Nazirliyin qarşısında özünü yandırmağa cəhd edən şəxs saxlanılıb

Hadisə

05.12.2019 - 17:12

“Fövqəladə Hallar Nazirliyini şantaj etməyə çalışan Rəşad Cahangirovla bağlı araşdırma başlayıb”

 

“5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd edib. Lakin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının müdaxiləsi nəticəsində vətəndaş Rəşad Cahangirov özünü yandırması fikrindən daşınıb və o, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib”.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Məlum olub ki, vətəndaş Rəşad Firidun oğlu Cahangirov bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar olaraq atası – Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında daimi qeydiyyatda olan, lakin hazırda Rusiya Federasiyasında yaşayan Firidun Bəybala oğlu Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən evin sökülərək yenidən tikilməsi tələbi ilə özünü yandırmağa cəhd edib.

 

Nazirlik qeyd edir ki, bu ilin noyabr ayının 27-də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun mühəndislərindən ibarət komissiya tərəfindən Rəşad Cahangirovun atası Firidun Cahangirova məxsus Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında yerləşən adıçəkilən evə baxış keçirilib və evin yalnız bərpaya ehtiyac olması barədə akt tərtib edilib: “Rəşad Cahangirova bildirilib ki, 27 noyabr 2019-cu il tarixli akta əsasən, atası Firidun Bəybala oğlu Cahangirova məxsus yuxarıda göstərilən fərdi yaşayış evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib və qısa müddətdə bununla bağlı bütün lazımi tədbirlər görüləcək. Əvvəlcə bununla razılaşan, lakin sonradan fikrini dəyişən R.Cahangirov podratçı təşkilat tərəfindən müvafiq tədbirlər həyata keçirilən zaman atasına məxsus adıçəkilən fərdi yaşayış evinin qəzalı olduğunu iddia edərək bərpa işlərinin aparılmasına maneə törədib, bərpa işlərinin dayandırılmasına səbəb olub”.

 

“Evin sahibi, hazırda Rusiya Federasiyasında yaşayan Firidun Cahangirov evinin bərpa olunmasına razılıq verdiyi halda, oğlu Rəşad Cahangirov əsassız olaraq özünə deyil, atasına məxsus evin bərpa deyil, sökülərək yenidən tikilməsini tələb edir. Rəşad Cahangirov adıçəkilən evdə daimi yaşayış olduğunu bildirsə də, araşdırmalar nəticəsində məlum olub ki, bu evdə yaşayış mövsümü xarakter daşıyır. Beləliklə, özünü yandırmağa cəhd nümayiş etdirməklə Fövqəladə Hallar Nazirliyini şantaj etməyə çalışan Rəşad Cahangirov saxlanılaraq, barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”, - deyə FHN-dən bildirilib.

Müəllif: Ayna.az