Yanğınlar operativ qaydada söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 29 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Ötən sutka FHN-in qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla altı nəfər, o cümlədən Ucar rayonunun Bərgüşad kəndində “Opel” və “Vaz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol kənarındakı dərəyə aşaraq deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış iki nəfər xilas olunub.
Həmçinin paytaxtın Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Hüseynova Məsumə Əbdülrəhman qızının cəsədi mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.