Gennadi Truxanov: "Milyonlarla insanın həyatı təhlükə altındadır"
Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov Ukrayna hakimiyyətini Rusiya ilə danışıqlara və kompromislər axtarmağa çağırıb. AYNA xəbər verir ki, mer bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, siyasi şəkildə danışıqlar aparmaq vacibdir. Milyonlarla insanın həyatı təhlükə altındadır. Əlbəttə, mən 1991-ci il sərhədlərimizin qaytarılmasını istərdim, lakin bu, addım-addım edilməlidir, kompromislər tapılmalıdır", - Truxanov bildirib.
Mer həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədə Rusiyanın "xüsusi əməliyyatı" başlatmasından bu yana qəbul etdiyi qərarları yüksək qiymətləndirib. Truxanovun fikrincə, qərarların hamısı prinsipcə, doğrudur.
Eyni zamanda, şəhər rəhbəri Zelenskini bölgələrə və bələdiyyələrə böyük muxtariyyət vermədiyinə görə tənqid edib.
Truxanov həmçinin Odessada II Yekaterina abidəsinin sökülməsinə qarşı çıxdığını deyib: "Abidələri məhv etsək də, tarix dəyişməyəcək. Bilirəm ki, petisiyada abidənin sökülməsi tələbi ilə 25 min imza toplanıb. Amma mən gözləməyin tərəfdarıyam. Bu yanaşma ilə Puşkinin, Qaqarinin abidələrini də sökməliyik? Bunun heç bir mənası yoxdur”.