Nə dövlət yaxın duracaq, nə maska qoruyacaq – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

19.05.2020 - 10:27

Bundan sonra cəmiyyəti qorumaq üçün əsas məsuliyyət Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşməlidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu COVID-19 lap gic eləyib bizi. Xəstəliyin özü, ona inananlar və inanmayanların arqumentləri bir qırağa qalsın, insanların sosial şəbəkələrdən və xəbər agentliklərindən oxuduqları xəbərlər bir-biri ilə o qədər ziddiyyət təşkil edir ki, istər-istəməz adamda dövlət orqanlarına inamsızlıq yaranır. Məhz, bunun nəticəsidir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bir məlumat yayan kimi, insanlarda buna böyük bir şübhə yaranır. Bir deyir: “məlumat yalandır”, o biri deyir: “düzdür, amma say çox azaldılıb”, üçüncü isə deyir ki, “ümumiyyətlə bu baş verənlər Çinin və ABŞ-ın Rusiyanın zəiflədiləməsi üçün atdığı bir addımdır, bunun da altını digər ölkələr çəkir”.

Operativ Qərargah xüsusi rejimlə bağlı açıqlama verib - VİDEO

Son məlumata görə, Azərbaycanda 13 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər həyatını itirib. Üstəlik, son həftə ərzində 755 yoluxma qeydə alınıb ki, bu göstərici də bütün həftələrə nəzərən ən yüksək göstəricidir.

 

Artıq ikinci aydır ki, Azərbaycan cəmiyyəti gündəlik olaraq Operativ Qərargahdan bu tipli məlumatları alır, yalnız rəqəmlər dəyişir. Son məlumata görə, ölkədə 235 mindən çox insanda koronavirus testi keçirilib. Və bu sahədə dövlət qurumlarının fəaliyyəti doğurdan da təqdirəlayiqdir.

 

İndi bilmirik ki, bu qurumlar doğrudan xəstəliklə mübarizə aparır, yoxsa başqa hansısa məcburiyyət var… Aamma adamın Allahı olar, adamlar həqiqətən işləyirlər. Və bu iş təkcə, günaşırı yüksək səlahiyyətli şəxslərin koronavirusla necə mübarizə aparmalarına həsr olunan brifinqlərdən ibarət deyil: küçələrdə polislər insanları cərimə edirmi-edir, həkimlər virusla mübarizə üçün növbəyə çıxaraq, söz verilən üçqat-beşqat maaş yerinə hər növbə üçün 17 manat 60 qəpiyə işləyirmi-işləyir, 5 qəpiyə illərlə satılmayan maskalar 30 qəpiyə satılırmı-satılır, Avropada illərdir yaşayanların adları 190 manat alan insanların siyahısında çıxırmı-çıxır, küçələri dezinfeksiya edən maşınlar zəhərli mayeləri açıq aynalardan avtobuslarda gedən insanların üzərinə səpirmi-səpir. Daha nə istəyirsiniz?!

 

Əslində, mövzumuz tam olaraq bu da deyil. Belə ki, bu gündən etibarən koronavirusla mübarizədə ön plana TƏBİB, DİN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi deyil, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çıxmalıdır. Ki, insanların dövlət orqanlarının fəaliyyətinə inamı ölməsin. Axı niyə?! İzah edim.

 

Yeyib-içən millətik biz. Dünəndən başlayaraq kafe-restoran həvəskarlarının iki aylıq həsrətinə son qoyulmasını bir çoxları ölkənin koronavirusdan qurtulmasının ilkin əlamətləri kimi qəbul edirlər. Bəli, artıq saat 8-dən 18-ə qədər də olsa, insanlar yenidən bir araya toplanacaqlar. Ola bilər ki, mayın 31-dən sonra vaxt qadağası ümumiyyətlə aradan qalxsın. Amma, Operativ Qərargah üzvlərinin də dediyi kimi, Azərbaycan koronavirusla mübarizəni hələ ən azı ilin sonuna qədər aparacağı üçün, kafe və restoranlar xüsusi qayda ilə işləyəcək. Ən əsası, masalar arasında 2 metrlik, eyni masa arxasında oturanlar arasında isə 1 metrlik məsafələr qorunacaq. Bəlkə də bahalı və iri restoranlar üçün bu, faciə deyil, amma şəhərdə əksəriyyət təşkil edən xırda kafelər üçün bu qayda müştərilərin 50% azalması demək olacaq.

 

Bundan əlavə, iki aydır ki, insanlar işləmədikləri üçün, kafe sahibləri də müştəriləri qaçırmamaq xatirinə qiyməti qaldırmayacaqlar. Bəs, onda itirilən gəlirləri necə bərpa edəcəklər? Qalır bir yol – ucuz məhsul almaq. Şükür ki, yazdır, göy-göyərti, pomidor-xiyar ucuzlaşmağa doğru gedir. Amma sahibkarlar ət, balıq, toyuq ətinin nisbətən ucuz, yəni keyfiyyəti aşağı olan variantlarını axtaracaqlar ki, əvvəlki qədər qazana bilsinlər.

Rüyada Sofra Görmek Ne Anlama Gelir?

Bax, AQTA burada lazım olacaq. Çünki, atalar demiş, ucuz ətin şorbası olmur. Kafelərdə ucuz ətdən yeyib, üstündən mənşəyi bilinməyən araqdan salamatlığımızın eşqinə sağlıq deyərək, oradan da zəhərlənmə diqanozu ilə, koronavirusa görə dolub-daşan xəstəxanalarımıza aparılmamaq – cəmiyyətə və dövlətə əlavə problem yaratmamaq üçün AQTA ciddi yoxlamlara başlamalıdır. Özü də bu qurumun əməkdaşları, hamının gizlənməyə çalışdığı vergi müfəttişləri rolunu oynamamalı, sadəcə sahibkarı cərimə etməklə kifayətlənməmlidir. Əməlli-başlı təbliğat aparılmalı, sosial çarxlar çəkilməli, əhaliyə izah olunmalıdır ki, ay insanlar, Dionis və Baxusun dünyasında bir neçə saatlıq yaşamaq üçün sağlamlığınızı güdaza verməyin. Çünki, qida zəhərlənməsi koronavirus təhlükəsi deyil - nə onun müalicəsini dövlət üzərinə götürəcək, nə də xəstəni maska xilas edəcək.

 

Odur ki, ümid qalır AQTA-nın vicdanına. İndi onlar fikirləşməlidir: Necə işləsinlər ki, həm sahibkarları çökdürməsinlər, həm də insanların kütləvi zəhərlənməsinin qarşısını alsınlar. Əsas olan insanın dövlətə inamının ölməməsidir. Yaşayaq, görək...

Müəllif: Yoldaş Mircəfər