Prezident Şavkat Mirziyoyev fərmanı bu gün imzalayıb
2023-cü il iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov deyib.
Onun sözlərinə görə, Prezident Şavkat Mirziyoyev müvafiq fərmanı bu gün imzalayıb.
Xatırladaq ki, aprelin 30-da Özbəkistan Konstitusiyasına düzəlişlər üzrə referendum keçirilib. Düzəlişlər arasında prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qaldırılması da var. Beləliklə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin müddəti sıfırlanacaq və o, namizədliyini bir daha irəli sürə biləcək.
Şavkat Mirziyoyev 2016-cı ilin dekabrından Özbəkistan prezidentidir. 2021-ci ilin oktyabrında ikinci müddətə ölkə Prezidenti seçilib.