Nikolun Zəngəzur dəhlizi barədə yalanı – Ortada sənəd var, müzakirə gedir

Aktual

19.05.2021 - 16:09

Paşinyanın Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirə olmadığı barədə dedikləri yalandır

 

“Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı məsələni Azərbaycanla müzakirə etmək niyyəti yoxdur”. Bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib. Paşinyan deyib ki, Ermənistan dəhliz məsələsini heç vaxt müzakirə etməyib və etməyəcək: “Regional kommunikasiyaların açılması siyasi gündəmimizdədir, lakin bu məsələnin Azərbaycanın siyasi dairələrinin təbliğ etməyə çalışdığı dəhlizlə heç bir əlaqəsi yoxdur”.

 

AYNA xəbər verir ki, Saxta.info Paşinyanın bu açıqlamasının əsaslı olub-olmadığını araşdırıb.

 

Öncə qeyd edək ki, söhbət Ermənistanın Sünik vilayətindən (tarixi adı Zəngəzur - red) keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizdən gedir. Bu məsələ İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin imzaladığı 10 noyabr tarixli Birgə Bəyanatda əksini tapıb.

 

Sənədin 9-cu bəndində belə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

 

Bu il yanvar ayının 11-də Moskvada imzalanan növbəti Bəyanat isə Naxçıvana nəqliyyat dəhlizi də daxil olmaqla, bölgədəki bütün əlaqələrin blokdan çıxarılmasını tələb edən məlum doqquzuncu bəndin icrasına yönəlib.  Sənədin imzalanmasından sonra çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi İşçi Qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər: “Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək”.

Artıq yanvar ayının 30-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərindən ibarət İşçi Qrupun ilk iclası keçirilib. İclasda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoriyan iştirak ediblər. Üçtərəfli İşçi Qrupun ilk iclasında 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasından irəli gələn məsələlərə, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın bəndlərinə baxılıb. 

 

Yeri gəlmişkən, 10 noyabr Bəyanatının 9-cu bəndi Ermənistanda hakimiyyətə müxalif olan siyasi qüvvələrin hiddətinə səbəb olub. Məsələ erkən parlament seçkiləri ərəfəsində daha da kəskinləşdi və  Paşinyan siyasi rəqiblərinin başlatdığı küçə etirazçılarının təzyiqlərinə məruz qaldı.

 

Bu arada, Rusiya Prezidenti Vladimir Putinin martın 11-i və 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışığında da məhz iqtisadi və nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsindən söz açılıb,  Baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupun fəaliyyəti müsbət qiymətləndirilib.

 

Yeri gəlmişkən, Azərbaycan Birgə Bəyanatın doqquzuncu bəndini həyata keçirmək əzmindədir.

 

“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. O bildirib ki,  Azərbaycan Zəngəzur dəhlizini icra edəcək, Ermənistan bunu istəsə də, istəməsə də: “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

 

Bu il aprel ayının 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında İlham Əliyev bu məsələyə bir daha diqqət çəkib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

 

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı bu məsələyə bir daha diqqət çəkdi: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

 

Rusiya hökumətinin yüksək rütbəli məmurlarının son açıqlamaları dolayısı ilə Moskvanın Qarabağla bağlı Birgə Bəyanatın müddəalarına ciddi riayət olunmasına dair mövqeyinin dəyişməzliyinə dəlalət edir.

Belə ki, Kazanda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustin Nikol Paşinyanla keçirilən görüşündə üçtərəfli bəyanatların icrası, bu kontekstdə nəqliyyat əlaqələrinin bərpası məsələsinə toxunub.  Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanatların birgə iş üçün böyük imkanlar açdığını deyən Mişustin bildirib ki, bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Cənubi Qafqaz bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq.

 

Bu ilin may ayının 13-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan XİN rəhbəri Ara Ayvazyanla, bundan əvvəl isə Azərbaycan  XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığında atəşkəs rejiminə əməl olunmasının zəruriliyi təsdiqlənib, həmçinin 10 noyabr və 11 yanvar tarixli bəyanatların digər müddəlarının şərtsiz yerinə yetirilməsi vurğulanıb.

 

Onu da xatırladaq ki, Rusiyanın XİN başçısı Zəngəzur dəhlizi barədə sualı cavablandırarkən noyabr razılaşmasının  alternativi olmadığını bildirib. Lavrov deyib ki, liderlərin üçtərəfli Birgə Bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur. Bu mənada İrəvan Zəngəzur dəhlizi məsələsində spekulyasiya etmək niyyətinə düşərsə Bakı da erməni tərəfi üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizi ilə bağlı simmetrik cavab verməkdə sərbəstdir.

 

Qeyd edilənlərə əsasən bu qənaətə gəlirik ki, Zəngəzur dəhlizinin açılması prosesi əslində şəxsən Nikol Paşinyan tərəfindən imzalanmış iki dövlətlərarası sənəddə təsbit olunub. Bu mənada onun Zəngəzur dəhlizi mövzusunun Azərbaycanla müzakirə olunmamasına dair iddiası yalandır.

Müəllif: Ayna.az