Sabiq Prezident hakim partiyanın rəhbərinin səlahiyyətlərini Tokayevə verdi
"Qazaxıstan məsuliyyətli qərarlar tələb edən qlobal transformasiya dövrünə qədəm qoyub". AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Qazaxıstanın sabiq Prezidenti - Elbaşı Nursultan Nazarbayev hakim "Nur Otan" Partiyasının növbədənkənar qurultayında deyib.
“Böyük məqsədlərə cəmiyyətin konsolidasiyası, eləcə də dövlətdə əmin-amanlıq, sabitlik və harmoniya şəraitində nail olunur. 30 illik müstəqilliyimizin təcrübəsi bunu əyani şəkildə təsdiq edir. Bu gün biz müstəqilliyimizin dördüncü onilliyinə qədəm qoyduq. Bu, qlobal transformasiyalar, mürəkkəb və məsuliyyətli qərarlar dövrüdür”, - deyə Elbaşı söyləyib.
Qurultayın qərarı ilə o, hakim partiyanın rəhbərinin səlahiyyətlərini ölkənin hazırkı Prezidenti Qasım-Comərt Tokayevə verib.
Qeyd edək ki, Tokayev bundan əvvəl Nazarbayevin digər vəzifələrini də tutub. Xüsusən də, ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edib. Keçmiş ölkə rəhbərinin yaxınları da mövqelərini itiriblər.