Novruz: Xeyirin Şər üzərində qələbəsi və 4 ünsürün hikməti

Maraqlı

21.03.2022 - 10:05

Su, od, yel və torpaq zərdüştlərin həyat üçün zəruri sayılan təbiət ünsürlərinə ilahi qüdrəti xatırladan bir nişanə və nemət olaraq ehtiramını göstərir

Xalqımızın uzun əsrlər boyu keçirdiyi ən əziz bayramlardan biri Novruz bayramı, demək olar, zərdüştlük mədəniyyətindən bizə irs qalıb. Baharın gəlişi ilə bağlı keçirilən bu mövsüm mərasimində əsasən dörd adət-ənənəni zərdüştlük əlamətlərindən hesab etmək olar.

Çərşənbələr

Novruzdan öncə dörd çərşənbənin təbiətin dörd elementinə - su, od, yel və torpağa həsr olunması zərdüştlərin həyat üçün zəruri sayılan təbiət ünsürlərinə ilahi qüdrəti xatırladan bir nişanə və nemət olaraq ehtiramından irəli gəlir.

Ümumiyyətlə, zərdüştlük dini təlimi bəşəriyyəti təbiətin dörd ünsürünü ilahi əmanət olaraq çirkləndirməməyə və ətraf mühiti qorumağa çağırır.

Zərdüştlük inancının bu elementləri müqəddəs tutmasının bariz misalı həm də zərdüştlük mədəniyyətinin abidəsi sayılan “Atəşgah” məbədində mərkəzi od qibləgahının dörd qülləli tacıdır ki, həmən ünsürləri rəmzi olaraq təmsil edir. Bu dörd ünsürün mərkəzi ibadətgahda simvolik olması ilə bağlı zərdüştlər həm də bu tikilini “Çahar-Tağ” yəni dörd tağlı ibadətgah da adlandırırlar.

Tonqalın qalanması

İlaxır çərşənbə axşamı zərdüştlükdə müqəddəs od bayramı kimi qeyd olunduğundan el arasında zərdüştlər onu “Çərşənbə-Suri”, yəni “Qırmızı çərşənbə” adlandırırlar. Bayramın əsas ənənəsi tonqalın qalanmasıdır ki, bu da zərdüştlüyün başlıca səciyyəsidir.

Od zərdüştlük etiqadına görə, yer üzündə Hörməzin (Ahura-Mazdanın - Yaradanın) nurunu xatırladan simvol hesab olunur. Bu baxımdan od ünsürünə daha çox önəm verilir və bayramlarda od mərasimlərin mərkəzində olur.

21 mart

Heç də təsadüfi deyil ki, bu bayram yer kürəsinin şimal yarımkürəsində yaşayan bəzi xalqlar tərəfindən məhz martın 21-də keçirilir. Bildiyimiz kimi, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi gündür. Zərdüştlük dini təliminə görə, bəzi astronomik hadisələr və təbiət ünsürləri simvol olaraq mühüm rəmzi xarakter daşıyır.

Zərdüşt hökmdarları olan Əhəmənilər dövlətinin paytaxtı (Persepolis) “Təxt-i Cəmşid” və “Nəqş-i Rüstəm”də şirlə öküz döyüşünü təsvir edən barelyef Novruzun simvolu sayılır. Belə ki, aslanın Günəşi, öküzün isə Ayı təmsil etməsi həm baharda gecə ilə gündüzün bərabərliyini, həm də günün gecəyə üstün gəlməsini göstərir. 

Ona görə astronomik hadisə olan gecə-gündüz bərabərliyi (ekinoks) ildə iki dəfə (payızda – 23 sentyabr və yazda 21 mart) olsa da, lakin məhz yazda - martın 21-də xüsusi mübarək gün kimi keçirilməsinə önəm verilməsi gündüzün gecəyə üstün gəlməsi timsalında Xeyirin Şər üzərində qələbəsini göstərir. Həmçinin, bu dinin peyğəmbəri sayılan Zərdüştün Novruzda dünyaya gəlməsi də nurun zülmətə qalib gəlməsini bildirir.

Bayram süfrəsi

Novruz süfrəsində müxtəlif nemətlər ilə bəzənmiş bayram xonçası bizə zərdüştlükdə bəzi simvolik məna kəsb edən elementləri xatırladır. Zərdüştlük dini təlimində torpağın da od və digər ünsürlər kimi özünə xas rəmzi əhəmiyyəti var. Bu baxımdan zərdüştlər əkinçiliyə müqəddəs peşə kimi yanaşırlar. Ona görə Novruz süfrəsində əsas rəmzlərindən biri səməni sayılır.

Səməni – Təbiətin yenidən dirilməsi, əkinçilik və məhsuldarlıq

Yanan şamlar – Müqəddəs od və nur

Güzgü – Saflıq

Boyadılmış yumurtalar – Yer üzündə həyatın yaranması

Şəkərbura – Ay

Paxlava – Ulduzlar

Qoğal – Günəş

Şüşə qabda diri qızıl balıqlar – Ruzi və bolluğu xatırladan rəmz və simvollar.

Həmçinin bayram süfrəsində bəzən səməni və ya xonçanın bəzənməsində istifadə olunan “Buta” naxışlarının olması da həm simvol baxımından zərdüştlükdə od, həm də qədim sanskrit dilində “atəş” anlamı verir.

Anar Babayev,

“Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq qoruğunun böyük elmi işçisi,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az