“Parlament 450 nəfər “sözə qulaq asan” şəxsdən ibarət olacaq”

Dünya

14.09.2021 - 10:24

Həkimlər Klinikalar SEO Xidməti

Anar Həsənov: “Müxalifətə 5-10 mandat verilsə belə, bu, mövcud siyasi dizaynı dəyişməyəcək”

 

Sentyabrın 19-da Rusiya Federal Məclisinin yeni çağırış Dövlət Dumasına deputat seçkiləri keçiriləcək. Rusiya Parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.

“Sentyabrın 17-19-da ölkədə vahid seçkilər günü elan olunub. Dövlət Dumasına seçkilər də bu günlərdə saat 08:00-dan 20:00-dək keçiriləcək”, - deyə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirmişdi.

Qarşıdan gələn seçkilərin qaynar siyasi proseslər şəraitində keçəcəyi gözlənilmir. Bunun həm pandemiya ilə bağlı olduğu, həm də müxalif qüvvələrin o qədər də güclü olmaması ilə əlaqəli olduğu söylənilir. Seçkilərə bir neçə gün qalıb, amma siyasi aktivlik o qədər də müşahidə edilmir.

Analitiklər bildirirlər ki, seçki prosesi sönük görünsə də, bu seçkilər Rusiyada gələcək siyasi proseslər üçün vacib seçimdir.

Seçkiöncəsi vəziyyəti AYNA-ya şərh edən Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənov deyib ki, qarşıdakı seçkilərin nəticəsi Rusiya iqtidarı üçün önəmlidir: “Bu, 2024-cü il prezident seçkilərində Putinə qələbəni təmin etmək üçün çox vacibdir. Odur ki, bu dəfə də parlament tam nəzarətə götürüləcək”.

“Bu gün Dövlət Duması Kremlin qərarlarını möhürləyən bir instansiyaya çevrilib. Qarşıda Vladimir Putinin 12 illik müddətə Prezident seçilməsi ilə bağlı məsələ də var və bu işdə Dumanın səsverməsi vacibdir. Odur ki, növbəti Dövlət Duması “tranzit” xarakterli olmaqla, 450 nəfər “sözə qulaq asan” vətəndaşdan ibarət olacaq”, - deyə müsahibimiz bildirib.

O, mövqeyini növbəti faktlarla belə əsaslandırıb: “Rusiyada seçkiöncəsi müxalifətə və azad fikrə qarşı təzyiq artıb. Əvvəlcə Vladimir Putinin əsas siyasi rəqibi Aleksey Navalnı həbs edildi. Onun rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu məhkəmə ekstremist təşkilat elan etdi. Navalnı tərəfdarlarının əksəriyyəti ölkəni tərk etdi, digərlərinə cinayət işləri açıldı, siyasi fəalar həbs edildi, azad mətbuata qanunla xarici agent damğası vuruldu. Məsələn, ən reytinqli müstəqil TV sayılan “Dojd”, populyar “Meduza” portalı və digər azad informasiya meydanları xarici agent elan edildi. Bir sıra müxalif namizədlər də seçkidən uzaqlaşdırıldı”.

Həsənovun fikrincə, Dumaya 5-10 müxalif deputat seçilsə belə, bu, mövcud siyasi dizaynı dəyişməyəcək: “Hər halda hakimiyyətin mandatı ləğv etmək təcrübəsini unutmayaq. Bu illər ərzində müxalifətçi İlya Ponomaryov, Gennadi Qudkovun deputat mandatlarının ləğvini xatırlatmaq istərdim. Hazırda isə mandatı ləğv etmək mexanizmləri lap çoxalıb. Rusiyada istənilən azad və müxalif fikirli adama cinayət işi açıla bilər ki, bu sahədə çoxlu mexanizmlər mövcuddur”.

“Putinin reytinqinə gəldikdə isə, məncə, 67 faiz hibrid, yəni ki, avtoritarizmə meylli siyasi rejim üçün aşağıdır. Demokratik dövlət üçünsə bu, böyük rəqəmdir. Bir də mən reytinq məsələsinin üzərində çox dayanmazdım. Çauşeskunun da güllələnmədən öncə reytinqi 98 faiz idi. Həm də Jirinovski, Mironov, Züqanov kimi siyasətçilərin fonunda əlbəttə ki, Vladimir Putinin reytinqi yüksək olacaq”, - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş