"Ən qısa zamanda mexanizmin tətbiqinə başlanılması planlaşdırılır"
Azərbaycana ov üçün gələn əcnəbi turistlərin üç kateqoriyaya bölünməsi nəzərdə tutulur. Kateqoriyalar tam riskli, orta riskli və risksiz olaraq üç yerə bölünəcək. Kateqoriyaları rənglərlə şərtləndirsək, müvafiq olaraq yaşıl, sarı, qırmızı kateqoriyalar ayırd ediləcək. AYNA xəbər verir ki, bunu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib.
R.Zamanov bildirib ki, əgər bir ovçu ölkəmizə hər il səfər edirsə, ölkəmizin qanunvericiliyində olan qaydaları pozmursa, o, yaşıl kateqoriyaya aid ovçu hesab olunur: "Qanun pozuntusuna nisbətən meyillidirsə, o az riskli və sarı kateqoriyaya aid ovçu hesab edilir. Daha çox qayda pozuntusu edibsə, qırmızı kateqoriyaya aid ovçu sayılır. Qaydalara ciddi əməl etməyən həmin əcnəbilər barədə ciddi tədbirlər görüləcək, hətta ölkəmizdən deportasiya olunacaqlar. Ən qısa zamanda həmin mexanizmin tətbiqinə başlanılması planlaşdırılır".
"Təbii ki, bunun əsas hədəfi qanunsuz ov hallarının, eyni zamanda, ov qaydalarının pozulmasının qarşısının alınmasıdır. Kateqoriyalara bölünmə əcnəbi ovçuların gələcəkdə üzərlərində olan nəzarət mexanizmlərinin daha rahat idarə olunması deməkdir. Mütləq vacib deyil ki, bütün ovçuların üzərində xüsusi nəzarət olsun. Xüsusi nəzarətin xüsusi riskli sayılan əcnəbi turistlərin üzərində olmasını düşünürük. Gələcəkdə ola bilsin ki, həmin mexanizm ölkədəki yerli vətəndaşlar üzərində də tətbiq olunsun", - deyə Assosiasiyanın sədri qeyd edib.