Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir
Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırılaraq 480 manat dəyərində tütün məmulatının, İsnov kəndi ərazisində isə mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən dərhal araşdırmalar aparılıb və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü tərəfindən törədildiyi aşkarlanıb.
Görülmüş tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla yüngül xəsarət yetirib.
İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.