"Hazırda mənim təhsil aldığım Kastamonu şəhərində bir çox tələbələr çox acınacaqlı vəziyyətdədirlər"
Bu günlərdə sosial şəbəkədə Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə bağlı müxtəlif xoşagəlməz məlumatlar yayılıb. Məsələn, iqtisadçı-ekspert Qadir İbrahimlinin məlumatına görə, Türkiyədə 22 mindən çox azərbaycanlı tələbə var və onlardan yalnız 15 mini ölkəyə qayıdıb: “Digər 7 min tələbə isə hazırda Türkiyədədir. Onların da çoxu acanacaqlı vəziyyətdədir - kirayə pulunu ödəyə, qida xərclərini qarşılaya bilmir. Azərbaycanın Türkiyədəki səfirliyi tələbələrə yardımı dayandırıb. Xarici İşlər Nazirliyi ya tələbələrin Azərbaycana dönüşünü təmin etməlidir, ya da onlara maliyyə yardım edilməlidir. Səfirliyin büdcəsi məhduddursa, köməksiz vəziyyətdə qalmış tələbələrin xərclərini SOCAR-Azərbaycan şirkəti öz üzərinə götürməlidir”.
AYNA məsələni aydınlaşdırmaq üçün Türkiyədə təhsil alan bir neçə azərbaycanlı tələbə ilə əlaqə saxlayıb. Məhəmməd Mehdiyev adlı tələbənin sözlərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən hər tələbəyə 200 Türkiyə lirəsi dəyərində bir aylıq yardım edilib: “Hər tələbəyə bir şifrə verilmişdi. Həmin şifrə isə sadəcə “Migros” mağazalar şəbəkəsində keçərlidir. Düzdür, həmin şifrə bəzi tələbələrə iki dəfə göndərilsə də, mən də daxil olmaqla, əksər tələbələrə cəmi bir dəfə göndərilib. Hələ də gəlməsini gözləyirik”.
“Türkiyədə “Kızılay” kimi bəzi yardım qurumları var. Onlar da yardım bağlamaları göndərmişdi. Lakin onların da yardımı bircə dəfə oldu. Hal-hazırda mənim təhsil aldığım Kastamonu şəhərində bir çox tələbələr çox acınacaqlı vəziyyətdədirlər. Xüsusən də ailəsi tərəfdən gəliri olmayanların durumu olduqca sıxıntılıdır”, - Mehdiyev bildirib.
İstanbulda təhsil alan daha bir həmyerlimiz Ümman Budaqov da oxşar fikirlər səsləndirib: “Tələbələrə cəmi bir dəfə yardım edildi. Yardımın maddi dəyəri də bizim valyuta ilə, təxminən 50 manat edirdi. Başqa heç bir yardım və köməklik göstərilmədi”.
“Ölkəyə qayıtmaqla bağlı xüsusi çarter reyslər var ki, pulsuz fəaliyyət göstərildiyi deyilir. Lakin bir neçə tələbədən 200 dollar civarında pul istəyiblər. Yəni kimsə çarter reyslə ölkəyə qayıtmaq istəyirsə, 200 dollar pul tələb edirlər. Digər tərəfdən, telefonların qeyddiyat prosesində də ciddi problem var. Əgər, telefonun qeydiyyat vaxtı bitirsə, əlavə 458 manat qeydiyyat haqqı tələb olunur. Ki, bu da tələbələr üçün həddindən artıq böyük məbləğdir. Halbuki, Türkiyə və Azərbaycan səfirlikləri bunun daha asan formasını öz aralarında həll edə bilər”, - Budaqov əlavə edib.
Türkiyənin İstanbul şəhərində təhsil alan digər həmyerlimiz Vaqif Əzizovun dediyinə görə, ehtiyacı olanlara və tələbələrə ilk yardım Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən edilib: “Onlar həm ərzaq yardımı etdi, həm kirayə haqqını ödəyə bilməyənlərin ödənişlərinin yarsını ödədilər. Qalacaq yeri olmayanların isə yurdlara, yataqxanalara yerləşdirməsinə dəstək verdilər”.
“Digər tərəfdən, hər şəhərin bələdiyyəsi öz ərazisində yerləşən bütün insanlara ərzaq, maska və digər zəruri yardımlarla bağlı işə başlamışdılar. Düzdür, ilk vaxtlardan xarici vətəndaşlar müracət edə bilmirdilər. Çünki sistem ancaq yerli vətəndaşlar üçün qurulmuşdu. Daha sonra xarici vətəndaşlar üçün də bu prosesə başlanıldı. Lakin mən də daxil olmaqla, bir neçə azərbaycanlı tələbə müraciət etsək də, bizim müraciətimiz qəbul olunmadı. Yəni hələlik heç bir ciddi yardım görməmişik”, - deyə Əzizov qeyd edib.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov AYNA-ya açıqlamasında bildirib ki, tələbələrimizin Türkiyədə qalması və qeyd olunan problemlər barədə məlumatsızdır: “Bu haqda dəqiq heç nə deyə bilmərəm. Sadəcə yoxlamaq lazımdır”.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevə isə AYNA-ya deyib ki, tələbələrə yardım və onların ölkəyə qayıtması ilə bağlı məsələlərin hamısı Azərbaycan hökuməti tərəfindən həyata keçirilir: “Türkiyədən dəfələrlə çarter reyslər təşkil olunub. Amma söhbət Azərbaycanın çoxsaylı vətəndaşlarından getdiyi üçün, geri qayıdanlar arasında əsas yer yaşlılara, xəstələrə, azyaşlı uşağı olan valideynlərə verilir. Amma tələbələr və digərlərinin də dönüşü təbii ki, mərhələli şəkildə həyata keçiriləcək və onların təxliyəsi nəzərə alınacaq”.
“Amma indki vəziyyətdə yaşadıqları xarici ölkələrdə hər hansı bir çətinliklə üzləşən vətəndaşlarımızın diplomatik nümayəndəliklərə müraciət etmələri və özlərinin vəziyyətləri ilə bağlı məlumat vermələri daha doğru olar. Təbii ki, aidiyyəti üzrə bu məsələlərə də hökumət tərəfindən baxılır və baxılmağa davam ediləcək”, - deyə XİN sözcüsü vurğulayıb.