Parlamentdə Nəcməddin Sadıkovun həbsi tələb edildi: “Mühakimə olunsun”

Aktual

23.12.2022 - 14:10

Deputat: “Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək”

Milli Məclisin bu gün keçirilən iclasında 39 məsələ müzakirə olunub. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda qanun layihələrinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər. İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Qarabağda baş verənlər və azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyalara beynəlxalq reaksiyalardan danışıb.

“Azərbaycanı “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdırlar”

Millət vəkili deyib ki, Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır: “Azərbaycanı “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdırlar. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər”.

“Bu gün dünya erməniçiliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ offşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”,- deyə deputat vurğulayıb.

“Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun Rusiya bayrağı yoxdur?”

“Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən Azərbaycana yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir. Bunlar başa düşmür ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır”. Bu sözləri deputat Razi Nurullayev deyib.

Millət vəkili xatırladıb ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət bəyannamə imzalanıb: “Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun Rusiya bayrağı yoxdur? Hesab edirəm ki, bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də. Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına yol açacaq çağırışlar edən Rusiyanın vəzifəli, ictimai şəxslərinə qarşı dövlət tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik”.

“İkinci vacib məsələ odur ki, bu gün bir çox ölkə “Dağlıq-Qarabağ” ifadəsi səsləndirilir. Düşünürəm ki, bunu qəsdən edirlər. Hansı ölkə olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm”, - deputat əlavə edib.

Deputat: “Azərbaycan Ombudsmanı Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etməlidir”

Deputat Azay Quliyev bildirib ki, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üztərəfli görüş keçirilməli idi: “Sülh müqaviləsi müzakirə ediləcəkdi. Amma Ermənistanın xarici işlər naziri bundan imtina edib. Hesab edirəm ki, bunun səbəbi son vaxtlar baş verənlərdir. Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı istədiyini əldə etmədiyinə görə narahatdır. Ona görə də sülh danışıqlarını pozmaqla məşğuldur”.

“QHT və könüllülərin təşkil etdiyi etiraz aksiyası artıq öz effektini verməyə başlayıb. Artıq kriminal ünsür olan separatçı Ruben Vardanyanın ora niyə getdiyi ifşa edilib. Qarabağ ermənilərindən dəstək ala və revanşistləri Xankəndiyə gətirə bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi də təxirə saldı. Xankəndidəki ermənilər Ermənistan polisinin təzyiqlərinə, zorakılığına məruz qalırlar. Məncə, Azərbaycan Ombudsmanı Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etməlidir və bunu bütün dünya görməlidir”, - A.Quliyev vurğulayıb.

“Belə məhəbbət və dostluq olmur"

"Dünən Fransa Prezidenti Emmanuel Makronun maraqlı bir müsahibəsi yayımlandı. Fransa Prezidenti qeyd edir ki, təhlükəsizlik sisteminin yaradılması üzərində işlər gedir. Müsahibə dünyanın analitik mərkəzlərində analiz edildi və belə hiss olunur ki, Makron Azərbaycanı çox istəyir. Amma bu çox qəribə bir istəkdir. Belə məhəbbət və dostluq olmur", - deyən deputat Aydın Mirzəzadənin sözlərinə görə, Fransa bilməlidir ki, təhlükəsizlik sistemini yaratmaq istəyirsə, ilk olaraq yaxın dostu Ermənistanı buna çağırmalıdır: “Biz belə bir sistem qurmasaq, bunu dünyanın digər böyük ölkələri edəcək”.

“Fransa dövlət başçısı bir çox hallarda özünə yaraşmayan ifadələr işlədir. Rəsmi Paris problemləri daha da ağırlaşdıraraq dostlarını özündən uzaqlaşdırır. Azərbaycana aidiyyatı olmasaydı, bu ölkənin nə hərəkət etdiyi bizim marağımızda olmazdı. Çox istəyərdik ki, Fransa Azərbaycana qarşı ədalətli addım atsın", - deyə millət vəkili bildirib.

Deputat general barədə: “Bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir”

Deputat Fazil Mustafa isə Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun mühakiməsini istəyib: “Tez-tez bir ifadə işlənilir ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir. Axı o gedən yüzlərlə insanı gedər-gəlməzə göndəribsə, bəs onda necə olsun?!”.

“Bu günlərdə müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov müsahibə verib. O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə də Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirdi. Hətta birbaşa keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırdı. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verib. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq”, - deyə millət vəkili qeyd edib.

Millət vəkilindən qiymətlərlə bağlı çağırış

“Qarşıdan Yeni il bayramı gəlir, dünyada belə bir tendesiya var ki, bu vaxtlar qiymətlər aşağı düşür. Amma bizdə qiymətlər hər gün artır”. Bu sözləri deputat Əli Məsimli səsləndirib.

Bahalıqdan şikayətlənən millət vəkili deyib ki, bizdə qiymətlər günü-gündən bahalaşır: “Qlobal olaraq inflyasiya gözlənilsə də, bu olmadı. Bu, o deməkdir ki, qiymətlər aşağı salınmalıdır. Çağırış edirəm ki, Azərbaycanda da bu sistem tətbiq olunsun. Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin”.

Müəllif: Anar Bayramoğlu