Nazir pensiya yaşı ilə bağlı danışıb

Cəmiyyət

27.11.2023 - 19:47

Nazir: "Mövcud pensiya yaşını məqbul hesab edirik"

"Bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63,5 ildir".

AYNA APA-ya istinadən xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bir insanın orta hesabla 12 il pensiya alması nəzərdə tutulur: “Amma bu gün bizim orta müddətimiz 14 ildir. Bu da deməyə əsas verir ki, biz humanist yanaşma tətbiq edirik. Yəni 12 il deyil, 2 il də artıq – 14 il pensiya alırlar. Pensiya yaşının azaldılması, beləliklə də pensiya alınması müddətinin daha da artırılması pensiya fondunun kəsrinin yaranmasına, bunun üçün əlavə vəsaitlərin cəlb olunmasına, dayanıqlığa müəyyən təhlükə yarada bilər. Eyni zamanda əlilliyi olan insanların pensiya çıxmasında yaş tələbi yoxdur. Ailə başçısını itirməyə görə pensiya alınmasında da yaş məhdudiyyəti müəyyən olunmayıb. Yəni bu gün real pensiya yaşımız 65 və 63,5 ildən 2 il azdır. Beləliklə, normativ yaşla real yaşı müqayisə etsək, 2 il fərq var. Pensiya yaşının dəyişdirilməsi, azaldılması mümkündürmü? Əlbəttə, mümkün olmayan heç nə yoxdur. Amma bu zaman 25 illik staj tələbi 30-35-40 ilə qaldırılmalıdır, yaxud 25 % aylıq sosial sığorta ödənişi 30-35%-ə qaldırılmalıdır. Bu, müəyyən ölkələrdə tətbiq də edilir. Mövcud şərtlər daxilində yenidən pensiya yaşının azaldılması sadəcə, pensiya hesablamalarının daha da pisləşməsinə səbəb olacaq. Bizim əksinə, müdafiə etdiyimiz siyasət sosial sığortaya əsaslanan pensiya sisteminin inkişaf etdirilməsidir. Ona görə də mövcud pensiya yaşını məqbul hesab edirik”.

Müəllif: Ayna.az