli Məclisin 2024-cü ildə yaz sessiyasında ilk plenar iclas keçirilib.  Spiker Sahibə Qafarova iclası açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bununla da Milli Məclis yaz sessiyasına başlayıb.  İlk iclasda 10 məsələ müzakirə olunub. Amma əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri S.Qafarova xatırladıb ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb, amma bəzi qüvvələr bu reallıqları qəbul etmirlər. Spiker AŞPA-da Azərbaycan nümayəndə heyətinin qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamları misal gətirib və deyib ki, 44 günlük müharibədə əldə olunan qələbədən sonra Azərbaycanın uğurları bəzi dairələrdə qəbul olunmur: “Bu gün rəsmi Bakı dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyir. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edirlər”.

Spiker: “İndi Cənubi Qafqazda sülhə və sabitliyə həmişə olduğundan daha çox ehtiyac var”

“Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir. Amma həqiqət odur ki, bu gün Cənubi Qafqaz mürəkkəb dövrünü yaşayır. Belə bir dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha çox ehtiyac var. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır”, - deyə spiker dünya dövlətlərinə çağırış edib.

AŞPA-dan gözləntilər: “Yerinə yetmədi”

Deputat Kamran Bayramov çıxışında AŞPA-nı ittiham edərək təşkilatı “siyasi riyakarlıq yuvası” adlandırıb: “Azərbaycan öz xarici siyasət xəttinə uyğun olaraq xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığını qurarkən onun bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında reallaşdırılmasına çalışıb. Lakin, bəzi təşkilatlar Azərbaycanın xoş niyyətlərindən sui-istifadə edərək öz çirkin məqsədləri üçün ölkəmizə qarşı yalan və iftira dolu genişmiqyaslı qarayaxma kampaniyasını aparırlar. Onlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır. 2001-ci ildə böyük həvəslə və nikbinlik hissi ilə Azərbaycan Avropa Şurasına üzv oldu, amma bu üzvlükdən böyük gözləntilərimiz olsa da, alınmadı. Biz faydalı və səmərəli əməkdaşlıq gözləyirdik, Qarabağ probleminin həll olunmasına, ərazi bütövlüyümüzün bərpasına, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpasına dəstək verəcəyinə inanırdıq. Lakin gözləntilərimiz yerinə yetmədi”.

“Bu, Avropa Şurasının statusuna və nüfuzuna xələl gətirəcək”

“Bütün öhdəlikləri vicdanla yerinə yetirdik. Məsələn, ölüm hökmünü ləğv etdik, konvensiyalara qoşulduq, milli qanunvericiliyimizi həmin sənədlərin müddəalarına uyğunlaşdırdıq, seçki qanunvericiliyini təkmilləşdirdik, Avropa standartlarına uyğun məhkəmə-hüquq islahatları həyata keçirtdik, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıdıq, Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq qurduq və s.  Əvəzində bu siyasi riyakarlıq yuvası bizə ədalətsizlik bəxş etdi, qərəzli münasibət sərgilədi, anti-Azərbaycan mövqeyini üzə çıxartdı. Bu təşkilat Azərbaycanla bağlı qəbul etdiyi bütün qərarları daxilindəki ermənipərəst qüvvələrin diqtəsi ilə siyasiləşdirdi”, - deyə millət vəkili vurğulayıb.

K.Bayramov deyib ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırması qərarı yerində atılan addımdır: “Hesab edirəm ki, bu məsələdə heç bir güzəşt edilə bilməzdi. Düşünürəm ki, bu qərar Azərbaycan üçün deyil, Avropa Şurası və onun qurumları üçün ciddi fəsadlarla nəticələnəcək. Bu, Avropa Şurasının statusuna və nüfuzuna xələl gətirəcək, Cənubi Qafqazdakı mövqelərini sıfıra endirəcək”.

“Etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir”

Deputat Soltan Məmmədov isə Niderlandın Azərbaycana qarşı qərəzli mövqeyinə iradlar səsləndirib. Millət vəkili deyib ki, Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib: “Niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir. İkili standartlar bir çox Avropa ölkələrində olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biridir və bu, təəssüf doğurur”.

“Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir. Azərbaycanın sülhdə maraqlı olduğunu bütün dünyada, həmçinin Niderlandda da yaxşı bilirlər. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Biz Cənubi Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı ölkəyik. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir”, - deputat əlavə edib.

Deputat: “Allah haqqı, mənim əlimdə imkan olsa, o kilsələri təmir eləmərəm”

Yazıçı, millət vəkili Aqil Abbas isə çıxışında maraqlı təklif verib. Deputat deyib ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycana dəvət edilsin: “Bizi sanksiya ilə hədələyirlər, amma məncə, sanksiyalardan qorxmaq lazım deyil. İrana 40 ildir sanksiya tətbiq ediblər, nə olub ki... İran öz silahlarını yaradıb, müdafiə sahəsini gücləndirib. Bizə sanksiya tətbiq etsələr, müdafiəmizi daha da gücləndirərik. Sanksiyaların tətbiqi həmin ölkələrin güclənməsi deməkdir. Amma Azərbaycan sanksiya tətbiq eləsə, onlar çöldə qalarlar. Rusiya Fransanı Afrikadan qovub. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələrlə  daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yol, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. İndi qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək? Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. Gəlsin, görsün ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlsin görsün ki, Şuşada kilsələr necə təmir olunur. Allah haqqı, mənim əlimdə imkan olsa, o kilsələri təmir eləmərəm. Amma dövlətimiz təmir edir. Bunu gəlib görsünlər, qərəzli olmasınlar”.

Xalq şairi, deputat Sabir Rüstəmxanlı isə Milli Məclisdə qanunların yazı dilindən şikayətlənib: “Qanunlar elə yazılır ki, elə olur ki, bunu heç biz başa düşmürük. Anlayıram, qəbul edirəm ki, qanunların dili fərqlidir. Amma bunu normal başa düşüləcək şəkildə yazmaq lazımdır. İnsanlar qanunları başa düşmür. Bunu normal dildə yazmaq lazımdır ki, insanlar başa düşsün”.

 

“Prezidentliyə namizədlə bələdiyyə üzvlüyünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olurlar”

Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına münasibət bildirən deputat Siyavuş Novruzov xatırladıb ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: “Hesab edirəm ki, Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur. Məncə, bu say azaldılmalıdır. Türkiyə kimi böyük dövlətdə təxminən 800 bələdiyyə var, amma bizdə 1600 bələdiyyə var. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, öz işi ilə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Seçki Məcəlləsində əksini tapması məqbuldur”.

“Başqa bir məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Prezidentliyə namizədlə bələdiyyə üzvlüyünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olurlar. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ona görə də, hesab edirəm ki, Seçki Məcəlləsinə ciddi şəkildə yenidən baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də bələdiyyələri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”, - deyə Novruzov vurğulayıb.

Bundan sonra deputatlar gündəliyə çıxarılan qanun layihələrinin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu