Gənc əsgərlər hərbi andı qəbul ediblər
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlər hərbi andı qəbul ediblər. Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib.
AYNA-nın xəbərinə görə, Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən bildirilib ki, Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tamhüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıblar.
Sonra Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrikdə hərbi andı qəbul edən gənclərimizin əsgər adını şərəflə daşıyacaqlarına, Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarına və uğurlu döyüş növbətçiliyi aparacaqlarına inam ifadə olunub.
Sonda şəxsi heyətin təntənəli keçidi olub.