Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünü saxlayıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi VAZ-2111 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkaranə və kobud şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib.
M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, RPŞ-yə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən olunub.
Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.