Parlamentdə dərmanların qiymətindən narazılıq: “7-8 dəfə bahadır”

Cəmiyyət

13.12.2022 - 14:07

Millət vəkili: “Türkiyədə bir qutusu 4 manata olan dərman Azərbaycanda 28 manata satılır”

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə edilib. İclasda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov da iştirak edib.

Gömrük Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilir

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub ki, gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün ərzində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq. Yeni qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışın təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif edilir. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim edəcək.

“Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub ki, İdxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanacaq. Layihəyə əsasən, gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir. Dəyişikliyə görə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və malların buraxılışının təmin olunması təklif edilir. Malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranarsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Əgər həmin müddətdə (yəni 24 saat ərzində) gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyəri təsdiq edilməzsə, bəyannaməçinin malların buraxılması ilə bağlı gömrük orqanına müraciət etmək (o cümlədən elektron qaydada) hüququ yaranır. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.

Gömrük xidməti generalı: “Bu, yüksək göstərici deyil, amma Azərbaycan üçün yaxşıdır"

Ş.Bağırov iclasda bildirib ki, gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması çox ciddi məsələdir.

Komitənin sədr əvəzi deyib ki, prosesisin təmin olunması üçün işləri gücləndiriblər: “Gömrük orqanlarında görülən işlər davamlı olacaq. Artıq gömrük sistemində fəaliyyət planımızı müəyyənləşdirmişik. Eyni zamanda, gömrük sisteminin elektronlaşması aparılıb. Artıq vətəndaşlar gömrük qanunvericiliyi və digər mövzuda məlumatları elektron olaraq öyrənə bilər. Həmçinin biz vətəndaşların gömrük sahəsində məmnunluq səviyyəsini də müəyyənləşdirmişik. Aparılan sorğuya görə, 57 faiz gömrük sahəsindən razıdır. Düzdür, bu, yüksək göstərici deyil, amma Azərbaycan üçün yaxşıdır".

“Qiymət fərqi 7-8 dəfə çox ola bilməz”

Toplantıda deputat Vahid Əhmədov dərmanların bahalığından gileylənib. Millət vəkili deyib ki, Azərbaycanda dərmanlar çox bahadır. Deputat bildirib ki, bir il əvvəl Türkiyədən özü üçün dərman gətirdib: “Baqajı gözləyəndə gördüm ki, bir saat gecikmə var. Səbəbini soruşdum, cavab verdilər ki, baqajda dərman var, yoxlanılır, gecikmə ona görədir. Komitənin əvvəlki sədri Səfər Mehdiyevə zəng edəndən sonra buraxdılar. Bu, yolverilməzdir”.

“Təsəvvür edin ki, Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma Azərbaycanda həmin dərmanın bir qutusu 27-28 manata satılır. Bu qədər fərq var, çox böyük fərqdir. Başa düşürəm, yol xərci var, logistika xərcləri var. Amma qiymət fərqi 7-8 dəfə çox ola bilməz”, - V.Əhmədov vurğulayıb.

Millət vəkili deyib ki, dərman həssas məsələdir, insan sağlamlığı ilə bağlıdır: “Açıq deyirəm, insanlar ərzağın baha olmasına o qədər də etiraz etmirlər, amma dərman qiymətlərindən çox narazıdırlar. Hesab edirəm ki, dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bəlkə dərman gətirən sahibkara qarşı gömrükdə elə hərəkətlər edirlər ki, onlar qiyməti bu qədər artırmağa məcburdurlar? Buna baxmaq, araşdırmaq lazımdır”.

Şahin Bağırov: “Bu, dərman idxal edən özəl şirkətlər tərəfindən narazılıqla qarşılanır”

Ş.Bağırov isə ölkədə dərmanlarla bağlı problemlərin olduğunu, vətəndaşların bundan şikayət etdiyini vurğulayıb. General vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir vətəndaşın şəxsi istifadə məqsədilə ölkəyə dərman gətirməsi üçün konkret ölçülər yoxdur: “Biz hazırda bununla bağlı Səhiyyə Nazirliyi ilə iş aparırıq. Təəssüf ki, biz bu meyarları ölçə bilmirik. Bəzən olur ki, vətəndaşlar ölkə qeydiyyatında olmayan dərmanları belə gətirmək istəyirlər. Bu isə ölkəyə dərman idxal edən özəl şirkətlər tərəfindən narazılıqla qarşılanır. Onlar bildirir ki, bu dərman ölkə qeydiyyatında olmasa da, apteklərdə satılır. Belə olan halda biz ortada qalırıq. Bununla bağlı hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə işlər aparırıq”.

Qanunlara dəyişikliklə bağlı müzakirələr davam edəcək.

Müəllif: Anar Bayramoğlu